Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana ikigünlək rəsmi səfər etdi. Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərdə tərəflər iki ölkə arasında münasibətlərin səviyyəsindən razılıq ifadə etdilər.
Müzakirələrdən sonra Azərbaycan üçün ən önəmli məsələ – Ermənistanla münasibətlərin normallaşması, Zəngəzur dəhlizinin açılması, Laçın yoluna nəzarət və sülh sazişinin imzalanması ilə bağlı Moskvanın Azərbaycanın həyati maraqları ilə tam uzlaşmayan yanaşmasında elə də ciddi dəyişikliyin baş vermədiyinin şahidi olduq.
Qeyd edək ki, Ukranyada başlayan müharibə fonunda son bir ildə Cənubi Qafqazda Qərb tərəfindən Rusiyanın maraqlarına ciddi zərbələr vurulur. Bu prosesin baş aktoru isə indiyədək bölgədə Kremlin forpostu sayılan Ermənistan və Paşinyan hökumətidir. Təsadüfi deyil ki, Lavrovun Bakı səfəri Rusiyanın öz vilayəti kimi gördüyü Ermənistana Avropa "müşahidə missiyası"nın fəaliyyətə başlaması ilə eyni vaxta təsadüf etdi. Bu missiyanın əsas fəaliyyət məqsədinin nə olduğu isə Moskvaya çoxdan bəllidir - Ermənistanda Rusiyanın hərbi mövcudluğuna son qoymaq, təsir rıçaqlarını minimuma endirmək.
Hadisələrin belə inkişafı fonunda bəzi ekspertlər sülh sazişinin imzalanması, Laçın yoluna nəzarət kimi məsələlərdə Rusiyanın Ermənistanı cəzalandırmaq üçün Azərbaycanın yanında yer alacağını, ən azından belə görünməyə çalışacağını proqnozlaşdırırdılar. Lakin Lavrovun açıqlamaları bu pronozları doğrultmadı. Rusiyanın baş dilomatı Bakıda "Avropa müşahidəçilər"inin əleyhinə gen-bol bəyanatlar versə də, digər məsələlərdə erməniləri "incik salmamaq" üçün onların maraqlarına uyğun fikirlər səsləndirdi. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, Moskva yenə də özünün ənənəvi "separatizmi dəstəkləmək" yanaşmasından əl çəkməyib.
Ekspertlər də Lavrovun səfərinə məhz bu məqamlardan yanaşırlar.
“Lavrovun Azərbaycana mütərəqqi ideyalarla səfər etməsinə inanmıram. Rusiya bugünkü reallıqlar fonunda Azərbaycandan nələrsə istəyə bilər. Halbuki, üçtərəfli sazişə əsasən dəhlizlərin açılması və digər məsələlər məhz Rusiyanın məsuliyyəti daxilində olsa da, bunları reallaşdıra bilmir”.
Bunu hafta.az-a siyasi şərhçi Əli Mustafa Rusiya xarici işlər naziri Sergey Lovrovun Avropa İttifaqının Ermənistana irəli sürdüyü ultimatumlar ərəfəsində Bakıya səfərinin səbəbləri ilə bağlı açıqlamasında bildirib.
Ə.Mustafa hesab edir ki, bu səfər Rusiyanın dünyadan təcrid olunduğu bir şəraitdə immitasiya xarakteri daşıyır:
“Rusiya göstərmək istəyir ki, heç də dünyadan təcrid olunmayıb, qonşu dövlətlərlə sıx əlaqələr saxlayır, əməkdaşlıq edir”.
O, hesab edir ki, Lavrovun Bakı səfərinin məhz Avropa İttifaqının Ermənistana ultimatum göndərməsi ilə üst-üstə düşməsi təsadüfi deyil. Avropa İttifaqı bu tələbində haqlıdır. Ermənistan tərəfi həm Avropa, həm də Rusiya ilə oyun oynayır:
“Anlaşılan odur ki, artıq ermənilərin də manevr imkanları məhdudlaşır. Əslində bu, Ermənistanın maskasının düşməsini sürətləndirən bir məsələdir. Avropa İttifaqı yaxşı bilir ki, KTMT-dən çıxmaq Rusiya ilə açıq münaqişədir. Rusiya Ermənistandan güclüdür, üstəlik, orada hərbi bazası var. Ermənistan iqtisadiyyatının yarısından çoxu Rusiyanın nəzarətindədir. Yəni bu və ya digər formada Ermənistan Rusiyanın dotasiyasındadır. Ermənistan da başa düşür ki, Qərb uzaqdadır, perspektivlidir, amma real deyil. Ona görə də ermənilər hələ bir müddət tərəddüd edəcəklər və Rusiyanın zəifləməsinə uyğun olaraq ondan uzaqlaşacaqlar. Belə bir şəraitdə Rusiya Ermənistana çox şey edə bilər. Avropanın Ermənistanla sərhədə gətirdiyi mülki missiya bununla bağlıdır. Lavrovun belə bir fonda Bakıya səfəri bu prosesdə Ermənistana xəbərdarlıq da ola bilər”.
“Lavrovun Bakı səfəri mənfi çalarlarla yadda qaldı. Bununla yanaşı, Laçın yolu ilə bağlı Lavrovun dediklərinin heç bir məntiqi əsası yoxdur. Lavrov başqa bir ölkənin daxili işlərinə qarışa bilməz”.
Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Rusiya xarici işlər naziri Sergey Lavrovun “Laçın yolu humanitar məqsədlər üçün açıq olmalıdır”, – fikirləri ilə bağlı açıqlamasında bildirib.
M.Əsədullazadə bildirib ki, Lavrovun Azərbaycan səfəri ilə bağlı müsbət gözləntilər yenə suya düşdü. Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqının missiyasını sərhədə daşıması və bu fonda Rusiyanın nüfuzunun gücləndiyini nəzərə alsaq, Rusiya Laçın yolu və Qarabağda baş verənlərlə bağlı Azərbaycana üstünük verdiyini göstərməli idi:
“Amma biz bunun tərsini gördük. Rusiya yenə də anti-Azərbaycan mövqeyini ortaya qoydu, yenə də “Laçın yolundan maneəsiz keçid”in təmin edilməsi istəyi ilə ermənilərin könlünü almağa çalışdı. Bu o deməkdir ki, Rusiya Laçın yolunun əvvəlki vəziyyətə gətirilməsini istəyir. Yenə də silah-sursatın daşınmasını, Azərbaycana qarşı separatizmin davam etməsində maraqlıdır. Azərbaycan müstəqil bir dövlətdir və təbii ki, real vəziyyətə uyğun olaraq addımlayacağı hədəf bəllidir. Regionda marağı olan bu cür dövlətlərin məntiqsiz çıxışları da qaçılmazdır”.
“Lavrov sadəcə olaraq öz ölkəsinin mövqeyini bildirib və təbii ki, bu məsələdə Azərbaycanla Rusiya arasında fikir ayrılıqları var. Heç kəs bizə öz ölkəsinin maraqlarını diqtə edə bilməz”.
Bunu isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib.
M.Məmmədli qeyd edir ki, Rusiyanın Laçın yolu ilə bağlı bu yanaşması Azərbaycanın mövqeyinə ziddir. Bu yaxınlarda cənab Prezident Münhen Təhlükəsizlik Konfransında çıxış edərək demişdi ki, Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasını təklif edib.
Politoloq qeyd edir ki, üçtərəfli sazişdə nəzarət-buraxılış məntəqəsinin yaradılması yer almasa da, mövcud reallıqlar digər addımların atılmasını tələb edir:
“Təbii ki, Azərbaycanı özünün milli, dövlət maraqlarından çıxış edir. Rusiya Laçın yolunda sərhəddə buraxılış məntəqəsinin yaradılmasına razı deyil”.