Maddi yardım alanlar Prezidentə təşəkkür edirlər

14:11 14.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödənişin verilməsini davam etdirir. Bu günə kimi 75 min nəfərə birdəfəlik 190 manat yardım ödənilib. Qeydiyyat müddəti aprelin 20-ə qədər davam edəcək.

Birdəfəlik 190 manat alan şəxslərdən biri də Yardımlı rayon sakini Gülali Hadiyevdir. O, bildirir ki, "sms" lə xəbərdarlıq gəlib:

"Azərpoçt"dan alacağımızla bağlı xəbərdarlıq gəlmişdi. Mən özüm işsizəm. Bu yardımın olunmasına görə dövlət başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm. Karantinə görə evdən çıxmırıq. Belə olan halda vəziyyət pisləşir. Maddi vəziyyətim də yaxşı deyil. Bu 190 manat hələlik kömək edəcək. Mənim kimi adamlara bu vəsaitin verilməsi müsbət haldır. Minnətdarlığımızı bildirirəm".

Daha bir Sumqayıt şəhər sakini Türkan Ağayeva isə telefonuna gələn bu mesajla sevincinin həddi-hüdudunun olmadığını dilə gətirir:

"İki uşağım var. Yoldaşım və özüm işsizəm. Biz də bu xəbərləri eşidəndən sonra qeydiyyatdan keçdik. Heç gözləmirdim. Amma gələn mesaj hər şeyi dəyişdi. Sevindim. Gedib poçtdan pulu götürdük. Çox sağ olsun dövlətimiz, çox sağ olsun Prezidentimiz İlham Əliyev. Hər zaman xalqın qayğısına qalır".