Malıbəyliyə döyüşçü kimi döndüm - Azay Kərimov

12:06 05.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit, polkovnik Azay Kərimovla hafta.az üçün budəfəki söhbətimizdə  gözləmədiyimiz halda məlum oldu ki,  o, Azərbaycan Ordusunun separatçı-terrorçuları torpaqlarımızdan təmizləmək üçün keçirdiyi son əməliyyata da qatılıb və 31 il öncə məcburən, amma son gülləsinədək döyüşərək tərk etdiyi doğma kəndini bələdçi və döyüşçü kimi ziyarət edə bilib. 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinin 6500-dən çox sakininin mühasirədən çıxarılması, soyqırımından qurtulması üçün komandiri olduğu taborun döyüşçüləri ilə bərabər böyük qəhrəmanlıq göstərmiş zabitimiz son əməliyyatda iştirakı haqda danışmaqla yanaşı, həm də bu gün Qarabağın dağlıq hissəsində baş verənlərlə 1988-1991-ci illərdə – yenə də rus-sovet hərbçilərinin orada olduğu dövrdə cərəyan edən olaylar arasında paralellər apardı...

 - Doğma Malıbəyli kəndinin düşməndən azad olunmasını hansı təəssüratlarla qarşıladınız? Heç xəbəriniz varmı ata yurdunuzun halından?

- İlk olaraq sizə bir maraqlı və gözlənilməz məlumat verim: mən artıq doğma kəndimi ziyarət edə bildim. Özü də elə ordumuzun bir kəşfiyyatçı zabiti kimi... Silahlı Qüvvələrimizin komandanlığının məsləhəti ilə mən bir bələdçi, həm də sıravi döyüşçü kimi erməni separatçılarının təmizlənmə əməliyyatında iştirak etdim. Bir qrup xüsusi təyinatlı hərbçimizin önündə heç bir güllə atmadan, heç bir şəhid vermədən, heç bir yaralı olmadan Malıbəyliyə geri döndüm. 31 il 7 ay öncə döyüşçü, komandir kimi düşmən qüvvələrinin çoxluğu və kəndi mühasirəyə almaqları səbəbindən, həm də dinc həmkəndlilərimi, soydaşlarımı xilas etmək məqsədi ilə düşmənlə döyüşə-döyüşə çıxmağa məcbur qaldığım doğma kəndə yenidən geri dönmək qəlbimdə həddindən artıq ağrı-acılı olmaqla bərabər, həm də şahanə hisslər yaratdı. Ordumuzla, dövlətimizlə, xalqımızla qürur duydum...

Ərazinin hər cığırına bələd olan bir peşəkar döyüşçü kimi hər biri bir cəngavər olan hərbçi oğullarımıza erməni terrorçularıyla hər cür döyüşə hazır vəziyyətdə əlimdə silah bələdçilik etdim. Ən qısa və təhlükəsiz marşrutla getdiyimiz yolu cəmi altı saata qət etdik. Döyüşçülərimizi elə yol, cığırlarla və əsasən daşlıq, qayalıq yerlərlə apardım ki, mina-filan olmasın. Hərbçilərimiz bir də gözlərini açdılar ki, Malıbəyli kəndinin qəbiristanlığındadırlar. Dərhal həm Malıbəylini, həm də Aşağı, Yuxarı Quşçular kəndlərini tam nəzarətə götürdük. Kəndlərə səhər tezdən, hələ dan yeri söküləndə, alaqaranlıqda girdiyimiz üçün ətrafdakı postlardakı düşmənlər yuxudan ayılıb, artıq bütün yüksəkliklərin nəzarətə keçdiyini görən kimi silahlarını atıb qaçdılar...

- Yəqin ki, Malıbəyli qəbiristanlığını darmadağın ediblər? Bəs salamat ev qalıbmı?

- Kənd qəbiristanlığını şumlayıb yerində taxıl əkiblər. Bir qəbir də qalmayıb... Düşmən Xankəndi yaxınlığında yerləşən kəndimizi də, demək olar ki, şumlayıb. Dəhşətli bir mənzərədir... Amma evləri, məktəbi, klubu və s.  dövlətimizin sayəsində bərpa edəcəyik, inşAllah... Məni bir Malıbəyli sakini, bir Azərbaycan vətəndaşı kimi mənəvi baxımdan ən çox yandıran  kəndimizdəki qədim məscidlərin ermənilər tərəfindən üçünün də yerlə-yeksan edilməsidir. Onlar XVI-XVII əsrlərə aid tarixi abidələr idi. Bu məscidlərin üçünü də Şuşadakı məşhur məscidləri tikən eyni memar tikmişdi. Onların arxitektor quruluşu, tikiliş üslubu Şuşadakı ibadətgahlarımızla eyni idi. Həmin məscidlərdən ikisinin, ümumiyyətlə, bünövrələri də yox edilib. Gözümlə gördüm... Birinin isə yalnız uçuq divarları qalıb. Bunları yaşayış evlərinin xarabalıqlarıyla yanaşı, təcili lentə alıb bütün dünyaya nümayiş etdirmək gərəkdir ki, baxın, əsil etnik təmizləmə, soyqırımı belə olur. Bu günlərdə Qarabağdan könüllü olaraq Ermənistana gedən ermənilərin birinin burnu qanayıbmı, birinin evi, mənzili yandırılıb, buldozerin qabağına verilib uçurulub-dağıdılıbmı? Xeyr. Amma bizi həm avtomat, tank qabağına qatıb çıxardılar, amansızlıqla qətlə yetirdilər, əsir götürdülər, işgəncə verdilər, həm də yurd-yuvalarımızı, məscidlərimizi, qəbiristanlığımızı yerlə-yeksan etdilər ki, nə vaxtsa Qarabağ torpağında yaşadığımız bilinməsin. Əsl etnik təmizləmə, soyqırımı, bax, budur. Qoy, bilsin və görsün, bütün beynəlxalq təşkilatlar - BMT, Avropa Birliyi, Avropa Şurası, bütün bəşəriyyət...

- Öz ata evinizin yerini tapa bildinizmi, heç olmasa?

- Bizim evin bir divarı Malıbəylinin mərkəzindəki məscidin, təxminən, 20 metrliyində idi... Möhkəm, qala kimi ev idi. Divarının qalınlığı 80 sm idi. 8 otaqlı idi... İzi-tozu da qalmayıb. Bünövrəsini də söküb-aparıblar...

- 2020-ci ilin 44 günlük savaşı bitdikdən bir neçə ay sonra, məlumat yayıldı ki, hazırda artıq Bakıda DTX türməsində yatan separatçıbaşı Araik Arutyunyan Malıbəyli ərazisində Şuşa və Hadrutdan köçmüş hayları köçürmək üçün binalar tikdirir. Doğrudan da orada yeni binalar tikilibmi?

- Xankəndi ilə Malıbəylinin arasından Qarqar çayı keçirdi. Ermənilər yeni binaları kəndimizin ərazisində, amma təxminən 1 km aralıda Qarqarın sahilində Xankəndiyə çox yaxın yerdə tikiblər... Özü də əsasən 1988-1989-cu illərdə Bərdədəki tikinti idarələrindən birinin Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımız üçün tikdiyi binaları bərpa ediblər. Özləri az sayda yeni bina tikib...

- Ermənistana köçmüş ermənilərdən qayıdıb-gələn olacaq geri – Qarabağa?

- Məncə, gedənlərin heç biri geri qayıtmayacaq. Hazırda qalanların da çoxu çıxıb-gedəcək. Onlar da əlacsızlıqdan qalıblar Qarabağda... Qarabağda sovet dövründən olan ermənilər yaxşı bilirlər ki, azərbaycanlılara qarşı olmazın vəhşiliklər ediblər. Bunların qisasının hamısından alınacağının xofu onları basır. Xankəndinin özündə, ətrafındakı Ballıca kəndi (Xocalıdan əsir götürdükləri qadınlı-kişili 150 soydaşımızı məhz orada amansızlıqla edam etmişdilər), terrorçu Vaqif Xaçaturyanın süləndiyi Badara kəndi və s. – hamısı azərbaycanlılara zülmlər verib. Oradakı ermənilər necə cəsarət edib burada qalarlar, yaxud geri qayıdarlar? Eləcə də Xocavənd rayonunun 1991-ci il 20 noyabrda vertolyotumuzun vurulduğu Qarakənd kəndinə hansı erməni ürək edib qayıda bilər?..

Təsəvvür edirsiniz, onlar Xankəndidən çıxarkən, demək olar ki, bütün evlərə gizli partlayıcı qurğular yerləşdiriblər. Çoxunda, hətta hər otağa, pəncərələrə, hamama, ayaqyoluna, mətbəxə, şərab, içki saxladıqları dolablara, ərzaq saxladıqları anbarlara və s. qumbaralar-filanlar bağlayıblar. Sanki bütöv bir hərbi hissənin partlayıcılarını Xankəndidən çıxacaq haylara paylayıblar. Ola bilər ki, onların əvvəldən özlərində olub həmin partlayıcılar. Mən hələ 1990-cı illərdə deyirdim ki, Qarabağda silah-sursatı olmayan bir erməni tapmazsan...

- Necə hesab edirsiniz, Qarabağda hələ də haradasa separatçı məmurların, komandirlərin gizlənməsi mümkündürmü?

- Kəndimizdə və Xankəndinə yaxın digər ərazilərdə olduğumuz müddətdə Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Vitali Balasanyan kimi separatçı liderlərin harada gizlənə biləcəyini də düşünürdüm. Belə qənaətə gəldim ki, çox güman, həmin separatçıbaşılar Əsgəranla Xankəndi arasında naqolay, dalda bir yerdə  yerləşən, xəritəyə də düşməyən Həsənabad kəndində gizləniblər. Maraqlıydı ki, Şuşadan da, Ağdamdan da “Qrad”, yaxud top atanda oraya çatmırdı. Çox insanın ağlına gəlmir ki, orada belə bir kənd var. Həsənabad Xocalı rayonuna aid bir məntəqədir.  Ermənilər yaşayırdı orada. Kəndin yaxınlığında Ceyran gölü adlanan kiçik göl də var. Hələ 1991-1992-ci illərdə Xankəndi, Əsgəran artilleriya, aviasiya zərbələrinə məruz qalanda Köçəryan, Sərkisyan, Balasanyan və digər liderlərin hamısı gedib orada gizlənirdi. Həsənabadda onların gizli yeraltı bunkerləri, tunelləri var idi. Xankəndidən oraya avtomobillə cəmi 9-10 dəqiqəlik yoldur. Lazım olanda tez  gedib-qayıdırdılar. Buna nail ola bilməmişdim. Orada yerli sakin çox az idi, əsasən, Ermənistandan və xaricdən gətirilmiş peşəkar yaraqlılar toplanmışdı Həsənabada... Onlar həbs edilməmişdən belə düşünürdüm ki, separatçı-terrorçu rejimin keçmiş qondarma “prezident”ləri Araik, Bako, Arkadi, eləcə də Vitali Balasanyan və s. məhz dediyim kənddəki sığınacaqlarda gizlənirlər. Ola bilsin,  əgər ordumuz  həmin kəndi hələ nəzarətə götürməyib, həmin gizli sığınacaqları aşkarlamayıbsa, Vitali Balasanyanın da, digər terrorçu hayk komandirlərinin və s.  məhz Həsənabadda gizləndiklərini ehtimal etmək olar...

Məni bir hərbçi, həm də bir qarabağlı köçkün kimi daha çox yandıran Samvel Babayanın aradan çıxıb Ermənistana qaça bilməsi olub. Gərək, düzünü deyəsən, 1987-1988-ci illərədək Qarabağda, nadir istisnalarla, erməni və azərbaycanlılar bir-birinə “can” deyib, “can” eşidirdi. Azərbaycan torpaqlarında iki millətin arasını qızışdıran Zori Balayan, Köçəryan, Sərkisyanla yanaşı, həm də Samvel Babayan olmuşdu. Bunların hamısı Moskvanın, “KQB”nin agentləri idi. Odur ki, Samvel Babayanı cəzasız buraxmaq bizim üçün böyük günahdır. Hesab edirəm ki, Balayan, Köçəryan və Sərkisyanla birlikdə, Babayanı da Ermənistanda tələb etmək lazımdır...

- İnşAllah, doğma Malıbəyliyə köçəndən sonra Xankəndidə ermənilər yaşadığını bilə-bilə orada yaşamağı qəbul edə biləcəksinizmi?

- Mən 35 ildən çoxdur, Qarabağ savaşlarının od-alovunu yaşamış, hər cür əzabını görmüş bir  qarabağlı, bir köçkün,  həm də bir zabit olaraq ermənilərlə barışmayacağam. Kim barışır, barışsın. Onların vasitəsilə törədilmiş bu hadisələr mənə o qədər od qoyub ki... Mənim əmim oğlu, dayım oğlu, neçə dostum, döyüş yoldaşlarım şəhid olub, şikəst olub ermənilərlə döyüşlərdə... Ona görə də mən yaxınlığımda, qonşuluğumda ermənilərin varlığına dözməyəcəm. Daha təfərrüatı açıqlamıram. Yəqin ki, məni anladınız...

- Hazırda Xankəndidə Azərbaycan polisinin sülhməramlılarla birgə patrul xidməti aparması 1989-1990-cı illərdə  münaqişənin başladığı ilk vaxtlarını xatırladır. O zaman da yalnız Xankəndidə deyil, digər məntəqələrdə rus hərbçilərlə azərbaycanlı milis adlanan polisləri təmin edirdi. O vaxtın təcrübəsi nə göstərir: Rusiya hərbçilərinə etibar etmək olar?..

- Xeyr, əlbəttə ki, etibar etmək olmaz. Əvvəlki söhbətlərimizdə hələ 1990-1991-ci illərdə sovet-rus hərbçilərinin bir arağa görə hansı tərəfə desən, atəş açmaqları barədə çox misallar çəkmişəm...

- Oktyabrın 2-də birgə patrul xidmətinə atəş açılıb. Görəsən, bunu doğrudan da hansısa revanşist separatçı edib? Bəlkə Rusiya tərəfi təşkil edib ki, bu torpaqlarımızda öz varlıqlarının “zəruriliyi”ni isbatlasınlar?

- O da ola bilər. Çox güman ki, hansısa ürəyi həm Azərbaycana, həm Rusiyaya qarşı nifrətlə dolu olan separatçı erməni güclü alkoqol təsiri altında bunu etsin... Bütün hallarda mən də hesab edirəm ki, Qarabağda Rusiya “sülhməramlı”larının varlığına indi, ümumiyyətlə, ehtiyac yoxdur...

- Tutaq ki, Ermənistana köçmüş ermənilərdən 15-20 mini qayıtdı gəldi Qarabağa. Sizcə, Rusiya hərbçiləri orada qalsa, daha çox problem yaranacaq, yoxsa getsə?

- Əlbəttə ki, qalsalar... Getsələr, o qalan ermənilər qarşımızda quzuya dönüb başlarını aşağı salıb sakitcə yaşayacaqlar. Ruslar bir neçə il də qalsa, həmin 20 min erməninin içindən azı iki minini qızışdırıb yenə bizə silah tuşladacaqlar. Keçmişdən bir misal çəkim; 1988-ci ilin fevralında,  yəni ermənilər Xankəndidə ilk mitinqlərə başlayandan sonra onların arasındakı tanışların söylədiklərinə görə çox qorxurmuşlar. Azərbaycan Hökuməti ilk günlər şəhərə bir alay miqyasında silahlı milis yollamışdı. Həmin vaxt ermənilərin əksəriyyəti Xankəndidəki, Kərkicahandakı azərbaycanlılar arasından özlərinə dost-tanış axtarırdılar ki, əgər milislər tərəfindən ciddi təqiblər olsa, ya həmin tanışların kölgəsinə sığınsınlar, ya onların evlərində gizlənsinlər, yaxud Ermənistana qaçsınlar. Yəni real vəziyyət belə idi. Ermənilərin xeyli hissəsi Azərbaycana qarşı vuruşmaq istəmirdi. Həmin Moskvanın agentləri olan Köçəryanın, Sərkisyanın, Samvel Babayanın xüsusi dəstələri şəhərlərdə, kəndlərdə ev-ev gəzib erməniləri zorla mitinqlərə çıxmağa, davaya təhrik edirdilər, tabe olmayanların arvadlarını, qızlarını zorlayırdılar, uşaqlarını  oğurlayırdılar... Bu minvalla ermənilər kütləvi şəkildə Azərbaycana qarşı qalxmağa başladı. Sonradan Kremldən – Qorbaçovdan Azərbaycan Hökumətinə göstəriş gəldi ki, “aşkarlıq, demokratiyadır”. Xankəndidə, Hadrutda mitinqə çıxan erməniləri milis həbs etməsin. Bundan sonra, artıq separatçı dalğanın qarşını almaq mümkün olmadı... Odur ki, ermənilər Qarabağda qalsa da, qalmasa da, Rusiya hərbçiləri torpağımızdan çıxmalı və ümumiyyətlə, ermənilərlə münasibətlərimizə müdaxilə etməməlidir...