Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ersoy sosial media hesabından verdiyi açıqlamada mədəni irsi qoruduqlarını bildirib.
Hafta.az-ın yazdığına görə, nazir deyib ki, qətiyyətli təşəbbüsləri və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqları sayəsində eramızdan əvvəl 530-cu ilə aid nadir tunc taxt C.Paul Getti Muzeyindən Türkiyəyə qaytara biliblər.
Əsərlərin geri qaytarılması zamanı fədakarlıqla çalışan Getty Muzeyinə və Mədəni İrs və Muzeylər Baş İdarəsinin əməkdaşlarına təşəkkür edən Ersoy, "Birgə çalışaraq mədəni dəyərlərimizi qorumağa və gələcək nəsillərə ötürməyə davam edəcəyik" deyib.
Qeyd edək ki, tarixi əsər qeyri-qanuni qazıntılar zamanı tapılıb və xaricə qaçırılıb.
Nazirlikdən verilən açıqlamaya görə, J. Paul Getty Muzeyi sözügedən əsəri 1982-ci ildə İsveçrə sənət dilerindən alıb.
Bununla da bu il Türkiyəyə gətirilən əsərlərin sayı 36-ya çatıb. 2018-ci ildən indiyədək ölkəyə ümumilikdə 7840 əsər qaytarılıb. 2002-ci ildən bu yana isə toplam 12155 əsər Türkiyəyə gətirilib.
Geri qaytarılan tunc taxt bu gün çox nadir mebel növü kimi diqqət çəkir. O dövrə aid tarixi rəsmlərdə və saxsı qablar üzərində təsvirlərdə görünən bu cür taxtlardan qədim zamanlarda gündəlik həyatda istirahət və yemək üçün istifadə olunurdu.
Tökmə tunc ayaqları və relsləri olan dəmir skelet üzərində qurulmuş taxt, deşikli mis lövhələrdən ibarətdir. Bu, o dövrdə adətən ağacdan hazırlanmış taxtların bürünc nümunəsini təmsil edir. Onun döndərilmiş ayaqları, künclərdə çıxıntıları və yastıqları dəstəkləyən şəbəkəli səthi var.