Manqal mövsümü başladı: Ətin qiyməti qalxdı

09:47 29.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Kənd Təsərrüfatı Nazirliyi ətin qiymətinin artımını mövsümi tələbatın artması ilə əlaqələndirib. Bildirilir ki, havalar isindikcə vətəndaşlar manqal üçün daha çox ət tələb edir ki, bu da qiymət artımına səbəb olur.

Hafta.az-ın yazdığına görə, heyvandarlıq və quşçuluq məhsullarının 4 faiz artması da qiymət dinamikasına təsir edir. 2024-cü ildə kabablıq ağ və qırmızı ətin qiymətlərində 11 faiz artım olub.

Digər tərəfdən, Kənd Təsərrüfatı Nazirliyi şəkərin qiymətində 0,3 faiz, birinci və ikinci dərəcəli toyuq yumurtasının qiymətində isə müvafiq olaraq 2,8 və 2,7 faiz ucuzlaşma qeydə alıb.

Nazirlik Rusiyada şəkərin qiymətinin dünyada ən aşağı səviyyədə olduğunu vurğulayıb.

Ərzaq bazarında vəziyyətin ümumilikdə sabit olduğunu bildirən nazirlik ötən il soğanın 23,9 faiz, qarabaşaq yarmasının 15,2 faiz, kartofun 5,8 faiz, əriştənin 1,7 faiz, günəbaxan yağının 0,3 faiz ucuzlaşdığını bildirib.

Xiyar və pomidorun da qiymətində ucuzlaşma olub. Onlar həftə ərzində müvafiq olaraq 9,6 faiz və 10,9 faiz ucuzlaşıb. Bunun səbəbi həmin məhsulların tədarükünün artması ilə izah edilib.

Kənd Təsərrüfatı Nazirliyi yay və payız aylarında "bütün əsas meyvə və tərəvəz növləri üzrə ənənəvi ucuzlaşma" proqnozlaşdırıb.