Bakı şəhərində gün ərzində 800 minə yaxın əhali metrodan istifadə edir. Sərnişindaşımada metronun payı çox böyükdür. Koronavirus təhlükəsi ilə bağlı Bakı Metropolitenində təhlükəsizlik tədbirləri kimi, sanitar-gigiyenik qaydalara əməl olunmaqla yanaşı, dezenfeksiya işləri də aparılır. Buna baxmayaraq sosial şəbəkələrdə metronun qapalı mühit olmasını nəzərə alaraq vətəndaşların tibbi maskalarsız daxil olmaması tələbi ilə çıxış edirlər. Bildirirlər ki, maskalar ya metropoliten tərəfindən girişdə paylanılmalı, ya da maska olmadığı təqdirdə sərnişinlər metroya buraxılmamalıdırlar.
Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov ilə əlaqə saxladıq. Qurumun sözcüsü bildirdi ki, maska taxmayan insanların metroya buraxılmaması onların hüquqlarının pozulması deməkdir:
“Bakı metrosunda bütün qabaqlayıcı tədbirlər görülür. Hər gün sanitar-gigiyenik qaydalarla təmizlik işləri aparılır. Bundan əlavə, dezenfeksiya işləri də normalara uyğun həyata keçirilir. Təşvişə səbəb olacaq bir şey yoxdur. əgər vətəndaş maska istifadə etmədən metroya daxil olursa, biz ona maska taxması üçün hökm çıxara bilmərik. “Bakı Metropoliten” QSC-nin belə bir hüququ yoxdur. Vətəndaşların hüququnu pozmaq olmaz. Operativ qərargah yaradılıb. Hər bir qabaqlayıcı tədbirlər də həyata keçirilir”.