Paytaxtın qədim yaşayış məskənlərindən biri də, Sabunçu rayonu Maştağa qəsəbəsidir. Sözügedən qəsəbədə təxminən 110 min sakin yaşayır. Qəsəbənin girəcəyindən Qəsəbə Nümayəndəliyi yerləşən binaya qədər Zabrat-Maştağa-Buzovna mərkəzi yolunun hər iki tərəfi qum bazarından tutmuş tikinti materiallarının, ərzaq məhsullarının, kənd təsərrüfatı məhsularının satışı bazarlarına çevrilib.
Hətta elə yerlər var ki, piyada yoluna kimi zəbt olunub. Bu qədər ticarət obyekti olan qəsəbə hələ də problemlər içindədir. Nə Qəsəbə Nümayəndəliyinin, nə də Maştağa Bələdiyyəsinin fəaliyyəti demək olar ki, görünmür. Sanitar təmizliyə bir o qədər də fikir verilmir.
Yolumuzu ilk olaraq qəsəbənin mərkəzindən, Heybət Heybətov küçəsindən saldıq.

Həmin küçədə yerləşən Bələdiyyə binasının ətrafı natəmizlik içində idi. Yol kənarındakı ağacların dibi boşalmadığı və suvarılmadığı üçün bir neçəsi quruyub. Azərbaycan mətbuatının əsasını qoyan Həsən bəy Zərdabinin adını daşıyan küçə də baxımsız qalıb. Dəmiryoluna yaxın ərazi böyük zibilxanaya çevrilib. Ərazi demək olar ki, süpürülmür. Məişət tullantıları atılmadığından ərazidə yandırılır.
Xalid adlı sakin deyir ki, küçəmizin yolları bərbad vəziyyətdədir. Torpaq yol olduğundan balaca külək əsən kimi tozanaq olur:
“Sakinlər öz imkanları hesabına məhəllədaxili yoların çalalarını daş, tikinti materiallarının tillantıları ilə doldursa da xeyri yoxdur. Yayda toz bizi qırır, qışda da palçıqdan, gölməçəlikdən tərpənmək olmur. Yolları təmir edən yoxdur. Bələdiyyə ancaq qapı-qapı evlərə düşüb pul yığmaqla məşğul olur”.

Mirzə və Rəhim adlı sakin dedi ki, yaşadıqları evlərin yaxınlığı zibilxanaya çevrilib:
”Məişət tullantıları atılmadığından ərazini xoşagəlməz qoxu bürüyür. Məişət tullantıları çox vaxt ərazidə yandırılır. Yağışlı günlərdə su məhəllədaxili yollarımızda dərin çalalar əmələ gətirir. Küçə ilə hərəkət etmək olmur. Qəsəbədə ancaq bir yerdə park var, o da yaşadığımız küçədən çox uzaqdır. Sakinlərin istirahəti və uşaqların asudə vaxtlarında oynaması üçün heç bir şərait, idman meydançası belə yoxdur”.

Həzi Aslanov küçəsində də olduq.
Qəhrəmanın adını daşıyan küçə tamamilə bərbad vəziyyətdədir. Baxımsızlıqdan yolları kanalizasiya, çirkab sular basır. Məhəllədaxili yollarala hərəkət etmək mümkün deyil.
Fuad adlı sakin Həzi Aslanov küçəsi 77 saylı fərdi yaşayış evində qaldığını söylədi:

”Bu küçə əzəldən necə yaranıb, elə də qalıb. Elektrik dirəkləri köhnədir, eləsi var əyilib, elektrik kabelləri, eləcə də telefon xətləri bir dirəyə bağlandığından dolaşıq vəziyyətdədir. Allah göstərməsin, əgər evlərə paylanılan elektrik naqillərinin birinin açıq yeri dəmir elektrik dirəyinə toxunsa ətrafdakı insanları elekrik cəryanı vura bilər. Kanalizasiya olmadığından yuxarı qonşuların çirkab siları boru vasitəsi ilə küçəyə, evimə tərəf axıdılır. Yayda” mavi yanacaq” olmadığından yemək bişimək üçün məcbur olub qaz balonundan istidadə edirik. Hamamın suyunu isitmək üçün gedib şam və küknar ağacının qozalarını, odun qırıntılarını yığıb gətirib yandırırıq. Halbuki Bələdiyyəyə vergi pulu ödəyirik. Bunun müqabilində yerli qurum heç bir iş görmür”.
Qəsəbənin sanitar təmizliyi və digər problemlərlə əlaqədar Maştağa Qəsəbə Nümayəndəliyinə üz tutduq. Nümayəndəlikdən dedilər ki, məsul işçilərdən heç kəs yoxdur. Nümayəndə isə əraziyə çıxıb.
Sonra Maştağa Bələdiyyəsinə gəldik. Sədr Hacı İlqar yerində olsa da, qəbuluna düşə bilmədik.
Sakinlər üzləşdikləri problemlərin həlli ilə bağlı yuxarı instansiyaların nümayəndələrinin əraziyə baş çəkməsini və vəziyyəti özlərinin birbaşa yerində görməsini istədilər.