Mayın "ağır ay” sindromu qırılır

17:38 01.06.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hər xalqın özünəməxsus adət-ənənələri var. Azərbaycanda may ayında toy mərasimlərinin keçirilməməsi ilə bağlı qəribə bir ənənə mövcuddur.   Elə ki, may ayı gəldi, çoxları toy etməyə qorxur. "Mayda toy etmək olmaz, düşər-düşməzi var", "mayda qurulan ailə tez dağılar", "may ailə həyatı qurmaq üçün ağır aydır" və s. kimi inanclarla insanlar may ayında toy etməkdən imtina edirlər.

Bəzi insanlar da mayda xeyir-bərəkət olmadığını deyir, çox yağış yağdığına görə təbiətin ağladığını düşünürlər. Amma müşahidələr göstərir ki, son illər mayın “ağır ay” olduğunu düşünənlərin sayı xeyli azalıb. Hətta bu il ötən illərlə müqayisədə may ayında toy edənlərin sayında kəskin artım müşahidə olunub. Bununla bağlı müraciət etdiyimiz şadlıq saraylarından da toyların sayının artığını təsdiqlədilər. Müxtəlif şadlıq saraylarının administratorlarından aldığımız məlumata görə, son 4-5 ildə artıq may ayı ilə bağlı mif bir qədər dağılmağa başlayıb. Belə ki, əgər 2018-2019-cu illərdə şadlıq sarayları may ayı üçün bir və ya iki sifariş götürürdülərsə, bu il sifarişlərin sayı 15-ə qədər artıb.

Bəs, görəsən, mayın "ağır ay” sindromu doğrudanmı qırılır? Yoxsa, toyların sayının artmasının başqa səbəbləri var?

"May ayında toy olmaz" inancı haradan qaynaqlanırdı?

Qeyd edək ki, tarixi məlumatlara görə, may ayı əkinçilik üçün aktiv bir ay olduğuna görə, bu ayda hər hansı bir şənlik keçirilməsinin zamanın boşa keçməsi və əkinçiliyə zərər verməsi nəzərə alınaraq sadə əkinçilər tərəfindən icad edilib. Hətta ta qədimdə, evlilik üçün ən uğurlu ay sentyabr ayı hesab edilirdi. Çünki sentyabr ayında artıq məhsul qışa hazır idi və artıq bunu şənlik kimi qeyd etmək olardı. Aradan əsrlər keçsə belə, bu gün bu inancı düşünüb may ayında toy etməkdən imtina edən şəxslər var.

Qədim dövrlərin inanclarına görə, yanvar ayı da toy üçün uğursuz ay hesab edilirdi. İddialara görə, yanvar ayında evlənənlər dul qala bilər. Bu inancın tarixi isə, yenə qədim dövrlərə təsadüf edir. Yanvar ayında kütləvi xəstəliklərin çox olması, havaların çox soyuq keçməsi insanlarda bu fikri formalaşdırmış və zaman keçdikcə bir inanca çevrilmişdi. Amma artıq zaman dəyişdiyi üçün bu gün yanvar ayında insanlar toy edir, xoşbəxt yaşayırlar.

İnsanlar artıq başa düşürlər ki…

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, mayda toy etməməyin nə dini, nə elmi, nə də tibbi əsası var: "Baxın, may ayında ailə quran cütlüklərin övladları fevral ayında dünyaya gəlir. Fevral ayında dünyaya göz açanlar arasında isə çox dahi şəxsiyyətlər var. Məsələn, Nəsrəddin Tusi də fevral ayında doğulub. Bu ay dolça bürcü sayılır. Bu bürc də ən yaxşı bürclərdən biridir. O ayda doğulanların analitik təfəkkürü kifayət qədər zəngin olur. Deməli, bu ayda uşaqların doğulması məsələsi ilə bağlı heç bir problem yoxdur. Bu ermənilərin uydurması idi. Bu "ənənə” uydurma erməni soyqırımı ilə bağlı yaranıb. Ermənilərin uydurma soyqırımına tutduqları yasın əsas hissəsi may ayına düşdüyündən düşmən ölkədə bu ay toy olmurdu. Həmin "ənənə” özümüz də bilmədən Azərbaycanda hələ də saxlanılır. Başqa heç bir səbəb yoxdur. O vaxt buna dair araşdırmalar apardım. Məlum oldu ki, bu “ənənə”ni Bakıda yaşayan ermənilər yaradıb. Bu iş əksər rayonlarda yoxdur. Gedib rayon əhalisinə desən ki, may ayında toy etmək olmaz, onlar buna təəccüblənərlər. Bu, yalnız Bakıdadır. Mən bununla bağlı uzun illərdir ki, mübarizə aparıram. Sevindirici hal ondan ibarətdir ki, atrıq vəziyyət getdikcə dəyişir. İnsanlar artıq başa düşürlər ki, “may ayında toy etmək olmaz” uydurma bir məsələdir. Ona görə də, mayın "ağır ay” sindromu tədricən qırılmaqdadır”.

Dinimizdə hansı ayın ağır, hansının yüngül olması kimi anlayış yoxdur

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri də deyib ki, mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsi yoxdur: "Düzü, bu qadağanın haradan qaynaqlandığını bilmirəm. Heç islam dinində də hansısa ayın ağır və ya yüngül olması kimi bir anlayış mövcud deyil. Hətta islamda Ramazan və Məhərrəmlik ayında belə toy keçirilməsinə icazə var. Sadəcə, indiki toylarda spirtli içkilərdən də istifadə edildiyinə görə, adlarını çəkdiyimiz müqəddəs aylarda toy keçirilmir. Bu heç də dini qadağadan irəli gəlmir. Sadəcə, insanlar bununla özlərinə bəraət qazandırmış olurlar. Ramazan ayı müqəddəs ibadət ayı olduğuna və toy da islam dinində ibadət mərasimi kimi dəyərləndirildiyinə görə, bu ayda toy keçirmək heç də günah sayılmır. Dinimizdə də nə Ramazan, nə Məhərrəmlik, nə də may ayında toy keçirmək olmaz kimi bir qadağa yoxdur”.