“Bu gün biz yeni media mühitindən danışırıq. Bir yerdə alternativ fikrə çıxış imkanları varsa, orda fikir azadlığından, medianın cəmiyyətin güzgüsü olmasından danışa bilərik. Yəni Azərbaycanda media plüralizmi, cəmiyyətin mediaya çıxış imkanları alternativ fikirlərlə təmin olunub. Təbii ki, müəyyən boşluqlar da var. Düşünürəm ki, “Media haqqında” yeni qanun bu istiqamətdə boşluqları dolduracaq”.
Bunu hafta.az-a Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli “Media haqqında” yeni qanunla bağlı şərhində bildirib.
M.Ələsgərli bildirib ki, bu qanunda çox yenilikləri, pozitivləri sadalamaq olar. Amma bunların heç biri haqqında danışılmır.
“Çoxları köklənib oponentliyə, neqativə. Bir az da dərinə gedəndə məlum olur ki, qanunla tanış deyillər”.
M.Ələsgərli etirazçıları iki qrupa böldu. Onun sözlərinə görə, birinci qrup qanunu oxuyub, sadəcə sifarişli olaraq niyyətləri yalnız qanunu tənqid eləməkdir. Və onlar ictimai rəyə təsir göstərə bilirlər. İkinci qrup isə səmimidir, sadəcə o qanuna sona qədər baxmağa vaxtları yoxdur.
“Qanun layihəsi yaxşıdır. Amma layihədə hər şey yerindədirmi, elə olduğu kimi qəbul olunmalıdırmı, elə də deyil”.
Media eksperti, neqativ yanaşmanı yanlış hesab edərək, bildirib ki, parlamentdəki son müzakirələrə qədər “Media haqqında” qanunla bağlı 5 qrup üzrə müzakirələr keçirilib.
“Birinci, qanun layihəsinin ilkin eskizləri çap mediasının nümayəndələri, ikinci mərhələdə elektron media qurumları, onlayn media nümayəndələri ilə müzakirə olunub. Dördüncü müzakirələr media ekspertləri və hüquqşünaslarla aparılıb. Bundan əlavə ayrı-ayrı legitimləşdirilmiş redaksiyalarda da əlahiddə görüşlər keçirilib. Ümumi statistikaya görə, müzakirələrə 800 adam cəlb olunub. Təqribən orta hesabla may-iyun ayından başlayaraq qanunun mərhələlərlə müzakirəsi keçirilib”.
M.Ələsgərli bildirib ki, “Media haqqında” yenin qanun layihəsi KİV qurumlarının öz domen adı, loqotipi ilə reystrdən keçirilməsini nəzərdə tutur. Bu, istənilən KİV orqanının plagiat hücumundan qorunmasına, müəllif hüquqlarının pozulmasının qarşısının alınmasına yönəlir. Əgər köhnə KİV haqqında qanunun 60-cı maddəsində “plagiatlıq yolverilməzdir “və 11-ci maddədə ümumi şəkildə “sui-istifadə yolverilməzdir”-deyə yazılırdısa, yeni qanunda birbaşa onun qorunmasının detalları göstərilib.
“Yeni qanunda yazılır ki, KİV qurumunun özünəməxsus loqotipi, rekvizitləri olmalıdır. Sabah sizin media orqanı plagiatla rastlaşanda artıq qapı-qapı düşüb 5 dənə müəssisəyə getməyinizə ehtiyac qalmayacaq. Reystr xidmətinə müraciət edib, rekvizit, loqonu təqdim etməklə, ordan verilən rəy əsasında hüququnuzu təmin edə biləcəksiniz.
Eləcə də bizə bəllidir ki, yeni onlayn media tipləri illərdir Azərbaycanda mövcuddur. Amma sizin mövcudluğunuz hüquqi baxımdan təsdiqini tapmayıb. Əgər vəsiqələriniz varsa, başqa hüquqlarınız təmin olunursa, o zaman niyə fəaliyyətinizdə boşluq yaranır. Çünki sizin statusunuz bəlli deyil. Deməli, siz işi qurmusuz, qeydiyyatdan keçmisiz, amma jurnalist kimi hüquqlarınızın tannmasında problemlər var. Yeni qanun sizin bu hüququnuzu tanıyır, qanuniləşdirir, sizə status verir”.
M.Ələsgərli bildirib ki, yeni qanunda elə maddələr var ki, Avropanın özünə töhfələr verir. Ekspert bu aspekstdə qarşılıqlı sərbəst çalışan jurnalistlərin fəaliyyətinə diqqət çəkib. Bildirib ki, nəinki Azərbaycanda dünyanın əksər ölkələrində bu jurnalistlərin hüquqları tanınmır. Onun fikrincə, internetin inkişafına uyğun olaraq bu gün “freelance” jurnalsitika da özünün inkişaf dövrünü keçir. Dünyanın 2-3 ölkəsində hüquqları tanınır. Fəaliyyət göstərirlər, amma çətinliklərlə üzləşirlər.
“Bəllidir ki, bütün dünyada olduğu kimi 2020-ci ildə pandemiya ilə bağlı Azərbaycanda da sərt karantin rejimi oldu. O zaman icazəli fəaliyyət və məhdudiyyət hərəkətləri tətbiq olundu. Bir necə sahələr var ki, onların fəaliyətinə icazə verilirdi ki, onlardan biri də KİV idi. O zaman həmin “freelance” jurnalsitlər peşə vəsiqələri olmadığına görə çox ciddi şəkildə problem yaşayırdılar. Onlar Mətbuat Şurasına müraciət edib xahiş elədilər ki, digər jürnalistlər kimi sərbəst çalışıan jurnalistlərin də fəaliyyəti tanınsın. Bugünkü qanun onlara o hüququ verir və onları jurnalsit kimi tanıyır”.