Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında "Donetsk və Luqansk Xalq Respublikalarının", eləcə də Xerson vilayətinin Rusiyaya qoşulması ilə bağlı referendumdan sonra baş verəcək dünyanın geosiyasi transformasiyasını dönməz proses adlandırıb.
“Donbassda keçirilən referendumlar təkcə LNR, DNR və digər azad edilmiş ərazilərin sakinlərinin sistemli müdafiəsi üçün deyil, həm də tarixi ədalətin bərpası üçün böyük əhəmiyyət kəsb edir. Onlar Rusiyanın onilliklər boyu inkişaf vektorunu tamamilə dəyişirlər. Həm də tək bizim ölkənin deyil”, - Medvedev bildirib.
O, qeyd edib ki, bu ölkələrin və regionların Rusiyaya qoşulması onları qorumaq üçün bütün qüvvələrdən istifadə etməyə imkan verəcək.
“Ancaq o qədər də vacib olan bir məqam var ki, dövlətimizin Konstitusiyasına edilən dəyişikliklərdən sonra Rusiyanın heç bir gələcək lideri, heç bir məmur bu qərarları ləğv edə bilməyəcək”, - Medvedev əlavə edib.
O, belə qənaətə gəlib ki, məhz bu səbəbdən Qərb və Kiyev referendum keçirməkdən qorxur.