Rusiyada bir məhkəmə İtalyan UniCredit-in aktivlərinin ardınca Almaniya bankları ilə bağlı iş çərçivəsində Deutsche Bank və Commerzbank-ın Rusiyadakı aktivlərinə, hesablarına, əmlakına və səhmlərinə həbs qoyulmasına qərar verib.
Hafta.az-ın yazdığına görə, məhkəmə sənədlərinə görə, sözügedən banklar Almaniyanın “Linde” şirkəti tərəfindən Rusiyada quracağı qaz emalı zavodunun tikintisi ilə bağlı müqavilənin təminatçıları arasında olub. Qərbin sanksiyaları səbəbindən müqaviləyə xitam verildikdən sonra məsələ məhkəmə müstəvisinə çıxarılıb.
İddiaları layihənin operatoru olan “Qazprom”un 50 faiz paya malik olduğu “RusChemAlliance” şirkəti qaldırıb.
Sankt-Peterburq arbitraj məhkəməsi Deutsche Bank-a Rusiyadakı törəmə təşkilatının və Deutsche Bank Technology Center MMC-nin nizamnamə kapitalındakı 100 faizlik payından istifadə etməyi yasaqlayıb.
“Euronews”un məlumatına görə, məhkəmə həmçinin Deutsche Bankın, onun Rusiyadakı törəməsinin və Deutsche Bank Texnologiya Mərkəzinin 238,6 milyon avroya qədər qiymətli kağızlarına, daşınmaz əmlakına və bank hesablarına həbs qoyulmasına qərar verib.
Deutsche Bank artıq bu iş üçün təxminən 260 milyon avro vəsait ayırdığını bildirib.
"Biz bu iddianın Rusiya məhkəmələri tərəfindən necə tətbiq edildiyini görməli və onun Rusiyaya dərhal əməliyyat təsirini qiymətləndirməliyik", - bankın bəyanatında deyilir.
Məhkəmə həmçinin Commerzbank-ın 93,7 milyon avro dəyərində aktiv və qiymətli kağızlarına, eləcə də bankın Moskvadakı binasına həbs qoyub.
Rusiya məhkəməsi paralel iş çərçivəsində İtaliyanın UniCredit-in aktivlərinə, hesablarına və əmlakına, həmçinin onun iki törəmə şirkətinin səhmlərinə həbs qoyulmasına qərar verib.
Sankt-Peterburq şəhəri və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi AO UniCredit Bank və UniCredit Bank AG-yə məxsus 462,6 milyon avroluq aktivlərə qadağa qoyub. RBC yazır ki, bu qərar “Qazprom”un törəmə şirkəti RusHimAlyans-ın müraciəti əsasında qəbul edilib. Şirkət 2023-cü ilin avqustunda UniCredit Bank-a qarşı iddia qaldırıb. Qəzet yazır ki, şirkət Deutsche Bank və Commerzbank-ı da məhkəməyə verir.