Məktəb direktorlarına ciddi xəbərdarlıq edilməlidir - Nadir İsrafilov

13:33 15.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gündən Azərbaycanda dövlət təhsil müəssisələrində yeni tədris ili başlayır. Elm və Təhsil Nazirliyindan verilən məlumata görə, 2022-2023-cü tədris ilində dövlət təhsil müəssisələrində ümumilikdə 1 616 214 nəfər şagird təhsil alacaq. Onlardan 158 297 nəfəri 1-ci, 147029 nəfəri 9-cu, 100 455 nəfəri isə 11-ci sinfə gedəcək. Bəs, görəsən, yeni dərs ilinə hazırlıq hansı səviyyədədir? Mövzu ətrafında müsahibimiz təhsil eksperti Nadir İsrafilovdur.

- Nadir müəllim, bu gündən ölkədə yeni dərs ili başlayır. Yeni tədris ilinə nə dərəcədə hazırıq?

- Biz hazır olsaq da, olmasaq da yeni dərs ili başlamalıdır. Dərs ilinə hazırlıq səviyyəmiz müəyyən konturlardan indidən də bəllidir. Tam dəqiq dərs ilinin ilk günlərindən biləcəyik ki, hazırlıq səviyyəmiz necədir. Hazırda əsas problemlərdən biri məktəbli forması ilə bağlıdır və valideynlər arasında bununla bağlı ciddi ajiotaj var. Bilirsiniz ki, hələ 2020-ci ildə Nazirlər Kabinetinin məktəbli formaları ilə bağlı təsdiq etdiyi qaydalar var. Elə o vaxt vahid formaya keçid etməli idik. Sonradan pandemiya ortaya çıxdı və bu məsələ təxirə salındı. Nəhayət, ötən il qərar verildi ki, 2022-23-cü tədris ilindən vahid forma tətbiq edilsin. Amma məlum oldu ki, biz bu işə hazır deyilik, tələskənliyə yol vermişik. Bakı Tikiş Evi etiraf etdi ki, bu işə hazır deyillər. Təbii ki, məktəbli forması olmadan da məktəbə getmək olar. Buna baxmayaraq valideynlər arasında təşviş yaranıb. Baxmayaraq ki, nazirlik səviyyəsində bununla bağlı bəyanatlar verilib və bildirilib ki, vahid forma bu il məcburi deyil.

-  Əgər məktəbli forması məcburi deyilsə, o zaman valideynlər nədən bu qədər təşvişdədirlər?

– Bizdə hər il forma problemi yaranır. Bu il də fərqli mənzərə deyil. Düzdür, qeyd etdiyim kimi, nazirlik səviyyəsində bəyan edilib ki, məktəbli forması məcburi deyil. Amma valideynlərdə yenə narahatçılıq var ki, birdən övladlarını forma olmadığından məktəbə buraxmazlar. Məhz təşviş də buna görədir, hamı istəyir forma əldə etsin. Görünür, burada hansısa maraqlı qüvvələr var. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bu məsələni hərtərəfli araşdırmalıdır. Panika yayan məktəb rəhbərlərinə ciddi xəbərdarlıq edilməlidir. Yeni dərs ilinin ilk gününün valideyn-məktəb qarşıdurması ilə başlaması arzuolunan deyil. Ola bilər ki, biz hələ gələn il də vahid məktəbli formasına keçidi təmin edə bilmədik. Çünki burada olduqca ziddiyyətli məsələlər var. Məsələn, biz hələ İctimai Şura üzvü olan zaman Bakı Tikiş Evinin nümayəndələri ilə məsələni müzakirə etmişdik. O zaman xeyli ziddiyyətli məqamlar ortaya çıxdı və fikir ayrılıqları yarandı.

– Hansı ziddiyyətli məqamlardan söhbət gedir?

– Məsələn, məktəbli formasının eskizlərində 4-5 rəngin verilməsi, hər məktəbin vahid formasının olması və s. kimi məqamlarda ziddiyyətlər yarandı. Qərar verilmişdi ki, hər məktəbin məktəb-valideyn komitəsi valideynlərin iştirakı ilə pedaqoji şurada məktəbin forma üçün hansı rəng çalarlarından istifadə edəcəyinə dair qərar qəbul etməli idi. Bu isə praktiki cəhətdən qeyri-mümkündür. Əgər söhbət vahid məktəbli formasından gedirsə, niyə məktəblər fərqli forma seçməlidirlər. İndi bu məsələni bir qədər yumşaltdılar və 2 rəng çalarından istifadə etdilər. Amma bu da doğru deyil. Təsəvvur edin ki, ildə minlərlə şagird yerdəyişmə edir. Şagird başqa məktəbə yerdəyişmə edəndə gərək həmin məktəbin formasını geyinsin. Axı, bu valideynlər üçün əlavə yükdür. Elə ailə var ki, məktəbə 3 uşaq yola salır.

– Bilirsiniz ki, orta məktəb dərslikləri ilə bağlı hələ də müəyyən narazılıqlar var. Həm dərsliklərin dilinin çox çətin olması, həm məzmunun qənaətbəxş olmaması ictimaiyyəti ciddi narahat edir. Sizcə, bu problemin birdəfəlik aradan qaldırılmasına niyə təşəbbüs göstərilmir?

– Dərsliklərin məzmunu və keyfiyyəti ilə bağlı mövzular həmişə müzakirə predmeti olub. dərsliklərdəki nöqsanlarla əlaqədar nəinki müəllim və valideynlər, hətta şagirdlər də öz iradlarını bildiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf etmək zərurəti qarşısında qalıblar. Amma problemi qabartmaqla iş bitmir, onun həlli istiqamətində də konkret addım atmaq lazımdır. Biz hələ ki, bu addımı görmürük. Bundan başqa, bəzi pedaqoqların uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri” fikri problemə kökündən yanlış mövqedən yanaşmadır. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməzdən əvvəl proqramları yüngülləşdirməli, dərslikləri 2-ci, 3-cü dərəcələri materiallardan azad etməliyik. Təhsil beyni inkişaf etdirməkdir, başı lazımsız məlumatlarla doldurmaq deyil. Məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır. Biz hələ də “keyfiyyətli təhsil” adı ilə uşaqlarımızı ifrat dərəcədə yükləməklə, onları bir növ istismar etmiş oluruq.

– Nadir müəllim, bu yaxınlarda elm və təhsil naziri belə bir fikir səsləndirdi ki, bəzi müəllimlərin şagird qarşısına çıxması günahdır. Nazirin bu açıqlaması müəllimlərimizin savadsız olması anlamına gəlirmi?

– Söhbət bəzi müəllimlərdən getsə belə, mən müəllimlərin savadsız olmasına dair istənilən iddialarla heç bir halda razılaşa bilmərəm.  Bu, onsuz da dilə-dişə saldığımız müəllim peşəsinə növbəti zərbə olar. Sadəcə olaraq, hazırlıqlı müəllimlər var, zəif hazırlığa malik müəllimlər var, baxmayaraq ki, ikincilərin sayı birincilərdən o qədər də az deyil. Məhz buna görə də müəllimin peşə yararlığı və peşəkarlıq səviyyəsinin ölçülməsi və qiymətləndirilməsi məqsədilə sertifikasiya prosesin start verilib. Vəziyyətin belə hal alması da  müəllimin günahı yox, daha çox “Təhsildə hansısa şəxslər tərəfindən buraxılan səhvlər”in nəticəsidir.

Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  “Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasında olması” xüsusi olaraq vurğulandı. Bütün bunlar nəzərə alınaraq, “təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyi önə çəkildi.

- Sertifikasiyadan söz düşmüşkən, bu prosesin ilkin nəticələri artıq məlumdur. Nəticələr barədə nə deyə bilərsiniz?

– Bir məqamı vurğulayım ki, bir vaxtlar hamını müəllim imtahana çəkərdi, indi müəllimi imtahana çəkirik. Çəkək, cəmiyyət qarşısında müəllimin nə kimi məsuliyyət daşıdığını bir daha ona xatırladaq, lakin kimlərinsə uğursuzluqlarına bu qədər sevincək olmayaq, real duruma görə bir-birimizə “göz aydınlığı” verməyək. Bir də ki, sıravi müəllimlərə təqdim etdiyimiz testlərdə sual və tapşırıqları ifrat dərəcədə qəlizləşdirmək yolundan bir az çəkinək. Elə çıxmasın ki, guya imtahan edən başqa planetdən gəlib, imtahan verən də başqa bir yad planetlilərdəndir. Bir məqamı da nəzərə almalıyıq ki, nə qədər ki, müəllim hazırlığı ilə məşğul olanları deyil, yalnız sıravi müəllimləri imtahan edəcəyik, hədəf yenə müəllim olacaq. Digər bir məsələ də var ki, bu gün dövlət nümunəli təhsil sənədi olmayan, MİQ-dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən 6 saata yaxın dərs deyən, 120 -150 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, 6 saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllim təhsil müəssisələrində çalışır. Onlar proseslərdən narahatdılar və nigarançılıqları da hardasa başa düşüləndir. Bəs, bu müəllimlərin taleyüklü vəziyyətinə nə vaxt aydınlıq gətiriləcək?  Bəlkə, fürsət varkən, daha 5 il gözləməyib, növbəti olaraq bu kateqoriyadan olan müəllimlərin sertifikasıyasını ertələyərək bu məsələyə birdəfəlik əncam çəkək? Elə olmasın ki, sabah ya o birisi gün “repetitor müəllim”, “bunker repetitoru” ilə yanaşı, pedaqoji leksikonumuza “6 saatlıq müəllim”, “Müəllimin üçdə biri” kimi yeni terminlər daxil olsun. Ümumiyyətlə “4-5 saat dərsi olan müəllimlər” nə deməkdir? Əgər o müəllimdirsə, niyə heç olmasa minimum 1 stavka-18 saat dərs yükü ilə təmin olunmamalıdır? Yox, əgər müəllim deyilsə, onun məktədə nə işi var? Belə olduğu halda, 4-5 saat dərs deyən müəllimin tutduğu məsul postda 4-5 saat baş girləyən məmurla nə fərqi olacaq? Hesab edirəm ki, bir stavkanın 3/1-i ilə işləyən müəllimlərin intizarına və iztirabına son qoyulmalı, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ – dən kənar işə qəbul olunan, DQ-yə buraxılmayan, müəllimlərin taleyinə nəhayət aydınlıq gətirilməlidir.

Oxunma sayı 2482