Məktəblər hansı intervalla dezinfeksiya edilir - Açıqlama

16:05 10.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İki ildir ki planetimizi sarıb-sarmalayan koronavirus mütəmadi olaraq yeni-yeni ştamları ilə qarşımıza çıxır. Hər mutasiyası bir öncəkindən daha təhlükəli olan xəstəlik ilk yarandığı vaxtla müqayisədə indi azyaşlılar üçün də riskə çevrilib. Bu gün, demək olar hər kəs Covid-19 dan qorunmaq üçün maska, spirt və bu kimi digər antibakterial və qoruyucu vasitələrdən istifadə edir.

Bəs görəsən məktəblərin dezinfeksiyası hansı intervalla və nə formada həyata keçirilir?

Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov söylədi ki, dərs növbələri arasında məktəblər ümumilikdə xüsusi məhlulla dezinfeksiya olunur. Bununla yanaşı təhsil ocaqlarında virusdan yoluxmadan qorunmaq üçün digər qabaqlayıcı tədbirlər görülür:

“Pandemiya dövründə ənənəvi təhsil bərpa edildikdən sonra Təhsil Xİdmətləri Araşdırma və Təhlil Mərkəzi olaraq apardığımız monitorinqlər nəticəsində deyə bilərik ki, təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib, məktəblərin həyətyanı ərazilərində ara məsafəsi saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib və sinif otaqlarında partaların düzülüşü müvafiq qaydaların tələblərinə uyğunlaşdırılıb. Müşahidələrimiz əsasında deyə bilərik ki, ümumi təhsil müəssisələrinə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı vaxtaşırı maarifləndirici təlimati göstərişlər verilib. Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsi ilə bağlı bildirişlər təhsil müəssisələrinin divarlarına vurulub. Bunlarla yanaşı gördük ki, dərs növbələri arasında məktəblər ümumilikdə xüsusi məhlulla dezinfeksiya olunur. Məhz bu görülən müsbət işlərin nəticəsidir ki, son ayda şagirdlər və müəllimlər arasına virusa yoluxla halları ciddi şəkildə azalıb”.

Məsələ ilə bağlı ekspertin apardığı müşahidələr ilə tanış olduqdan sonra, rəsmi qurum olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq.

İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov saytımıza açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri həyata keçirildiyini vurğuladı:

“BŞTİ ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır”.

Mətbuat katibinin sözlərinə görə, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrin hər biri 2021-2022-ci tədris ili üçün virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib.sözügedən məktəblərdə tədris və təlim-tərbiyə prosesi müvafiq qaydalara uyğun olaraq təşkil olunur:

“Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Məktəblərə daxil olan şagirdlərin temperaturu ölçülür, əlləri dezinfeksiya olunur. Bundan əlavə, təhsilin təşkili prosesi daima nəzarətdə saxlanılır, tələb olunduğu təqdirdə əlavə olaraq virus əleyhinə qoruyucu vasitələr və dezinfeksiyaedici maddələr ilə təmin edilir”.