İlin sonunadək bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, bir neçə məktəbdə pilot kimi həyata keçiriləcək: "Sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq".
Beynəlxalq təcrübə
Qeyd edək ki, təhsildə adambaşına maliyyələşmə ilə bağlı dünyada müxtəlif təcrübələr mövcuddur. Məsələn, ABŞ-ın bəzi ştatlarında hər bir uşaq üçün dövlət tərəfindən təhsil üçün ayrılan vəsait vauçer şəklində verilir. Bu vauçeri təhsildən başqa heç bir yerdə istifadə etmək, xərcləmək olmur. Valideyin həmin pulu istədiyi məktəbə və müəllimə yatırır. Bu məktəblər arasında daha keyfiyyətli rəqabət mühiti yaradır. Beləcə, təhsilə ayrılan həmin maliyyəni əldə etmək uğrunda rəqabət başlayır. Adambaşına maliyyələşmə şagirdin göstəricilərinə uyğun dəyişə də bilir. Təhsildə daha yaxşı nəticələri olan şagirdlərə ayrılan maliyyənin məbləği artır, aşağı göstəriciləri olan şagirdə münasibətdə məbləğ azalır. ABŞ-da hər şagirdin təhsilinin maliyyələşməsi üçün illik 14,418 dollar büdcə ayırılır. 12 illik təhsil sistemi üzrə ABŞ-da bir şagirdin təhsil almasına ümumilikdə 586,4 milyard dollar sərf olunur. Təhsilin maliyyələşməsində yerli bələdiyyələr də iştirak edir. Bu ölkədə təhsil xərcləri ABŞ-ın üzvü olduğu YUNESKO kimi beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş meyarlardan aşağıdır. Ölkə təhsilə dövlət maliyyəsinin 11,6 faizini qoyur ki, bu da beynəlxalq standart olan 15,00 faizdən xeyli aşağıdır. Birləşmiş Ştatlardakı məktəblər hər şagirdə orta hesabla ildə 12,624 dollar xərcləyir ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan 37 digər inkişaf etmiş ölkə arasında şagirdə düşən ən yüksək - beşinci yerdədir. Digər ölkələrə gəlincə, bu məbləğ dəyişir. Lüksemburqda hər şagirdin illik təhsilinə büdcədən ibtidai sinif üzrə 21 143 dollar, yuxarı siniflər üzrə 25 421 dollar ayrılır. Koreyada bu məbləğ ibtidai sinif üzrə 12,535, yuxarı siniflər üzrə 14,978 dollar, Fransada ibtidai sinif üzrə illik 8,724, yuxarı siniflər üzrə 13,006 dollardır. Adambaşına təhsil xərcləri ən aşağı hesab olunan ölkə sırasında İndoneziya qərarlaşıb. Bu ölkədə ibtidai siniflər üzrə bir şagird üçün illik 1,514 dollar, yuxarı siniflər üçün 1,435 dollar ayrılır.
Məktəblərinin növü və tipinə uyğun maliyyə
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov deyir ki, Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normativlər əsasında ümumtəhsil məktəblərinin növü və tipinə uyğun olaraq, hər bir şagird üçün maliyyə ayrılır: “Əslində 100 məktəbdə adambaşına maliyyələşmə sisteminə 2026-cı ildən başlanılmalı idi, ancaq, görünür, proses sürətləndirilir. 2011-ci ildən ölkədəki ali təhsil və orta ixtisas təhsil müəssisələri, 2019-cu ildən isə peşə təhsil müəssisləri bu sistemlə idarə olunur. 13 iyun 2024-cü ildə isə publik hüquqi şəxs olan ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olundu. Proses kifayət qədər ciddi və ağırdır. Prosesə əsasən, dövlət hər bir təhsilalana ayırdığı maliyyəni təhsil müəssisəsinin hesabına köçürür, qanunvericiliyə uyğun olaraq təhsil müəssisəsi həmin maliyyəni idarə edir, təhsil naziri sözügedən prosesin şəffaf keçirilməsinə nəzarət edir”.
Ekspert bildirir ki, uğurlu nəticə əldə etmək üçün adambaşına maliyyə sisteminə keçiddən öncə bir sıra məsələlər həllini tapmalıdır: “Əvvəla, hər bir ümumtəhsil məktəbinə görə maliyyə normativləri açıqlanmalıdır – adambaşına nə qədər xərc düşür? Ardınca məktəb rəhbərləri bu maliyyəni idarə edə biləcək qədər bilik və bacarıqlara malik olmalıdır. Qarşıda rentabelli olması üçün isə kiçik məktəblərin daha böyük məktəblərlə birləşdirilməsi, ardınca məktəblərin tam orta təhsil səviyyəsinin ayrılması kimi xeyli işlər durur. Ona görə də bu məsələdə tələsmək daha böyük fəsadlar törədə bilər. Amma hədəf Azərbaycan təhsil sisteminin beynəlxalq təhsil sisteminə uyğunlaşdırılmasıdır və bu proses qaçılmazdır”.
Hər bir təhsilalan üçün dayanıqlı təhsil
Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, hazırda ölkədə 4432 orta ümumtəhsil məktəbi var və bu məktəblərdə 1,6 milyon şagird təhsil alır: “Hazırda təhsil sisteminin saxlanılmasına dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılır və bütün məktəblərə eyni vəsait sərf olunur. Doğrudur, nazirin çıxışında da qeyd edilir və məndə olan məlumata görə, 100 məktəbdə bu layihə 2026-cı ilə qədər başlanmalı idi. Ancaq əslində bir qədər sürətlənəcək. Burada ən vacib məqam ondan ibarətdir ki, dövlət hər bir təhsilalana dayanıqlı təhsili verməlidir. Bu, o formatda reallaşacaq ki, bütün şagirdlərin hesabına vəsait keçiriləcək. Məsələn, 1,6 milyon şagirdin təhsil alması üçün nə qədər vəsait lazımdırsa, şagirdin özünə veriləcək və bu, çox yaxşıdır. Ona görə ki, burada rentabellik məsələsi var. Şagird sayı 500 olan məktəblə 2500 olan məktəbə eyni vəsaitin ayrılması doğru deyil. Çünki məktəbin saxlanması üçün eyni vəsait sərf olunmur. Burada müəllimlər maraqlı olacaq ki, onların siniflərində şagird sayı çox olsun və bu zaman onların məktəblərinə pul gəlsin. Yəni məktəblər arasında rəqabət yaranacaq. Adambaşına maliyyələşmə o deməkdir ki, dövlət büdcəsindən hər bir şagird üçün nə qədər vəsait ayrılırsa, o, artıq şagirdin öz hesabına köçürüləcək və həmin şagird hansı məktəbdə təhsilini davam etdirəcəksə, vəsait o məktəbin büdcəsinə keçəcək. Bu zaman direktor da, müəllim də maraqlı olacaq ki, keyfiyyəti artırsın və şagirdlər onların məktəbinə gəlsin. Bu, çox yaxşı haldır, ilk növbədə korrupsiyanı aradan qaldıracaq. Şagirdlərin yerdəyişməsi, adını məktəbə yazdırıb getməməsi məsələləri aradan qalxacaq. Yəni məktəb özü ilk növbədə keyfiyyətdə maraqlı olacaq”.
Ali məktəblərdə uğurlu alınmadı
Məsələyə münasibət bildirən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu sistem ali məktəblərdə tətbiq olunsa da, uğurlu alınmadı: “Təəssüflə qeyd etmək lazımdır ki, bu sistem ali təhsil müəssisələrində uğurlu olmadı. Adambaşına maliyyələşmə o deməkdir ki, hər tələbəyə görə universitetə dövlət maliyyə ayırır, yəni hər tələbənin ödədiyi vəsait hesabına maliyyələşmə həyata keçirilir. Bunun bir hissəsini dövlət sifarişi ilə təhsil alanlar üçün dövlət özü, bir hissəsini isə təhsil haqları hesabına universitet ödəyir. Hesab edirəm, ümumtəhsil məktəblərində də ali məktəblərdəki kimi bir model tətbiq olunacaqsa, müəyyən problemlər yaranacaq. Universitetlər gözünü tələbələrin ödədikləri təhsil haqqına dikib, bunun əsasında da xərclərini ödəyir. Bu da ciddi problemlər yaradır. Məktəblər də avtomatik olaraq adambaşına vəsaitdən asılı olacaq. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi daha geniş açıqlama versə, mənzərə aydın olar. Məktəblər onsuz da maliyyə çatışmazlığından əziyyət çəkir, bu da onlar üçün əlavə problemlərə gətirib çıxara bilər. Düşünürəm ki, belə məsələlərdə bir qədər ehtiyatlı olmaq və ciddi düşünmək lazımdır. Təhsil ocaqlarına ayrılan vəsait artırılmalıdır ki, onlar fəaliyyətlərini daha səmərəli qursun”.