Nigeriyada əsas müxalifət partiyasından olan deputat seçki ərəfəsində 500 min dollar nağd pulla yaxalanıb.
Hafta.az-ın AP-a istinadən yazdığına görə, yerli polis sözügedən pulu cümə günü saat 02.00-da yol nəzarəti zamanı Xalqların Demokratik Partiyasından (PDP) seçilmiş millət vəkili Çinyere İqvenin avtomobilində tapıb.
Ölkənin cənubundakı Rivers əyalətində baş verən hadisədən sonra həbs edilən İqve ilə bağlı siyahının olduğu da bildirilib. Polis sözçüsü Qreys İringe-Koko siyahıda 500 min dollar veriləcək şəxslərin adlarının olduğunu desə də, onların kim olduğunu açıqlamayıb.
Ştatın paytaxtı Port Harkortu təmsil edən İqve hadisə ilə bağlı hələlik açıqlama verməyib.
BBC siyasətçilərin külli miqdarda rüşvət yaymasının qarşısını almaq üçün noyabrda yeni əskinasların dövriyyəyə buraxıldığını bildirib. Dekabrda tətbiq edilən sistemə əsasən, banklardan çıxarıla bilən nağd pulun məbləği fiziki şəxslər üçün 222, şirkətlər üçün isə 1100 dollarla məhdudlaşdırılıb. Digər tərəfdən, kifayət qədər böyük miqdarda yeni əskinasları bazara çıxarmaq mümkün olmadığından xüsusilə bankomat və banklarda uzun növbələr yaranıb.