Milli adətlərimizin təhsil sistemində təbliği

18:53 10.06.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hər bir xalqın özünəməxsus milli adət-ənənəsi, elm və mədəniyyəti vardır. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Minillərboyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Amma etiraf edək ki, qloballaşan dünyada milli, əxlaqi və mənəvi dəyərlər sistemini qorumaq, onu təbliğ etmək o qədər də asan deyil. Bu məsələdə cəmiyyətin bütün təbəqələrinin, o cümlədən təhsil ictimaiyyətinin üzərinə böyük məsuliyyət düşür.

Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, bu gün ümumtəhsil müəssisələrində, lisey komplekslərində, özəl məktəblərdə milli adət-ənənələrimizin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər təşkil olunur. Onun sözlərinə görə, özəl günlərdə, bayram ərəfələrində, xüsusi tarixlərdə bu kimi tədbirlərin keçirilməsi çox gözəldir, amma bu, biristiqamətli olmamalıdır: “Bizim dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətin təbliği bir neçə istiqamətlə şagirdlərimizə çatdırılmalıdır. Təhsilin işi, sadəcə, predmetin və ya fənnin tədrisi ilə məhdudlaşmamalıdır. Orta ümumtəhsil müəssisələrindəki tədris dövrünün əsas missiyası, məqsədi hər bir şagirdi şəxsiyyət kimi cəmiyyətə hazırlamaqdır. Bu mənada, orta məktəbin fnksianallığı universitetin missiyasından dəfələrlə çətindir. İnsan üçün bir həyat boyu vacib sayılacaq müsbət çalarların 75 faizi məhz orta məktəb dövründə formalaşır”.

Ekspert milli adət-ənənələrimiz və mədəniyyətimizin təbliği üçün hətta ayrıca bir fənnin tədrisinə də diqqət çəkib: “Düzdür deyə bilərlər ki, “Həyat bilgisi” fənnində bu kimi detallar - elm və mədəniyyətin təbliği üçün istiqamətləri var. Amma bu, çox azdır. Bu gün xüsusən də elm və mədəniyyət amili bizim məktəblərə daha çox ayaq açmalıdır. Şagirdlərimizin bu sahələrdə dünyagörüşü daha da artırılmalıdır. Elm və mədəniyyətlə bağlı ayrıca bir dərslik çıxarılmalı və xüsusi fənn kimi ən azı həftədə bir dəfə tədris olunmalıdır”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyir ki, hər bir ölkənin inkişafı bütövlükdə şərtləndirən vacib faktor elm, təhsil və təbii ki, mədəniyyətin inkişafı ilə bağlıdır. Bu baxımdan elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları adından da göründüyü kimi, daha çox böyük kütləni əhatə etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Alimin sözlərinə görə, bu istiqamətdə böyük işlər görülür: “Eyni zamanda bu işlər kifayət qədər məqsədlidir. Hədəf bəllidir. Bu baxımdan qeyd olunan sahələrin inkişafı, digər tərəfdən bu sahələrin daha geniş populyarlığının təbliğ olunması, təşviqi baxımından bu qeyd olunan proqramların təbii ki, hazırlanması başadüşüləndir. Bu istiqamətlərdə mütləq şəkildə ardıcıl olaraq, işlər görülməlidir. Burada elmin, təhsilin populyarlaşması istiqamətində ardıcıl işlər görülməlidir”.

Onun fikrincə, Azərbaycan xalqının elmə, təhsilə münasibəti hər zaman yüksək olub. Bu həm də xalqımızın, bütövlükdə daxili identifikliyindən irəli gələn haldır: “Azərbaycan xalqı dünyada intellektual xalqlardan biri kimi tanınır. Bu yenilikləri, elmi, təhsil yeniliklərini əsaslı şəkildə cəmiyyətə aşılamaq, bütövlükdə cəmiyyətin ümumi bilik səviyyəsinin yüksəlməsinə, insanlarımızın daha da savadlanmasına, daha yeni biliklər əldə etməsinə hədəflənir. Bu istiqmaətdə də, müəyyən işlər görülür. Bu işləri daha genişləndirmək lazımdır. Həm cəmiyyətin dünya görüşünün artması, eyni zamanda savadlanması baxımından bu cür kütləvi proqramların daha da kütləvləşməsi cəmiyyətin inkişafına bir başa təsir göstərir. Elmi-kütləvi, təhsil proqramlarının daha çox təbliğ edilməsi zərurərt kimi görünür. Bu proqramların təbliğini cəmiyyətin ümumi dünya görüşünün artması və eyni zamanda elmə, biliyə, təhsilə, mədəniyyətə önəm verilməsi baxımından, cəmiyyətin inkişafı üçün olduqca mühüm hesab edirəm. Dünyada gedən texnoloji yeniliklər, sürətli inkişaf, elm, bütövlükdə bunlarla ayaqlaşmaq üçün cəmiyyətin bu istiqamətdə maariflənməsinə ehtiyac var. Bu həm də yetişməkdə olan nəslin maariflənməsi, onların gələcəkdə elmə, təhsilə gəlməsi baxımından, yəni təhsilin və elimin təşviqi baxımından olduqca əhəmiyyətlidir. Səmimi danışaq, baxmayaraq gənclər çalışırlar, oxuyurlar, amma bütövlükdə cəmiyyətin ümumi intelektual səviyyəsində biz o artımı və bütövlükdə ümumi o səviyyənin yüksəlməsini çox da müşahidə edə bilmirik. Bu istiqamətdə olan boşluqlar birbaşa cəmiyyətin inkişafına mane olur. Bu boşluqları yaratmaq lazım deyil. O boşluqları mütləq şəkildə doldurmaq lazımdır”. İ.Orucov hesab edir ki, burada həm də mətbuatın çox böyük rolu var: “Dünyada informasiyanın daha sürətli olması və informasiyaya əlçatanlığının kifayət qədər geniş olması, bütövlükdə internetin ortaya qoyduğu reallıqlar fonunda mütləq şəkildə bu istiqamətdə davamlı işlər görülməlidir. Bu sahədə bütün işlərin daha sistemli şəkildə aparılması, buna daha böyük diqqətin artırılması, cəmiyyətimiz, dövlətimiz naminə və insanlarımızın savadlanması naminə olacaq”.

Təhsil eksperti Kamran Əsədov da bildirib ki, cəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında mühüm amillərdən biri, bəlkə də, birincisi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişaf etdirilməsi çox vacibdir: “Cəmiyyətimiz yeniliyə, liberallığa açıq bir toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyillidir. Azərbaycan insanı hər zaman çalışır ki, dünyada mövcud olan yeni texnologiyalardan istifadə etsin, həm özünün, ailəsinin, həm də toplumun inkişafına nələrsə verə bilsin. Əlbəttə ki, bu çox yaxşıdır”.

K.Əsədova görə, elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrasında problemlər müşahidə olunur. Onun sözlərinə görə, bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngidiyinə, yaxud adekvat olmadığına görə narazılıqlar yaranır: “Bu da bu layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Qələbənin təmin olunmasında, az qala 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad olunmasnda, ərazi bütövlüyümüzün bərpa edilməsində, tarixi ədalətin bərpasında Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Bu baxımdan proqramların hazırlanmasında mütəxəssis yanaşması, eləcə də rəyi mütləq nəzərə alınmalı, ailmlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir ki, bu, əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, post-konfilikt dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsinə öz ciddi töhvəsini vermiş olsun”.

Uzun illərdir ölkəmizdə ən yüksək səviyyədə müxtəlif istiqamətli beynəlxalq tədbirlər keçirildiyini deyən K.Əsədov qeyd edib ki, Azərbaycanın bu istiqmaətdə çox yüksək təcrübəsi və nümunələri var: “Bizdə bu cür tədbirlərin keçirilməsi çox yüksək səviyyədədir. Azərbaycanda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması səviyyəsi pis deyil.  Qənaətbəxş saymaq olar. Bu istiqamətlərdə proqram çalışmalarını, layihələrini normal qiymətləndirmək olar. Heç olmasa, toplum 20-30 faizi intellektə malik olmalı, daim bilgilərini artırmalı, yeniliyə açıq olmalı, yalnız romanlar, şeirlər, dünya ədəbiyyatını mütaliə etmək deyil, elmi sahəyə də maraq göstərməlidir. Həmçinin elmdə, incəsənətdə böyük rəqabət olmalıdır”.

Oxunma sayı 201