Milyarder Babək Zəncaninin ölüm hökmü ləğv edilib

11:15 01.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Artıq 8 ilə yaxındır edam cəzası ilə mühakimə olunan məşhur iranlı milyarder iş adamı Babək Zəncaninin cəzası 20 il həbslə əvəzlənib.

Hafta.az-ın yazdığına görə, 48 yaşlı Babək Zəncani 2016-cı ildə bir sıra cinayətlərdə, o cümlədən ABŞ-ın İrana qarşı sanksiyalarından yayınmaq üçün neft nazirliyinə məxsus vəsaitləri mənimsəməkdə təqsirli bilinib və edam cəzasına məhkum edilib.

İran ədliyyə sistemi əfv tələbinin ədliyyə rəhbəri və belə işlərdə son söz sahibi olan ölkənin ali lideri Ayətullah Əli Xamenei tərəfindən təsdiqləndiyini açıqlayıb.

"İran İnternational"ın ədliyyə sözçüsü Əsgər Cihangirə istinadən verdiyi məlumata görə, bu amnistiya Zəncani həbsxanada keçirdiyi son illərdə xaricdəki var-dövlətlərinin tapılmasında ədliyyə orqanları ilə əməkdaşlığa razılıq verdikdən və beləliklə, bütün pullar hökumətə qaytarıldıqdan sonra verilib.

Zəncaninin cəzasının yüngülləşdirilməsi ilə bağlı qərar İran hökumətinin ABŞ-ın bu ölkəyə qarşı illərlə tətbiq etdiyi sanksiyalardan sonra gəlir əldə etmək səylərini göstərə bilər.

İranın ən zəngin iş adamlarından olan Zəncani 2013-cü ildə o vaxtkı prezident Həsən Ruhani tərəfindən milyardlarla dollarlıq neft gəlirlərini şirkətləri vasitəsilə gizlətməkdə ittihamlanaraq həbs edilib.

Zəncaninin təxminən 13,5 milyard dollar sərvətinin olduğu və kosmetikadan otel idarəçiliyinə, neftdən bankçılığa qədər 60-dan çox şirkətdən ibarət şəbəkəyə nəzarət etdiyi bildirilirdi. 2,7 milyard dollar dövlət pulunu gizlətməkdə ittihamlanan Zəncani ölkənin cinayət məcəlləsinin ən ağır cinayəti olan "yer üzündə fitnə-fəsad törətmək"də təqsirli bilinib.

Öz ifadəsinə görə, Zəncani Türkiyədən Malayziyaya və Birləşmiş Ərəb Əmirliklərinə qədər uzanan şirkətlər şəbəkəsi vasitəsilə illərdir milyardlarla dollarlıq neft sövdələşmələri təşkil edib. İran jurnalına müsahibə verən iş adamı 10 milyard dollar sərvətə malik olsa da, borcunun bu məbləğə yaxın olduğunu bildirib.

Zəncani İran hökumətinin xaricə neft satmaq üçün bəzi maneələri aradan qaldırmasında oynadığı rola görə beynəlxalq sanksiyalarla üzləşib. Bunlara Avropa İttifaqının 2012-ci ilin dekabrında və ABŞ-ın 2013-cü ilin aprelində tətbiq etdiyi sanksiyalar daxildir.

2014-cü ildə iranlı milyarder iş adamı Mahafarid Əmir Xosravini 2,6 milyard dollarlıq dövlət bankında fırıldaqçılıqda təqsirli bilinərək edam edilib.