Minsk Qrupu Ermənistanı sülh müqaviləsi bağlamağa qoymur - Rauf Məmmədov

11:43 16.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cənubi Qafqaz, regionu əldən vermək istəməyən güclərin maraqları üzündən gərgin olaraq qalır. Strateji istisadi layihələrə ev sahibliyi edən Azərbaycan xüsusilə hədəfdədir. Üstəlik, ABŞ, Fransa və Rusiya Türkiyənin Cənubi Qafqazda onlara qalib gəlməsini həzm edə bilmirlər. Səfirlərin Şuşa səfərindən imtinası bu üçlüyün Azərbaycan və Türkiyə əməkdaşlığına qarşı birgə addım atdığını və Qarabağda münaqişə ocağını alovlandırmaqla özlərinin regiondakı hakimliyini qorumağa çalışdığını ortaya qoyur. Artıq erməni silahlılarının Naxçıvanda, Tovuzda, Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə silahlı təxribatlar yaratması düyilənlərin sübutu olaraq ortadadır. Azərbaycan bu prosesdən ziyanlı çıxmamaq üçün hansı təxirəsalınmaz addımlar atmalıdır. Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən politoloq Rauf Məmmədov ABŞ, Rusiya, Fransanın Türkiyə və Azərbaycana qarşı birgə addım atmasının görünməyən tərəflərindən danışıb.

-Rauf müəllim, məlum olduğu kimi Rusiya, Fransa və ABŞ səfirləri Şuşaya səfərdən imtina etdilər və üstəlik bu barədə heç bir açıqlama vermək məcburiyyətində olmadıqlarını da açıqladılar. Mixail Boçarnikov, Zakari Qross ilə Erl Lisenbergerin Şuşaya səfərdən imtinasının kökündə əslində hansı siyasi niyyət dayanır?

-Hər üç ölkənin səfirlərinin Şuşaya səfər etməməsi, bi çox mətləbləri ortaya qoyur. Birincisi, səfirlər təmsil etdikləri dövlətin rəsmi mövqeyini ifadə edirlər. Bu danılmazdır. İkincisi, hər üç səfirin bu dəvətə eyni vaxtda eyni şəkildə münasibət göstərmələri belə bir ehtimal irəli sürməyə imkan verir ki, onlar bu məsələni öz aralarında müzakirə edib ümumi qərar verməyi düşünmüşlər. Çünki bu ölkələr ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 ildir Qarabağ məsələsində ortaq mövqedən çıxış etmişlər. Bu gün də onların belə davranmasında təəcüblü bir şey yoxdur. Xüsusilə, Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupuna qarşı məlum sərt etirazı və onlara ehtiyacın artıq olmadığını vurğulaması, görünür, bu təşkilatı dərindən sarsıtmışdır. Buna görə, bu bir cavab reaksiyası kimi də dəyərləndirilə bilər. Bu, həm də Azərbaycana verilən bir mesaj ola bilər ki, sülh müqaviləsinin bağlanması Türkiyənin deyil, ATƏT-in Minsk Qrupunun çərçivəsində mümkün ola bilər. Əks təqdirdə, Ermənistan sülh müqaviləsini bağlamayacaqdır. Yəni, hər üç dövlət bölgədə Türkiyənin güclənməsinə qarşı bir araya gəlirlər.

-Bəs Rusiyanın 10 noyabr sazişi nə demək idi? Rusiyanın ABŞ və Fransa ilə eyni mövqedən çıxış etməsi, bu sazişə zidd deyilmi?

-  Düşünürəm ki, xeyr. Çünki 10 noyabr sazişi də Rusiya-ABŞ-Fransanın ortaq qərarı ola bilərdi. Çünki bu ölkələrdən heç biri nə qədər cəhd etsələr də, İkinci Qarabağ Müharibəsinin qarşısını ala bilmirdilər. 9-10 noyabrda baş verən hadisələr, müharibəni dayandırması, hər üç ölkənin ortaq planı ola bilərdi. Çünki Daqlıq Qarabağın tamamilə Azərbaycanın əlinə keçməsi, Rusiya-ABŞ-Fransanın Azərbaycana təsir mexanizmlərini itirməsi və Cənubi Qafqazdan onların təcrid olunması demək idi. Şuşanın alınması, onların məğlubiyyəti idi. Onlar, Suriya, Liviya, Aralıq Dənizində olduğu kimi, Cənubi Qafqazda da Türkiyəyə uduzdular. İndi Dağlıq Qarabağ kartından, həmçinin, Ermənistan və Gürcüstan kartından istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışacaqlar. İlk növbədə Azərbaycan ilə Türkiyənin arasını vurmaq üçün 5-ci kolonun xidmətlərindən istifadə edəcəklər. Azərbaycanda Rusiyanın və ABŞ-ın 5-ci kolonları (fetöçülər) əməkdaşlıq edirlər. Son dövrdə onlar maskalarını dəyişərək pantürkçü görkəmində ortaya çıxmağa çalışırlar ki, gedən proseslərin içinə daxil olaraq, onları içindən məhv etsinlər. Türkiyədə də eyni proseslər cərəyan edir. Məqsəd, Azərbaycan və Türkiyədə yeni siyasi güclərin hakimiyyətə gətirilməsi ola bilər. Onlar, bu plan ilə öz məqsədlərinə catacaqlarını düşünürlər. Paşinyanın seçkilərdə qələbə qazanmasına Rusiyanın neytral yanaşması da, onun ABŞ və Fransa ilə əməkdaşlıq əlaqələrindən irəli gəlirdi.        

Rusiya-ABŞ-Fransa əməkdaşlıq formatı gizli və açıq şəkildə də olsa mövcuddur. Rusiyaya qarşı qərbdən heç bir təzyiq yoxdur. Əksinə, neftin qiymətlərinin qalxması, onun imkanlarını daha da genişləndirir. Yaxud, “bir kəmər-bir yol” layihəsinin məhdudlaşması, Çinin zəiflədilməsi, Türkiyənin bölgəsəl bir gücdən qlobal gücə çevrilməsinin qarşısının alınması ABŞ və Rusiyanın bir araya gəlməsinə şərait yaradır. Fransanın da Türkiyə məsələsində maraqları onlarla uzlaşır. Buna görə də, biz bu üçlü formata real baxmalı və tədbirli olmalıyıq. Düşünürəm ki, Azərbaycan-Türkiyə təhlükəsizlik sahəsində geniş əməkdaşlığı nəzərdə tutan Şuşa bəyannaməsi ilə strateji planlarını müəyyənləşdirdilər. Ancaq, Cənubi Qafqaz hələ uzun müddət qlobal maraqların toqquşduğu bir bölgə olaraq qalacaqdır. Azərbaycanın güclü regional bir güc olmaqdan və Türkiyə, Pakistan ilə maksimum yaxınlaşmaqdan başqa çıxış yolu yoxdur.

 

Oxunma sayı 2641