Minsk Qrupunun bölgəyə səfəri mümkündür, amma... - Politoloq

17:30 30.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bir çox yerli və beynəlxalq mətbuat orqanlarında, sosial mediada, bəzən saytlar tərəfindən belə məlumatlar yayılır ki, Minsk Qrupu həmsədrlərinin  Xankəndinə getməsinə icazə verlib. Faktiki olaraq Minsk Qrupu həmsədrləri institutunun yenidən fəaliyyətə başlayacağı deyilir.

Minsk Qrupunun fəliyyətinin bərpa olunması və bölgəyə səfəri hazırki reallıqda Azərbaycan, eləcə də region üçün nə dərəcədə önəmlidir?

Bu barədə hafta.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Minsk Qrupunun fəaliyyətinin bərpası ilə bağlı yayılan müxtəlif şaiyyələr, məlumatlar var və məsələyə birmənalı yanaşmaq olmaz.  O, bildirib ki, Minsk Qrupu özü də fəallaşmağa başlayır.

“Müharibədən sonra Minsk Qrupu faktiki olaraq oyundankənar vəziyyətdə qalıb.  Bu qrup özünün varlığını göstərməli, aldığı maaşa görə bir işlə məşğul olmalıdır”.

Politoloq Minsk Qrupu həmsədrlərinin bir qədər əvvəl Nyu-Yorkda öz aralarında görüşlər keçirdiklərini, daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə müəyyən dialoqlar apardıqlarını vurğulayıb. Politoloq həmsədrlərin bölgəyə səfər etmək niyyətində olduğunu önə çəkib.

“Bütün bunlarla yanaşı Azərbaycan Prezidenti Fransa 24 kanalına müsahibəsində dedi ki, əgər Minsk Qrupu iki ölkənin liderinin görüşünü təşkil edərsə bundan imtina etməz. Bu baxımdan bəli, Minsk Qrupunun bölgəyə səfəri mümkündür. Bu baxımdan liderlərin görüşdürülməsi üçün bir müzakirə də apara bilərlər”. 

E.Şahinoğlu bütün bunlarla yanaşı hesab edir ki, əgər Minsk Qrupu həmsədrləri Qarabağın statusu məsələsini müzakirə edəcəklərsə, bu Azərbaycanın maraqlarına cavab vermir. Politoloq bu barədə ölkə başçısı İlham Əliyevin verdiyi bəyanatları qeyd edib.

“Biz Minsk Qrupu ilə bir sıra məsələləri müzakirə edə bilərik. Prezident özü bu  barədə Anadolu Agentliyinə müsahibəsində bildirmişdi. Minsk qrupu Azərbaycanla-Ermənistan arasında bağlanacaq sülh sazişinin mətnini hazırlaya, sərhədlərin müəyyənləşməsinə kömək edə bilər, dəhlizin açılmasına yardım göstərə bilər. Bəli, bu məsələləri Minsk Qrupu çərçivəsində müzakirə edə bilərik. Əks halda bizdən Qarabağın statusuna dair müzakirələrin aparılmasını istəsə, Azərbaycan böyük ehtimalla bu müzakirələrdə iştirak etməyəcək. Ona görə də Minsk Qrupuna da aydındır ki, Azərbaycanı istəmədiyi mövzular ətrafında müzakirələrə cəlb edə bilməz”.