“Misir və Türkiyə liderlərinin birgə bəyanatı yeni dövrün başlanğıcı olacaq” - MÜSAHİBƏ

10:20 24.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada müharibənin dayandırılması, yaralıların təxliyəsi və yardımların çatdırılması üçün Misir rəhbərliyi ilə əməkdaşlıq etdiklərini bildirib. O, bu yaxınlarda Misirə səfər etməyi planlaşdırdığını açıqlayıb. Bu arada, İsraillə Həmas arasında müvəqqəti atəşkəs razılaşmasının da qüvvəyə minməsi gözlənilir. Bütün bu məsələlərə siyasi uzman Cəlal Kazdağlı aydınlıq gətirməyə çalışıb.

- İsrailin Qəzzaya hücumundan sonra Türkiyə ilə Misir arasında əlaqələr sürətlə inkişaf edib. Prezident Rəcəb Tayyib Ərdoğan və Misir lideri Əbdülfəah əs-Sisi ilk dəfə Ər-Riyadda keçirilən İƏT və Ərəb Liqası toplantısında görüşüb, çox səmimi söhbət ediblər. Bu görüş artıq davam edən ikitərəfli münasibətləri sürətləndirdi. Türkiyə və Misir Qəzzaya yardım və münaqişənin sona çatması üçün yaxından işləyib. Müvəqqəti atəşkəs razılaşmasının gündəmə gəlməsi ilə Misirlə Türkiyə arasında pərdəarxası davam edən münasibətlər indi ictimaiyyət qarşısında açıq şəkildə davam edir. Prezident Ərdoğanın Əlcəzairdən qayıdarkən təyyarədəki açıqlaması bunu göstərir. Ərdoğanın yaxın vaxtlarda Misirə səfəri gözlənilir.

- Ərdoğanın Misirə səfəri konkret Qəzza müharibəsinin başa çatmasına təsir göstərəcəkmi?

- Xarici İşlər Nazirlikləri uzun müddətdir ki, xüsusilə Qəzza məsələsində birgə işləyir. Amma Misir - Türkiyə münasibətləri təkcə İsrail - Həmas məsələsi ilə məhdudlaşmayacaq. Bu əlaqələr, ilk növbədə daimi sülh və iki dövlətli həlli hədəfləməklə davam edəcək. Təbii ki, bu, bütün regionda baş verən proseslərə təsir edəcək. Normallaşma daha aydın görünəcək. Bu iki güclü ölkə olan Türkiyə və Misir arasında münasibətlərin normallaşması bütün bölgə üçün önəmlidir. Bu, sabitliyə və sülhə böyük töhfə verəcək. Hesab edirəm ki, iki liderin səfər zamanı mətbuat qarşısında deyəcəkləri yeni dövrün başlanğıcının elanı olacaq.

- Türkiyənin atəşkəsdə hər hansı rolunu görürsünüz?

- Atəşkəsin təmin olunmasında Türkiyənin rolu böyükdür və onun yüksək səviyyədə töhfəsi var. Türkiyə Həmas-la birbaşa danışıqlar apara bilən azsaylı ölkələrdən biridir... Üstəlik, Türkiyə ilə atəşkəs danışıqlarını aparan ölkə - Qətər arasında münasibətlər son zamanlar çox yüksək səviyyədə inkişaf edib. Türkiyə Misirlə birlikdə Həmas-ı inandırmaqda fəal rol oynadı. Xarici işlər naziri Hakan Fidanın İƏT və Ərəb Dövlətləri Liqasının təyin etdiyi xarici işlər nazirlərindən ibarət heyətdə olması, London və Parisə səfərləri zamanı keçirdiyi görüşlər Türkiyənin həm meydanda, həm də masada olduğunu göstərir.

- Sizcə atəşkəs rejiminin icrasında hər hansı pozulma gözlənilir?

- Cümə günü atəşkəsin baş tutması şansı daha güclüdür. Tərəflər arasında heç bir əsaslı problem yoxdur. Detallara görə müəyyən gecikmə var. Bu təfərrüatlardan ən önəmlisi odur ki, Həmas-ın azad edəcəyi girovların adlarının siyahısı aydın deyil... Burada tərəflər arasında danışıqlar davam edir. Üstəlik, 7 həftəlik münaqişədən çıxan iki tərəfin dərhal mübadilə həyata keçirə biləcək mexanizm qurması asan deyil. Görünür, logistik detallar üzərində iş gedir. Amma İsrail tərəfi də açıq şəkildə bildirdi ki, danışıqlar davam edir. Əslində İsrail də girovların adlarını açıqlayıb. Amma Qətər və Həmas yekun razılaşmanı hələ imzalamayıb. Təfərrüatlar dəqiqləşdirildikdən və razılaşdırıldıqdan sonra bu imzalar atılacaq. Bu arada, münaqişələrin davam etməsi heç də xoşagələn vəziyyət deyil. Ən azından yavaşlaması gözlənilirdi. Bu bizə onu göstərir ki, masada qəbul edilən qərarın icrası o qədər də asan deyil. Sahənin unikal çağırışları və mexanizmin qurulması qısa müddətdə öz həllini tapacaq. Türkiyənin son nöqtədə bu prosesə töhfə verməsini gözləmək olmaz. Artıq proses davam edir və hec bir problem yoxdur. Bu məqamda Türkiyədən bir xahiş olarsa, lazım olanı dərhal edəcək. Türkiyə və Misir kimi region ölkələrinin növbəti hədəfi atəşkəsin daimi olmasını təmin etmək, iki dövlətli həll infrastrukturunu yaratmaq olacaq.

Oxunma sayı 201