Misirdə "at və eşşək əti yeyin" təklifi gündəm oldu

11:15 13.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İnflyasiyanın sürətləndiyi bir vaxtda ərzaq məhsullarının da durmadan bahalaşdığı Misirdə xalq yaşayışın çətinləşməsinə qarşı mübarizəsini davam etdirir.

Hafta.az “Middle East Monitor”a istinadən yazdığına görə, hökumət fevral ayı inflyasiya rəqəmlərini açıqlayıb. Əvvəlki ayda 26,5 faiz olaraq açıqlanan illik inflyasiyanın 32,9 faizə çatdığı müşahidə edilib. Bu prosesdə qiymətləri ən çox bahalaşan mallar taxıl, ət, toyuq, balıq və meyvələr olub. Son bir ildə ərzaq məhsullarının qiymətlərinin 61,5 faiz artdığı bildirilir.

Jurnalist Tamer Amin bu mühitdə dediyi sözlərlə reaksiyaların hədəfi olub. Amin televiziya verilişində Misirin Dekahliya bölgəsində at əti satan Pakistan vətəndaşının həbsindən danışıb və aşağıdakı ifadələrdən istifadə edib: “Dünyanın bir çox ölkələrində at, eşşək əti satılır və yeyilir, onların arasında inkişaf etmiş ölkələr də var. Parisdə at əti çox bahalı yeməkdir. Deyirlər ki, sağlam və təhlükəsizdir. İslam şəriətində at və eşşək ətinin istehlakını qadağan edən bir şeyin olmasına inanmıram. Müsəlmanlar üçün yeganə qadağa donuzlarla bağlıdır”.

Tamer Əminin at və eşşək ətinin qanuniləşdirilməsi təklifinə Milli Qidalanma İnstitutunun rəsmisi Məcdi Nəzihin reaksiyası, "Elm at və eşşək ətinin qadağan edilməsi lazım olduğunu demir. Bu məsələ ictimai razılıqdan asılıdır" deyib.

Proqramın yayımlandığı “Al Nahar” telekanalı sonradan bu sözlərin yer aldığı hissələri yığışdırsa da, 8 martda verilişi lentə alan bir çox insan həmin görüntüləri sosial mediada müzakirəyə açıb. Bu təklifin Misir xalqına qarşı təhqir olduğunu iddia edənlər az deyil.

Dekabr ayında Milli Qidalanma İnstitutu sosial mediada bir yazı ilə reaksiya aldı. Toyuq ayaqlarının yeyilməsi tövsiyə edilərkən “Həm bədənə, həm də büdcəyə faydalı” ifadəsi işlədilib.