Rusiyada baş verən terror hadisəsindən sonra həyata keçirilməsi planlaşdırılan təhlükəsizlik tədbirləri arasında mobil telefonların qeydiyyatı da gündəmdədir.
Hafta.az-ın yazdığına görə, rusiyalı senator Artyom Şeykin Roskomnadzor-a mobil cihazların məcburi qeydiyyatının tətbiqi tələbi ilə müraciət etməyi planlaşdırır.
Şeykinin təklifi ondan ibarətdir ki, SİM kartı qeydiyyatdan keçirərkən istifadəçilərdən cihazın IMEI kodunu pasport məlumatları ilə birlikdə telekommunikasiya operatoruna təqdim etsinlər. Bu addımın Rusiyanın “boz” SİM kart bazarı probleminin həllinə kömək edəcəyi gözlənilir.
Şeykin təklif edib ki, mövcud abonentlər rabitə cihazlarını qeydiyyatdan keçirməli, rabitə operatorlarının ofislərində və Dövlət Xidmətləri portalında abunəçilərin zəmanətli identifikasiyası üçün bir müddət müəyyən edilməlidir.
Həmçinin bildirilib ki, istifadəçilər öz cihazlarını qeydiyyatdan keçirməkdən imtina etdikdə, rabitə operatorlarına belə abunəçilərə xidmətlərin dayandırılması səlahiyyəti verilməlidir.
"Əgər abunəçi öz cihazını və yaxud SİM kartını dəyişməli olarsa, o, əvvəlki qeydiyyatını ləğv etməli və pasport məlumatlarını təsdiqləyib yenidən ötürməlidir", - Şeykin vurğulayıb. Bu təklif mobil operator şəbəkələrində abunəçilərin və cihazların qeydiyyatının monitorinqini təmin etmək məqsədi daşıyır
Rusiyalı senatorun bu təklifinin nə vaxt lazımi komitələrdə qəbul edilərək qanun layihəsi kimi parlamentə gələcəyi, qəbul edilib-edilməyəcəyi hələlik bəlli deyil.