Dünyaca məşhur dizayner Giorgio Armani deyir ki, “iş hər şeyin dərmanıdır”.
Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, 1975-ci ildə qurduğu “Giorgio Armani” brendi ilə moda sənayesini dəyişdirən 90 yaşlı dizayner "Wall Street Journal" qəzetinə danışıb. Müsahibəsində ona verilən “kral” ləqəbini gülünc hesab etdiyini bildirir və hamı kimi çox çalışdığını deyir.
Uzun ömrünü zəhmətə borclu olduğunu bildirən Armani bu yay səhhətində müəyyən problemlər olduğunu, lakin işə başlayan kimi özünü yaxşı hiss etdiyini bildirib və əlavə edib: “İş ən yaxşı dərmandır. Yenidən işə başlayan kimi özümü daha yaxşı hiss etdim”.
Armani oktyabrın 13-də İtaliyanın "Corriere della Sera" qəzetində dərc olunan müsahibəsində iki-üç ildən sonra təqaüdə çıxacağını bildirib. Sözlərində ciddi olmadığını bildirərək, "Sadəcə zarafat etdim. Axı nə olacağını bilmirik" deyir.
İtalyan dizayner “təvazökarlığın” arxada qoymaq istədiyi mirasın onurğa sütunu olduğunu bildirir və “Bəzən bu sənayedə olan insanların güclü eqoları olur, təvazökar davranmaq vacibdir” deyir.
Moda tarixinin ayrılmaz hissəsinə çevrilən şirkətinin ilk gündən müstəqil fəaliyyət göstərdiyini bildirən Armani heç kimin tabeliyində olmayacağını vurğulayır və belə davam edir: “Bu qürur məsələsi deyil. Söhbət işləri görməkdən gedir. Fikrim olanda onu həyata keçirmək istəyirəm”.
Armani əlavə edir ki, o, lüks brendlərdən və böyük konqlomeratlardan şirkətini satmaq üçün çoxlu təkliflər alıb, lakin heç birini qəbul etməyib.
1934-cü ildə İtaliyanın şimalındakı Piacenza şəhərində doğulan Armani tibb təhsili aldıqdan sonra dizaynla maraqlanıb və modaya üz tutub. İtalyan moda nəhəngi Nino Cerruti üçün paltar hazırladıqdan sonra öz şirkətini qurub.
Yaşadıqca işinə davam edəcəyini bildirən Armani, "Bir az da yaşamaq istəyirəm. Həyatdan ayrılmaq çətindir. Gözlədiyimdən də çətin olacaq və özümü buna hazırlayıram" deyib.