Moldova Müdafiə Nazirliyinin baş katibi Valeriy Mija deyib ki, rəsmi Kişinyov Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (CFE) dayandırılmasını təsdiqləyib.
Hafta.az-ın yazdığına görə, Mija Nazirlər Şurasının iclasındakı çıxışında CFE-nin imzalandığı şərtlərə diqqət çəkərək, "Moldova daha sonra müqavilənin icrasına qayıtmaq imkanını saxlamaqla bu müqavilədən çıxır" deyib.
Moldova hökumətinin qərarı bildirişin razılaşan dövlətlər tərəfindən alınmasından 150 gün sonra qüvvəyə minəcək.
Qanun layihəsi əvvəlcə parlamentin təsdiqinə, sonra isə prezident Maya Sanduya təqdim olunacaq.
Müqavilə Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən 1990-cı ildə imzalanıb və 1992-ci ildə keçmiş sovet ölkələri öz ərazilərində saxlaya biləcəkləri hərbi texnikanın maksimum miqdarı barədə razılığa gəliblər.
Moldova bu sazişi tərk etdikdən sonra öz ərazisində ABŞ və NATO əsgərlərini və sursatlarını saxlaya biləcək.
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə 19 noyabr 1990-cı ildə NATO ilə Sovet İttifaqı arasında imzalanmış və müəyyən hərbi ixtisarların aparılmasını öhdəsinə götürən sazişdir.
“Soyuq Müharibə”nin son illərində müzakirə edilən və tamamlanan müqavilə Avropada adi hərbi texnikanın əsas kateqoriyalarına geniş məhdudiyyətlər qoyub və artıq silahların məhvini tələb edib.
2023-cü ilin noyabrında NATO Rusiyanın çıxmasından sonra “Soyuq Müharibə” dövründən Avropa Adi Silahlı Qüvvələr Müqaviləsini dayandırıb.