“Dindar və yaxud din xadimlərinin geyim forması necə olmalıdır” - məsələsi bu günün aktual mövzusu olaraq cəmiyyətin müəyyən kəsimində müzakirələr yaradır. Bir sıra ekspertlər hesab edirlər ki, dindarların geyimi dinin bir peşə halında özünü təzahür etməsinin göstəricilərindən biri kimi ortaya atılır.
Bəziləri sual edir ki, əgər Ərəbistan, Türkiyə, İran din xadimlərinin öz geyimləri, Azərbaycan dindarlarının milli geyimləri niyə yoxdur. Niyə Azərbaycanda dindarlarımızın yarısı Türkiyə, yarısı İran kimi geyinir. Bu problem haradan qaynaqlanır və yaxud vahid milli dini geyimin tətbiqinə nə mane olur?
Bu istiqamətdə hafta.az-a danışan dinşünas alim Elşad Miri maraqlı məqamlara diqqət şəkib. E.Miri hesab edir ki, əslində İslamda hər hansı xüsusi bir geyim forması yoxdur. Onun fikrincə, geyim zamanla dəyişdiyi üçün İslam dini ilə bağlı formalaşan və bu günə qədər gətirilib çıxarılmış geyimlər də dəyişməli idi.
“Peyğəmbərimiz peyğəmbər olmamış nə geyinirdisə, sonra da həmin geyimini dəyişmədi. Sadəcə düşüncələrini, fikirlərini dəyişdi. Məsələn, bu gün insanlarımız, bizim özümüz keçmişdə olan mental adət-ənənələrimizə uyğun olaraq geyinirik?
Din insanlıq, yaşam tərzidir. Qurana da baxdığımız zaman biz bunun əksini görə bilmərik. Bu gün o cür geyinən mollalar elə fikirləşirlər ki, bu, İslami geyimdir. Amma yadlarına salsınlar ki, peyğəmbərin dövründə Ona zülm verənlər də eyni formada geyinirdilər. Peyğəmbərin geyimi o dövrdə başqalarından heç nə ilə fərqlənməyib”.
E.Miri qeyd edib ki, bu gün “din xadimi” anlayışı xristianlıqdan götürülərək peşə halına gətirilib. Onun sözlərinə görə, sonradan da belə bir geyim forması tətbiq edilib və o cür də davam etdiriblər.
“Məsələn, yəhudlilər ibadət əsnasında üzərlərinə şal atmağa məcbur olurlar. Bununla bağlı Tövrada müəyyən müddəlar var onlara riayət edirlər. Xristianlar özlərini yəhudilərdən fərqləndirməkdən ötəri müxtəlif geyim, rəng formaları müəyyənləşdirdilər. O da məzhəblərə görə dəyişən bir məsələdir. Amma bu, İslamda heç bir zaman olmayıb. Sadəcə sonradan müsəlmanlar “din xadimliyi “ peşəsini formalaşdırdıqları üçün mövcud olan geyim formasını uyğunlaşdırdılar, bu gün də insanlara təqdim edirlər.
“Azərbaycanda İslam modeli yaranmalıdır”- deyən E.Miri həmin model yaranarkən ehtimal edilən “milli İslam dini geyim tərzi”nin də ora daxil olması ilə bağlı mülahizələri rədd etdi.
“Hesab edirəm ki, Azərbaycanın İslam dini adına heç bir geyim tərzi olmamalıdır. Məsələn, bu gün xristianlığın özündə müxtəlif protestant məktəbləri var. Həmin məktəblərin özündə həmin geyim, xüsusi forma məsələsin etiraz edirlər. Onlar da bunun doğru olmadığını ifadə edirlər. Azərbaycan İslam modelində də hər hansı bir din xadiminin xüsusi geyim məsələsi olmamaldır. Həmin o din adamını dindar olmayanlardan fərqləndirici bir xüsusiyyət ola bilməz. Çünki din insanın yaşamı ilə əlaqədar olan bir məsələdir. Əgər bir insanın əlindən, dilindən başqasına zərər gəlmirsə, əksinə faydalı olursa o İslama xidmət edən adamıdır. Yəni, din bu keyfiyyətlərlə bağlı olan məsələdir. Yoxsa, hər hansı bir formanı geyinmək, iranlıların din adamlarının geyim formasını, Türkiyənin, ərəblərin dini geyim tərzini Azərbaycana gətirmək bizim İslam modelinə heç nə verməyəcək”.
E.Miri Azərbaycanda müxtəlif islam ölkələrinin geyim formalarının istifadə olunması probleminin bu insanların digərlərindən fərqləndirilməsi ilə bağlı önə çıxdığını deyib.
“Bu özünü fərqli bir peşənin nümayəndəsi kimi görməkdir. Və yaxud müxtəlif təhlükəsizlik qurumlarında olan uniformalar kimi bunlar da dinin uniformasını formalaşdırmağa çalışır. Yoxsa İslamın elə bir geyim forması yoxdur və heç bir zaman olmayıb. Bu gün ərəblərin geyiminə baxın. Öz milli geyimllərini indi də davam elətdirirlər. Lakin hesab edirəm ki, din adı altında insanları bir-birindən fərqləndirən geyim formaları olmamalıdır”.