Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

17:45 28.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qəsəbə aylığı” görüşləri çərçivəsində Qaradağ rayonu Müşviqabad qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti səyyar görüş keçirilib.

Hafta.az yazır ki, görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilə yanaşı, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyiblər.

Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramov 2019-cu ildə qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.

Ənənəvi “Açıq mikrofon” formatında keçən səyyar görüşdə çıxış edən sakinlər Bakı şəhərində, eyni zamanda, Müşviqabad qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə ediblər. Sakinlər ötən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayıblar.

Sakinlərin suallarını cavablandıran Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu deyib. 

Daha sonra qəsəbə sakinlərindən 7 nəfəri fərdi qaydada dinlənilib, həlli mümkün problemlər yerindəcə aradan qaldırılıb, həlli vaxt tələb edən müraciətlərə baxılması üçün aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.