Bu ilin yanvar ayında Azərbaycandan 2 milyon 14,7 min ABŞ dolları dəyərində 2 278 ton nar ixrac olunub. Kənd Təsərrüfatı Nazirliyinin məlumata görə, nar ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 33,3 faiz, həcm olaraq 35,3 faiz artıb. Məlumatda o da vurgulanır ki, 2025-ci ilin ilk ayında Azərbaycandan xarici bazarlara nar ixracının həcmi artmaqda davam edir.
Qeyd edək ki, Azərbaycanın nar ixracı ilə bağlı rəqəmləri son illərdə dəyişkənlik göstərir. Məsələn, 2018-ci ildə ölkəmiz nar ixracından 13 milyon ABŞ dolları gəlir əldə edib. 2019-cu ildə 9,300 ton nar ixrac edilərək 12.4 milyon ABŞ dolları gəlir əldə olunub. 2022-ci ildə 23,335.01 ton nar ixrac edilərək 31,564.43 min ABŞ dolları gəlir əldə edilib. 2023-cü ildə 28,600 ton nar ixrac edilərək 30.6 milyon ABŞ dolları gəlir əldə olunub. 2024-cü ildə 33.9 min ton nar ixrac edilərək 29.8 milyon ABŞ dolları gəlir əldə edilib. Bu məlumatlar göstərir ki, son illərdə nar ixracının həcmi artsa da, əldə olunan gəlirdə müəyyən azalmalar müşahidə olunur. Belə ki,, 2024-cü ildə ixrac həcminin 18.5 faiz artmasına baxmayaraq, gəlir 2.7 faiz azalıb. Bu azalma əsasən Rusiya rublunun dəyərdən düşməsi və logistika xərclərinin artması ilə əlaqələndirilir.
Hazırda ölkədə rəsmi qeydiyyatdan keçmiş 8 min hektaradək nar bağı var. Amma qeydiyyatda olmayan, o cümlədən həyatyanı sahələrdə yaradılan bağları nəzərə aldıqda bu rəqəm bir neçə dəfə artıqdır. Nar bağlarının təqribən 80 faizi Mərkəzi Aran regionunun payına düşür. Fermerlər aqrar sığorta mexanizmi vasitəsilə nar əkinlərinin sığortalanması imkanlarından istifadə edirlər. Sığorta haqqının ödənilməsində tətbiq edilən 50 faizlik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə nar əkinlərini sığorta edə bilərlər. Belə ki, nar bağlarının böyük hissəsinin yerləşdiyi Mərkəzi Aran regionunda 1000 manatlıq nar məhsulunun baza zərfi ilə sığortalanması fermerə cəmi 8,2 manata başa gəlir. Fermerlər əlavə ödənişlə nar bağını dolu nəticəsində baş verən keyfiyyət itkisi və şaxtavurma kimi risklərdən də sığorta edə bilərlər. Aqrar sığorta şərtlərinin sərfəli olmasına görə, ölkədə sığortalanan nar bağlarının sahəsi artmaqdadır. 2023-cü ildə 455 hektar nar bağı sığorta edildiyi halda, 2024-cü ildə bu rəqəm 2 dəfədən çox artaraq 1000 hektara yaxınlaşıb. Yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir. Nar bağlarının salınması üçün dövlət tərəfindən birdəfəlik subsidiya ayrılır. Hər hektar intensiv nar bağlarının salınmasına görə 3000 manat subsidiya verilir.
Nar istehsalçıları da dövlətin nar istehsalını stimullaşdıran addımlarına böyük ümidlər bəsləyirlər. Lakin bu istiqamətdə şərtlərin müəyyən qədər yumşaldılmasının tərəfdarıdırlar. Çünki sözügedən subsidiya yalnız 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-nə qədər salınacaq bağlara və müəyyən şərtləri ödəyən təsərrüfatlara şamil edilir. Üstəlik, bağlarda damcı suvarma sistemi olmalı, minimal ting sayı və digər texniki şərtlər yerinə yetirilməlidir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib ki, narçılıq ənənəvi kənd təsərrüfatı sahələrindən biridir: “Amma bizdə onun becərilməsi üsulu müasir standartlara uyğun deyil. Fermerlər anlamalıdır ki, nar bağlarına düzgün aqro-texniki qulluq edilməlidir. Əks halda yüksək keyfiyyətli məhsuldarlıq əldə edilən deyil. Nar bağları sortlaşdırılmalıdır, köhnə bağlar yeni bağlarla əvəzlənməlidir. Sonra alınan məhsulun xarici ölkəyə diversifikasiya etmək olar. Bazar məsələsində nə hökumətə, nə Assosiasiyaya ümid etmək olar. Hökumət stimullaşdırmalı, yüksək subsidiya ilə təmin etməlidir. Fermerlər birləşib bazara çıxış tapmalıdır. Bazarı hökümət taparsa fermerin ondan asılılığı olacaq. Çünki qiyməti diqtə edəcək. O qiymət də nar istehsalçısını qane etməyəcək”.
Mövzu ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov bildirib ki, nar bağlarında aqrotexniki qulluq işlərinin vaxtında və düzgün aparılması çox mühümdür və bu, məhsuldarlığı artırır: "Hansı fermer aqrotexniki qulluq işlərini düzgün aparırsa, normal məhsul da götürür. Xarici ölkələrdə Azərbaycan narına həmişə tələbat var".