Narkomanların 45 faizi qadınlar və uşaqlardır

12:24 09.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son rəsmi məlumatlara görə, Azərbaycanda narkomanların 40-45 faizi qadın və uşaqlardır. Bu rəqəmlər bəşəriyyəti çıxılmaz yola sürükləyən bəlanın nə qədər təhlükəli olduğundan xəbər verməyə kifayət edir.

Hazırda bütün dünyada narkomaniya ilə mübarizə məqsədilə sosial şəbəkələr üzərindən çağırışlar edilir, eyni zamanda, genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir. Buna baxmayaraq narkotik aludəçiliyinin yaş həddi enməkdə davam edir.

Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev hafta.az-a açıqlamasında bildirdi ki, son dövrlər narkotik vasitələrin istifadəsi halları  azyaşlılar  arasında xeyli artıb. Azyaşlıların maddə istifadəsini erkən aşkar etmək sonrakı mərhələ üçün çox mühümdür:

“Öncə valideyn övladı ilə bağlı müəyyən informasiyaya sahib olmalıdır. Bilirik ki, maddə istifadəsi zamanı şəxsdə 3 sferada - fizioloji, psixoloji və sosial yöndə dəyişiklik olur. Valideyn hiss etməlidir ki, övladında hansı dəyişiklik meydana gəlir. Simptomlar nə qədər tez aşkarlanarsa, o şəxsi maddədən daha tez uzaqlaşdırmaq mümkün olar”.

Azyaşlıları narkotik maddə asılılığına sövq edən səbəblərə gəldikdə isə psixoloq hesab edir ki, səbəblər müxtəlif olsa da müalicə və reablitasiya yolları kompleks iş tələb edən oxşar prosesdir:

“Necə edək ki, övladlarımız maddədən istifadə etməsin? Bu, kompleks iş olub, uşaqlıqdan başlayan prosesdir. Uşağı narkotik vasitəyə travmalar, valideynlər arasındakı boşluq, mükafatlandırma və cəzalandırmanın düzgün həyata keçirilməməsi apara bilər. Boşanmış ailələrdə doğulan, ailədə şiddət görən uşaqlarda bu problemə daha çox rast gəlinir. Hansı ki, belə uşaqlar bu vasitə ilə özlərinə komfort zona yaratdıqlarını düşünürlər”.

Mütəxəssisin sözlərinə görə şəxsi təcrübəsində daha çox həyat yoldaşı tərəfindən və ailədaxili problemlər ucbatından narkotik vasitələrə qurşanan qadınları daha çox görüb:

“Mənim xəstələrimin çoxu həyat yoldaşları tərəfindən birbaşa, yaxud dolayı yolla maddəyə yönləndirilib. Səbəblər müxtəlifdir. Bu, maraq dairəsi, dost çevrəsi ilə bağlı ola bilər. Bir ara çıxmışdı ki, arıqlamaq üçün qadınlara metamfetamin verirlər. Düzünü desəm, mən bu reallıqla tanış olmamışam. Elə bir xəstəm olmayıb. Amma ola bilər ki, belə səbəblər də insanları narkotik vasitəyə sövq etsin. Həmçinin yanlış maarifləndirmə, aldadılma, həyat yoldaşı ilə arasında baş verən konflikt qadınları bu yola sürükləyər. Əvvəl də qeyd etdiyim kimi, maddə istifadəsinin qarşısını almaq üçün istifadəçilərin, müalicəsi komanda şəklində aparılmalıdır. Burada psixoloq, psixoterapevt, nevroloq, narkoloq, başlıcası, ailə birgə mübarizə aparmalıdır. Ailənin dəstəyi ona görə mühümdür ki, dəyərlər sistemi möhkəm olduqda maddə istifadəsindən uzaqlaşmaü daha effektiv olur. Bütün yükü maddə istifadəçisinin çiyinlərinə atıb, "Sən güclü olmalısan, iradəli olmalısan" kimi fikirlər səsləndirmək yanlış olardı. Bu, heç bir effekt vermir”.

Növbəti həmsöhbətimiz olan kriminalist Teymur Baloğlanov da son dövrlərdə qadınlar və uşaqlar arasında narkotik vasitələr qəbul edənlərin sayının çoxalmasını təəssüf hissi ilə vurğuladı. Həmçinin o, dövlətimizin bu bəlaya qarşı apardığı mübarizəni yüksək qiymətləndirdi:

“Hesab edirəm, 40-45 faizlik statistika həqiqəti əks etdirir. Son vaxtlar narkotiklə mübarizə fonunda Daxili İşlər Nazirliyi və digər müvafiq orqanların apardığı əməliyyatlar nəticəsində xeyli iş görülüb. Düşünürəm ki, bu kateqoriyadan olan şəxslərin narkotika qurşanmasının bir neçə səbəbləri var. Hazırda sosial şəbəkələr üzərindən belə maddələrin satışını həyata keçirənlərə rast gələ bilinir. Hətta onlar arasında məsuliyyətə cəlb olunanlar da var. Təəssüf ki, narkotiklərin təbliği gedir. İlk növbədə, bunların qarşısı alınmalıdır. Uşaq yaşlarından başlayaraq narkomaniyanın fəsadları ilə bağlı təbliğat gücləndirilməlidir. Maarifləndirmə aparılmalıdır. Uşaqlarla iş aparılan zaman, ilk növbədə, valideynlərin üzərinə böyük məsuliyyət düşür. Gənclər arasında internetdən asılılıq yaranıb, sosial platformalardan qurulan əlaqə onların psixologiyasına təsir edir”.

T.Baloğlanov qadınlar arasında narkotik vasitə aludəçiliyinin çoxalmasını isə ilk növbədə işsizlik faktoru ilə əlaqələndirir:

“Qadınların iş yeri ilə təmin olunması dövlətin öhdəliyinə düşən məsələdir. Onların əmək fəaliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir. Qadınlar arasında işsizlik faizinin aşağı salınması, həm də narkomaniya ilə mübarizədə bizə böyük dəstək olacaqdır”.

Sonda isə nəzərinizə çatdıraq ki, rəsmi statistikaya görə, bir narkotik istifadəçisi il ərzində 5-17 şəxsi narkomanlığa cəlb edə bilir. Buna görə də həm ailədə, həm də cəmiyyətdə narkomaniya dəhşətinin qarşısını almaq üçün hər birimiz ayıq-sayıq olmalıyıq.

Oxunma sayı 20