NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

17:03 19.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

NASA Saturnun ən böyük peyki olan Titana uçuşu nəzərdə tutan “Dragonfly” missiyasının 2028-ci ilin iyulunda başlayacağını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, kosmik missiya 3,35 milyard dollara başa gələcək. Titan Günəş sistemində Yerdən başqa səthində hava və maye olan yeganə səma cismidir. Onun atmosferi, yağışı, gölləri, okeanları, sahilləri, dərələri, dağ silsilələri və bəlkə də həyatın özü var.

2034-cü ildə Titana çatması planlaşdırılan “Dragonfly” missiyası iki il davam edəcək. Missiya zamanı kosmik gəmi peykdən bir sıra nümunələr götürəcək.

NASA-nın elmi missiya direktorluğunun köməkçi administratoru Nikki Foks bunun geniş ictimaiyyətin marağına səbəb olan möhtəşəm bir layihə olduğunu söyləyib. Bildirilib ki, Titandakı cazibə Yerin cəzbetmə qüvvəsinin cəmi 14 faizini təşkil edir. O, Yerin aldığı günəş işığının yalnız bir faizini görür. Peykin dənizləri və gölləri isə su deyil, maye metandan ibarətdir.

Məlumata görə, “Dragonfly” missiyası pandemiya səbəbindən ləngiyib. 2019-cu ildə seçildiyi zaman onun bir milyard dollara başa gəlməsi gözlənilirdi. Missiya 2026-cı ildə işə salınmalı və səkkizillik kruiz mərhələdən sonra peykə çatmalı idi. Bununla belə, NASA missiyanın kruiz mərhələsini qısaltmaq üçün ağır yük daşıyan aparatı maliyyələşdirməklə gecikmiş buraxılışı kompensasiya etmək qərarına gəlib.

Oxunma sayı 60