İspaniyanın “El Pais” qəzeti yazıb ki, NATO ölkələrinin hərbi qulluqçuları artıq Ukraynada kəşfiyyat və təlim missiyaları yerinə yetirirlər.
Hafta.az-ın yazdığına görə, qəzet onu da qeyd edir ki, NATO qoşunları hərbi əməliyyatlarda birbaşa iştirak etmir.
“El Pais” mənbələrinin məlumatına görə, Qərb ölkələrinin Ukraynadakı hərbi kontingenti bir qrup ekspertdən ibarətdir. Onlar Ukrayna ordusunu cəbhədəki vəziyyətlə bağlı məlumatlarla təmin edir, alınan silahların vəziyyətini nəzarətdə saxlayır və istifadə zamanı yaranan problemləri aradan qaldırır.
Bildirilir ki, bu ekspertlərdən bəziləri könüllü olaraq Ukraynaya getməyə qərar verən və Ukrayna silahlı qüvvələri sıralarına qoşulan təqaüdçü qərbli hərbçilərdir.
Polşanın xarici işlər naziri Radoslav Sikorski martın 8-də Ukraynada NATO əsgərlərinin olduğunu bildirib.
Qəzet iddia edir ki, xarici hərbi qulluqçular Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüş əməliyyatlarında guya könüllü olaraq iştirak ediblər.
Vladimir Putin dəfələrlə bildirib ki, Rusiya NATO qoşunlarının Ukraynada olmasından xəbərdardır.
Fevralın 26-da Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, bir çox Aİ və NATO ölkəsi Ukraynaya qoşun yeritməyi nəzərdən keçirir. Həmin gün Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi birləşmələrin yerləşdirilməsinə icazə verilməsinin müzakirə edildiyini və bunu dəstəklədiyini bildirib.
Fransa prezidentinin bu sözlərindən sonra ABŞ, İngiltərə, Polşa, İsveç, Almaniya, Slovakiya, Çexiya, Macarıstan və İtaliya münaqişələrə əsgər göndərməkdən imtina edən bəyanatlar səsləndiriblər.