“Sözsüz ki, Naxçıvanda keçmişdən qalma problemlərin həlli istiqamətində işlər gedir. Artıq belə görünür ki, Naxçıvan əlahiddə bir səlahiyyətləri olmayan inzibati əraziyə çevriləcək. Təbii ki, Bakıdan da birbaşa idarə olunacaq. Artıq hamı görür ki, Naxçıvanda Vasif Talıbovun qurduğu sistem, yaratdığı problemlər aradan qaldırılmaq üzrədir və əhalinin buna böyük bir ehtiyacı var. Və ümumiyyətlə, Azərbaycanda əlahiddə statusa malik vilayət, yaxud digər ərazi vahidi olmamalıdır”
Bu fikirləri hafta.az-a açıqlamasında Milli İstiqlal partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov son aylar Naxçıvanda baş verən dəyişikliklərə münasibət bildirərkən söyləyib.
İstiqlalçı deputat Naxçıvanın “Muxtar Respublika” statusunun ləğv olunması haqda təkliflərə də münasibətini açıqlayıb.
“Mən hələ 1995-ci ildə Milli Məclisdə Konstitusiya komissiyasının üzvü kimi Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu zamanı Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası tərkibində muxtar dövlət olması haqqındakı bəndə qəti etirazımı bildirmişdim. O səbəbdən ki, Azərbaycan unitar dövlət olduğu halda onun tərkibində ikinci bir dövlətin olması qanunvericiliyə və məntiqə uyğun deyil. Təəssüf ki, o zaman müəyyən səbəblərdən həmin maddə olduğu kimi qəbul edildi, yəni Naxçıvan faktiki olaraq Azərbaycan dövləti tərkibində dövlət olaraq qaldı. Ancaq düşünürəm ki, indi artıq həmin maddənin dəyişdirilməsinin vaxtı çatıb. Məlumdur ki, 1921-ci ildəki Moskva və Qars müqavilələrinə görə Naxçıvan ərazi muxtariyyəti statusu ilə Azərbaycanın protektoratına verilib. Ərazi muxtariyyəti isə heç də Naxçıvana dövlət statusu verilməsini nəzərdə tutmur. Ona görə də Azərbaycan dövləti Naxçıvanı öz tərkibində yalnız bir vilayət kimi təsbit etməlidir”
“Mən ümumiyyətlə, Azərbaycanda vilayət sisteminə keçirilməsinin tərəfdarıyam. Çünki kiçik-kiçik rayonların olması ayrıca bürokratik strukturların çoxalmasına, korrupsiya, məmur özbaşınalığına, vərəndaşların incidilməsinə səbəb olur və deməli, idarəçiliyi zəiflədir. İqtisadi zonalar yaradıldığı kimi, ölkəmizdə inzibati-ərazi bölgüsü də dəyişdirilməlidir. Yəni inzibati-ərazi islahatı mütləq aparılmalıdır və vilayət sisteminə keçirilməlidir ki, idarəçilik də effektiv olsun” -deyə Etibar Məmmədov vurğulayıb.