Nizami Gəncəvi bütünlüklə - etnik, dil, təfəkkür, ideologiya baxımından Azərbaycandır - Sübhan Talıblı

19:07 16.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İranın anti-Azərbaycan fəaliyyəti səngimir. Siyasi, hərbi və dini sahələrlə yanaşı, indi də mədəni-ədəbi sərvətimizlə bağlı təxribatlara əl atılır. Dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı müəyyən əsaslandırılmamış iddialar irəli sürülür.

Qeyd edək ki, İranın dahi şairin adından istifadə edərək müəyyən bəyanatlar səsləndirməsi paytaxtımızda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə X Qlobal Bakı Forumu ilə eyni vaxta təsadüf etdi. Forumda çıxış edən Prezident İlham Əliyevin Nizami sərvətinin Azərbaycan xalqına məxsusluğu ilə bağlı fikirləri xüsusilə diqqətəlayiqdir:

“Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir”.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “Həftə içi”nə açıqlamasında bildirib ki, İran istər Pəhləvilər dönəmində, istərsə də İran İslam Respublikası, yəni molla rejimi qurulandan sonra daim Azərbaycanın ədəbi-siyasi şəxsiyyətlərinə, yer adlarına, milli dəyərlərinə qarşı qərəzli, əsassız iddialarla çıxışlar edib.  Bu sırada Azərbaycan şairi dahi Nizami Gəncəviyə “fars şairi” damğası ilə yiyələnmək iddiası da var.

Onun sözlərinə görə, İranın molla rejimi müxtəlif adlar altında tədbirlər keçirərək dahi Azərbaycan şairi Nizami Gəncəvinin İran - fars şairi olmasını dilə gətirir. Hər vəchlə istər ölkə daxilində, istərsə də xaricdə Nizamini fars şairi, onun əsərlərini fars ədəbiyyatının inciləri kimi təqdim etməklə, həm də Azərbaycan ərazilərini də öz adına çıxmağa çalışır:

“Nizami Gəncəvi” mövzusu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə həmişə aktual mövzu olub. İranda bir sıra yazarlar, ədiblər, elm adamları dahi Nizaminin dövrün tələblərinə uyğun olaraq öz əsərlərini fars dilində yazmasından istifadə edərək, onun milliyyəti, doğulduğu yer və mənsubiyyəti ilə bağlı qərəzli mövqelər oraya qoyublar. Belə ki, İran Xarici İşlər Nazirliyi sözçüsünün martın 5-də “Nizaminin anım mərasimi” ilə bağlı keçirilən bir tədbirdə dediyi sözlər diqqətdən yayına bilməz: “Fars dili məhəbbət, dostluq və irfan dilidir. Şübhəsiz, Nizami Gəncəvinin özünəməxsus yeri var və onunla müqayisə olunan böyük şairlər azdır”. O deyib ki, Nizami Gəncəvi indiki Azərbaycan şəhərində doğulub və məzarı da oradadır. Təbii ki, burada ziddiyyət meydana çıxır. Sözçü Gəncənin də guya İran şəhəri olmasına eyham edib. Molla rejimi bir tərəfdən Nizami Gəncəvinin Gəncədə doğulduğunu etiraf edir, digər tərəfdən, əks mövqedən çıxış edirlər. Biz ümumiyyətlə,  əgər farsdilli ədəbiyyata nəzər yetirsək, görəcəyik ki, o dövrün Azərbaycan klassikləri - Nəvai, Cami, Rumi, Xəqani, Məhsəti, Nəsimi, Məhəmməd Füzuli və digər Azərbaycanın böyük klassikləri - hər biri fars dilinə müraciət edib, əsərlər yazıblar.  Nizami Gəncəvi kimi, həmin dahi ədiblərin də öz əsərlərini fars dilində yazması onların fars millətinə mənsub olduqlarını ifadə etmir. Bunu nə Azərbaycan, nə də dünya qəbul edir.  Bu mənada Nizaminin fars dilində yazması dövrün tələbi idi”.

S.Talıblı belə bir fonda Prezident İlham Əliyevin birbaşa dəstəyi, Nizami Gəncəvi Beynəlxaq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da Bakıda “Dünya bu gün: çağırışlar və ümidlər “ mövzusunda keçirilən X Qlobal Bakı Forumunu və Azərbaycan dövlət başçısının Nizami Gəncəvi ilə bağlı dediyi fikirləri yerində və doğru hesab edərək, yüksək qiymətləndirib: “Yerli və xarici nizamişünaslıqda aparılan tədqiqatlardan da görünür ki, Nizami doğulub-boya-başa çatdığı Gəncə şəhərini özünə təxəllüs seçmişdir. Şairin məhz bu şəhərdə dəfn olunması, eləcə də ata-babasının, dayısının da dövrün savadlı, tanınmış adamlarından olması onun Azərbaycan türkü olduğunu təsdiq edən faktorlardandır. O dövr - XII əsr Azərbaycanda intibah dövrü sayılır. Azərbaycanda Əbula Gəncəvi, Qiyami Gəncəvi, Məhsəti Gəncəvi kimi  şairlərin olması, sənətkarlığın, xalçaçılığın, duluzçuluğun və ticarətin inkişafı, eləcə də ipək yolunun Gəncədən keçməsi, Nizami şəxsiyyətinin yetişməsində xüsusilə rol oynamışdır”.

S.Talıblı bir daha qeyd edib ki, Nizaminin farsca yazmasına səbəb Orta əsrlərdə Azərbaycanda əsas dilin fars dili olmasıdır və Nizami Gəncəvi də öz əsərlərini bu dildə yazıb: “Nizaminin əsərlərində işlədilən türk sözləri və Azərbaycan zərb-məsəlləri, hətta fars şeirinin əsasını qoyan Firdovsidə belə yoxdur. Ona görə də Nizamini 30 il tədqiq etmiş bir İran alimi deyirdi ki, “Nizamidən türklük qoxusu gəlir”. Bundan başqa, Nizami dünyanı fəth etmiş İsgəndəri Azərbaycana gətirməsi, onu Bərdə hökmdarı Nüşabənin qarşısında çətin duruma salması, ancaq şairin vətənpərvərliyi ilə əlaqələndirilir. Ona görə də İran ədəbiyyatşünasları dərk etməlidirlər ki, Nizami dünya ədəbiyyatının dəyərli bir hissəsidir. Əgər Nizamini təcrid etməyə çalışsalar, ümumiyyətlə dünya ədəbiyyatı kasad qalar. Yaxşı olardı ki, İran molla rejimi Azərbaycanın Nizami düşüncəsindən, fəlsəfəsindən, onun əsərlərindən yaxşı mənada istifadə etsin. Azərbaycan dövləti, xalqı İrandan fərqli olaraq Nizami Gəncəvi adını hər bir sahədə əbədiləşdirib. Eləcə də Azərbaycan Nizami tədqiqatına  yanaşmasına daha çox töhfələr verməkdədir. Keçirilən Bakı Forumu onu göstərdi ki, Azərbaycan xalqı Nizamiyə nə dərəcədə dəyər verir, tədqiq edir. Biz Azərbaycan olaraq Nizamini dünya ədəbiyyatının, fəlsəfəsinin klassiki  adlandırırıq. Nizami  tarix, dil, mənşə, coğrafi məkan baxımından Azərbaycan  xalqına məxsusdur. Nizami Gəncəvi bütünlüklə - etnik, dil, təfəkkür, ideologiya baxımından Azərbaycandır.  “Xəmsə”yə qoyulan obrazlara baxanda, hər birindən Azərbaycan türkünün duyumu, məfkurəsi, etimologiyası və düşüncəsinin ətri gəlir”.