Norveçli milyonçular vergi ödəməmək üçün xaricə köçürlər

11:15 11.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Super zəngin norveçlilər ölkələrində sol mərkəzçi hökumətin vəzifəyə gəldikdən sonra sərvət vergisini 1,1 faizə yüksəltməsindən narazıdırlar.

Hafta.az-ın Financial Times-a istinadən yazdığına görə, 2022-ci ildə rekord sayda varlı norveçli daha az vergi ödəyəcəkləri ölkələrə köçüb. “Dagens Naeringsliv” qəzetinin araşdırmasına görə, 2022-ci ildə 30 norveçli milyarder və milyonçu ölkəni tərk edib. Qeyd olunub ki, bu rəqəm son 13 ildə ölkəni tərk edən fövqəlvarlıların sayının cəmindən çoxdur. Noyabrda qüvvəyə minən sərvət vergisinin artırılması səbəbindən bu il daha çox milyonerin Norveçi tərk edə biləcəyi deyilir. Hansı ki, bunun dövlət üçün on milyonlarla dollar vergi itkisi deməkdir.

Məlumdur ki, bir çox Norveç zənginləri vergi dərəcələrinin xeyli aşağı olduğu İsveçrəyə köçməyə üstünlük verirlər. Onların arasında Norveçin 4-cü ən varlı adamı Kjell İnge Rökke də var. Təxminən 1,9 milyard dollar sərvətə sahib olduğu düşünülən Rökke, İsveçrəyə köçmək qərarını "Yeni yaşayış yerim üçün Luqanonu seçdim. Bu, nə ən ucuz, nə də ən aşağı vergidir, lakin böyük vergi də deyil" sözləri ilə açıqlayıb.

Keçən il Norveçin ən çox vergi ödəyicisi olan Rökkenin İsveçrəyə köçməsinin bir il ərzində təxminən 16,6 milyon dollar vergi itkisi ilə nəticələnəcəyi hesablanır. Məlumdur ki, norveçli iş adamının 2008-ci ildən bəri ödədiyi verginin məbləği 142 milyon dollardan çoxdur.

Eynilə, Norveçdən İsveçrəyə köçən milyonçu Tord Ueland Kolstad da köçmək qərarını əsaslandırıb: "Bu mənim xahişim deyildi. Amma hökumətin daha sərt və artan vergi qaydaları mənə məsuliyyətli bir müdir kimi başqa seçim qoymadı" dedi.

Norveç Biznes Məktəbinin fəxri professoru Ole Qjems-Onstad deyib: "Məncə, bu, bir az Brexit-ə bənzəyir. Norveçdə özünə zərər vermək ənənəsi yoxdur və sahibkarların bir-birinin ardınca xaricə getməsi şokdur. Bəziləri xaricə köçən varlıları günahlandırır. Amma məncə, bir çox adi insanlar bizim ən yaxşı investorlarımızın getməsini istəməzlər”.

Tənqidlərə cavab verən Maliyyə Nazirliyinin rəsmisi Erlend Qrimstad varlı norveçlilərin vaxtında qayıdacaqlarına inandığını deyib.

"Ümid edirik ki, əgər siz Norveçdə uğur qazanıb zəngin olsanız, ölkədə qalaraq Norveç cəmiyyətinin bir hissəsi olmağa davam edəcəksiniz", - Qrimstad bildirib.

Qrimstad Norveçin güclü ictimai rifah sistemi və yüksək təhsil səviyyəsinin uğurlarında mühüm amillər olduğuna inandıqlarını da vurğulayıb.