Bir neçə aydan sonra Azərbaycanda övladlığagötürmə sahəsi vahid mərkəzdən idarə olunacaq. Belə ki, ölkəmizdə övladlığagötürmə prosesində yeni modelin tətbiqi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblının hafta.az-a bildirdiyinə görə, noyabrın 1-dən etibarən bu sahədə səlahiyyətlər təmsil etdiyi quruma keçəcək:
“Azərbaycan Respublikasının Prezidentinin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmana əsasən övladlığagötürmə sahəsində dövlət siyasəti və tənzimləmə, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsi, övladlığagötürmə sahəsində vahid nəzarəti həyata keçirmək səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilir. Fərmana əsasən qeyd olunan səlahiyyətlər nazirliyə 1 noyabr 2019-cu il tarixindən keçəcək. Fərmanla verilmiş tapşırıqlardan irəli gələrək valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron uçotunun aparılması, eləcə də övladlığa götürmə ilə bağlı bir sıra işlərin elektron şəkildə aparılmasını təmin etmək məqsədilə müvafiq altsistemin yaradılması istiqamətində işlər gedir. Yeni övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıclar vasitəsilə deyil, altsistemə inteqrasiya olunacaq. Bu istiqamətdə məlumatlar dövlət orqanlarının informasiya ehtiyatından əldə ediləcək. Bu da əlavə vaxt itkisinin, vətəndaş məmur təmasının minimuma endirilməsinə, prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq”.
F.Talıblı habelə vurğullayıb ki, yeni övladlığagötürmə modelində bir sıra mühüm yeniliklərin olacağı nəzərdə tutulub: “Bunlardan – valideyn-namizədlərlə müsahibələrin keçirilməsi, onların təlimlərə cəlb edilməsi, müəssisədə uşaqlarla görüşün təşkili, sınaq müddətində övladlığa götürülən uşağın valideyn-namizədin evində yerləşdirilməsi və.s daxildir. Qeyd olunanlarla əlaqədar nazirlikdə yaradılmış xüsusi işçi qrupu tərəfindən müvafiq qanunvericilik aktlarına dəyişikliklər layihəsi hazırlanmış, eləcə də övladlığagötürmə ilə bağlı qaydalar layihəsi işlənilərək hazırlanmışdır. Noyabr ayının 1-dən etibarən vətəndaşlar nazirliyin tabeliyində olan DOST Agentliyinə və DOST mərkəzlərinə müraciət etməklə övladlığagötürmə ilə bağlı xidmətlərdən istifadə edə bilərlər”.
Yeri gəlmişkən vurğulayaq ki, övladlığagötürmə ilə bağlı əsas yeniliklərdən biri valideyn namizədlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılacaq altsistemdə qeydiyyatdan keçməsi olacaq. Belə ki, övladlığa uşaq götürmək üçün ərizə ilə müraciət edən valideyn olmaq istəyən namizədlər altsistemdə özlərinə şəxsi kabinet yaradacaqlar. Daha sonra özləri ilə bağlı məlumatları bu şəxsi kabinetə daxil edəcəklər. Bundan sonra həmin şəxslərlə müsahibələr təşkil ediləcək. Müsahibələrdə DOST Agentliyinin sosial işçiləri iştirak edəcək. Onlar valideyn olmaq istəyən namizədlərin yaşayış şəraitinə baxış keçirəcək. Həmçinin onların psixoloji durumunun qiymətləndirilməsi aparılacaq. Bunun üçün valideyn olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək, imtahan edilərək psixoloji durumları qiymətləndiriləcək.
Bundan başqa, hazırda qanunvericilikdə 10 yaşına çatmış şəxslərin övladlığa götürülməsi ilə bağlı razılığı tələb olunur. Bu tələb yenə də qüvvədə qalmaqla yanaşı, 7 yaşına çatmış uşaqların övladlığa götürülməsi zamanı da fikirləri nəzərə alınacaq. Həmçinin övladlığagötürmə prosesində dövlət uşaq müəssisələrində valideyn olmaq istəyənlərlə uşaqların görüşü təşkil olunacaq. Sosial işçilər tərəfindən orada övladlığa götürən şəxslə övladlığa veriləcək uşaq arasında doğma münasibətlərin yaranıb-yaranmadığı müşahidə ediləcək. Nəzərdə tutulan dəyişikliklərə görə, I və II qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək hüququ veriləcək. Amma yenə də infeksion xəstəlikləri, fəaliyyət qabiliyyətsizliyi, məhkumluğu olan, ağır cinayətlər, eyni zamanda ictimai əxlaq əleyhinə cinayət törədən, əvvəllər valideyn hüququndan məhrum olmuş şəxslər övladlığa uşaq götürmə hüququndan məhrum olunurlar. Sosial işçilər I və II qrup əlilliyi olan şəxslərin uşağın saxlanılmasına maliyyə imkanlarını araşdıracaqlar. Əgər I və II qrup əlilliyi olan şəxslərin digər tələblər daxil olmaqla mənzil şəraiti və maliyyə vəziyyəti uşağın saxlanılmasına imkan verirsə, o zaman bu kateqoriyadan olan şəxslərin də övladlığa uşaq götürməsi mümkün olacaq.
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da hesab edir ki, bundan sonra övladlığagötürmə ilə bağlı sənədlərin toplanması, ekspertlərin rəyi bəlli bir qurum tərəfindən həyata keçirilməsi müsbət addımdır:
"İndiyədək bu işlə Təhsil və Səhiyyə nazirlikləri məşğul olurdu. Amma bundan sonra "bir pəncərə” sistemi tətbiq olunacaq və bu iş ixtisaslaşmış bir quruma həvələ ediləcək. Bu addımın müsbət cəhətlərindən biri də nəzarət mexanizminin gücləndirilməsidir. Əvvəllər bu sahədə nəzarət istənilən səviyyədə deyildi. Yeni qaydalara əsasən, övladlığa götürülən şəxslərin ailə məsələlərinə daha dərindən diqqət yetiriləcək. Bundan başqa, övladlığa götürülmə sistemi nisbətən asanlaşacaq. Bəziləri deyir ki, mən illərdir növbədə dayanmışam. Korrupsiya hallarından şikayət edənlər də olurdu. Düşünürəm ki, yeni model bu problemlərin həllində böyük rol oynayacaq. Çünki hər şey elektron qaydada həyata keçiriləcək. Övlad götürmək istəyən öz növbəsini elektron qaydada görə biləcək. Təbii ki, burada gizlilik məsələlərinə də diqqət ediləcək. Bunun üçün yəqin ki, xüsusi sistem tətbiq olunacaq. Ümid edərəm ki, sənədləşmə işində də müəyyən işlər asanlaşacaq. Amma bu o demək deyil ki, böyük güzəştlər edilsin. Çünki övladlığa uşaq götürmək özlüyündə məsuliyyətli işdir. Əsas tələblərə cavab verən sənədlər toplusu müəyyən ediləcək. Övladlığa götürmək istəyən şəxslərin iqtisadi, psixoloji durumu ilə bağlı vəziyyətə diqqət yetiriləcək. Daha əvvəl həmin şəxsin valideynlik hüququndan məhrum olub-olmaması, həmçinin məhkum edilib-edilməməsi ilə bağlı vacib məsələlərə yenə də diqqət ediləcək. Düşünürəm ki, lazımsız və yorucu sənədlər artıq aradan qaldırılacaq. Yəni, prosesin elektronlaşdırılması bu sahədə olan neqativ halların aradan qaldırılmasına imkan yaradacaq”.