“Ölkələrimiz arasında ticarətin həcmini 1 milyard dollara yüksəltməliyik” – Qazaxıstan səfiri

15:23 19.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Pakistandakı səfiri Yerjan Kistafin deyir ki, isti sulara çıxış baxımından Pakistanın Karaçi və Qavadar dəniz limanları Afrika və Cənub-Şərqi Asiya bazarlarına çatmaq üçün Qazaxıstana ən qısa marşrutu təmin edə bilər.

Hafta.az-ın yazdığına görə, səfir Kistafin bu sözləri Pakistanda yayımlanan “Dunya News”a müsahibəsində deyib. Diplomat bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında Pakistanın rolu böyükdür, amma Əfqanıstanda sabitlik regional əməkdaşlığın güclənməsi üçün çox vacibdir. Əfqanıstanda sabitlik təmin edilmədikcə, regionda təhlükəsizlik vəziyyətinin həyəcanverici olaraq qalacağı gözlənilir.

Eyni zamanda, səfir Qazaxıstanın pakistanlı iş adamları üçün regional mərkəz rolunu oynaya biləcəyini təklif edib, çünki Qazaxıstan Avrasiya İqtisadi Birliyinin qurucu üzvüdür və bu da Pakistan şirkətlərinin Qazaxıstanda öz ofislərini və istehsal müəssisələrini yarada biləcəyini göstərir. “Onlar öz məhsullarını bütün regiona sata bilərlər” deyən səfir, Qazaxıstan torpaqlarının əsrlər boyu Şərqlə Qərb arasında körpü rolunu oynadığını bildirib.

“Coğrafi baxımdan Qazaxıstan cəlbedicidir. Son üç onillikdə ölkəmiz 400 milyard dollardan çox birbaşa Xarici İnvestisiya (BXİ) cəlb edə bilib ki, bu da bütün Orta Asiya ölkələrinə yatırılan sərmayənin 70 faizini təşkil edir. Qazaxıstan prezidenti ixrac potensialının araşdırılması üçün keçidlərin öyrənilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında Pakistan mərkəzi rol oynaya bilər. Qazaxıstan neft, qaz, uran və kömür də daxil olmaqla enerji ehtiyatları ilə zəngindir, Pakistanın isə enerji resurslarına böyük ehtiyacı var. Ölkəmizdə olanları Pakistanla bölüşməyə hazırıq”, - deyə cənab Kistafin təklif edib.

Yerjan Kistafin gələn il müvafiq qurumların enerji sahəsində əməkdaşlıq imkanları barədə danışıqlar aparacağını vurğulayıb. Qeyd edib ki, mövcud potensialdan yararlanmaq üçün əlaqələri genişləndirmək və məlumat çatışmazlığını aradan qaldırmaq tələb olunur.

“Mən doğru yolda olduğumuzu söyləməkdən məmnunam. İndi Almatıdan Lahora birbaşa uçuşlarımız var. İlk enişimiz 2023-cü il iyulun 8-də Lahorda oldu. Biz indi bir-birimizdən cəmi iki saat yarımlıq məsafədəyik” deyən səfir əlavə edib ki, keçmişdə baş vermiş bəzi xoşagəlməz hadisələrə görə bu əlaqəni itirsələr də, ikitərəfli münasibətlər müasir tarixində yenidən dərinləşib və bu müstəvidə yeni səhifələr açmağın vaxtı çoxdan çatıb.

Diplomat qeyd edib ki, Almatıdan Lahora gələn təyyarə ilə səfər edən qazax jurnalist və bloggerlər Pakistanın gözəlliyinə heyran olublar və öz təəssüratlarını Qazaxıstan ictimaiyyəti ilə bölüşüblər. Səfir bu insanların təkrar-təkrar qayıdacaqlarını bildirib və təxminən oktyabr və ya dekabrda başqa bu cür səfərin planlaşdırıla biləcəyini vurğulayıb.

Cənab Kistafin bildirib ki, ilk əks uçuşda da Lahordan Almatıya 50 pakistanlı iş adamı səfər edib. Onlar Almatı və Astanada biznes imkanlarını araşdırıblar.

“Təəssüf ki, xalqımız bir-biri haqqında çox az şey bilir, cəmiyyətlərimiz ikitərəfli əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bir-birinin imkanlarından xəbərsizdir" deyən səfir ticarət və investisiya sahəsində ikitərəfli əməkdaşlıq üçün perspektivli gələcəyə malik yeddi sahəni - əczaçılıq, tekstil, idman malları, cərrahi alətlər, kənd təsərrüfatı və İnformasiya Texnologiyalarını müəyyən edib.

“Milli Logistika Şirkətinin (NLC) baş direktoru general-mayor Fərrux Şahzad Rao Qazaxıstanda milli və özəl şirkətlərimizlə, baş nazirin müavini ilə konstruktiv danışıqlar aparıb və əsas məqsədi əməkdaşlığın inkişafı üçün biznes imkanlarını araşdırmaq və nəqliyyat çatışmazlığı problemini həll etmək olub. Qazaxıstandan Pakistana 400 milyon dollar dəyərində 80 addan çox məhsul ixrac edirik ki, biz bu həcmi ən qısa vaxtda 1 milyard dollara yüksəldə bilərik” deyən səfir əlavə edib ki, məsələn, ötən il Pakistana Qazaxıstandan buğda almağı təklif edilib, lakin məhsulun daşınmasına maneə olaraq logistika problemi ortaya çıxıb.

“MMC TIR Konvensiyasına uyğun olaraq Hayber Paxtunxvadan Əfqanıstan və Özbəkistandan keçməklə yük maşınlarının hərəkətini bir dəfə mümkün edib. Logistika məsələləri həll olunarsa, ikitərəfli ticarət yeni zirvələrə çata bilər. Hazırda bizim ikitərəfli ticarətimiz 100-200 milyon dollardan çox deyil və iş adamları ilə görüşdə bunun çox az olduğunu demişəm. Mən ikitərəfli ticarətin həcmini 1 milyard dollar səviyyəsinə qaldırmağın tərəfdarıyam”, - səfir bildirib.

Cənab Yerjan Kistafin qeyd edib ki, onlar əlaqələri gücləndirmək məqsədilə nə edə biləcəklərini müzakirə etmək üçün il ərzində aidiyyəti orqanlarla Nəqliyyat və Regional Əlaqələr üzrə Birgə İşçi Qrupunun görüşünü təşkil etməyi planlaşdırırlar.

“Fikrimiz Kəraçi və Qavadar dəniz limanına qədər nəqliyyat marşrutunu inkişaf etdirməkdir. Bu kontekstdə CPEC çox mühüm rol oynayır. CPEC marşrutundan istifadə etməklə biz Pişəvərdən qarşılıqlı infrastruktur layihələrini birləşdirərək Qavadara asanlıqla çata bilərik. Nəqliyyat və regional əlaqə üzrə birgə işçi qrupu təkcə İslamabadda danışıqlar aparmayacaq, həm də Kəraçi və Qavadara səfər edəcək. Bu iki dəniz limanında infrastrukturun inkişaf səviyyəsini qiymətləndirərək, biz Qazaxıstan mallarının dünyanın qalan hissəsinə ixracı üçün obyektlərə sərmayə qoymağa və bəzi əmlaklar almağa qərar verəcəyik” dryən səfir Əfqanıstanın regional əməkdaşlığın inkişafında rolunun həlledici olaraq qaldığını təkrarlayıb.

“Əfqanıstan Pakistanla Orta Asiya arasında regional tranzit mərkəzi ola bilər. Əfqanıstanı regional əməkdaşlığa cəlb etməklə biz bütün regionda təhlükəsizliyə, ikincisi isə iqtisadi inkişafa töhfə verə biləcəyik. Əfqanıstanda sabitlik təmin edilmədikcə, regionda təhlükəsizlik həyəcanverici olaraq qalacaq. Əfqanıstandakı təhlükəsizlik vəziyyəti ilə bağlı bəzi narahatlıqlarımız var və biz bunu aradan qaldırmalıyıq. Bu baxımdan kollektiv tədbirlər həyata keçirməli, başa düşməliyik ki, regional əməkdaşlıq olmadan heç bir ölkə ayaqda qala bilməz”, - Qazaxıstanın elçisi vurğulayıb.

Pakistanın Federal Elm və Texnologiya nazirinin Qazaxıstanda elm və texnologiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdiyini deyən səfir Kistafin, Avropada artan islamafobiya meyillərindən söz açaraq rəsmi Astananın dinlərarası və mədəniyyətlərarası dialoqun zəruri olduğunu dəfələrlə vurğuladığını bildirib.

“Biz birlikdə çalışmalıyıq ki, İslamın terrorizm, ekstremizm və fundamentalizm deyil, sülh və harmoniya dini olduğunu dünyaya çatdırsın. İslamın müsbət və sülhsevər imici dünyada təbliğ edilməli və dünyaya İslamın terrorizm, ekstremizm və fundamentalizmlə heç bir əlaqəsi olmadığı mesajı verilməlidir”, - deyən Yerjan Kustafin deyib ki, İslam sülh, əməkdaşlıq və qarşılıqlı əlaqədir. “Hesab edirəm ki, iqtisadi əlaqələrlə yanaşı, mədəni əməkdaşlığımızı da inkişaf etdirməli, ortaq tariximizi, təhsilimizi, turizmimizi, idmanımızı və bir çox başqa sahələri araşdırmaq lazımdır” deyən səfir Yerjan Kistafin müsahibəni sonlandırıb.

Siyasət rubrikasından digər xəbərlər