“Artxasın müstəqilliyi”inin 30-cu ildönümü ilə bağlı separatçı ünsürlərin Xankəndində tədbir keçirmək niyyətləri Qarabağ probleminin bütövlükdə həll olunmadığını göstərir.
Bunu hafta.az-a Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib:
“Bu separatçıları ruhlandırır. Ona görə də onlar məğlubiyyətləri ilə barışaraq qarşıdakı dövr üçün çıxış yolu axtarmaqdansa, erməniləri yeni təxribatlara sövq edirlər. Düşmən üzərində qələbənin ən böyük şərti onların öz məğlubiyyətlərini etiraf etmələri ilə bağlıdır. Azərbaycan ərazisində yaşayan ermənilərin müstəqillik ildönümlərini qeyd etmələri separatçılıqdan başqa bir şey deyil. Ona görə də bu ideyanın təşəbbüskarları qanun qarşısında cavab verməlidirlər. İndiki situasiyada Azərbaycan iqtidarı ölkə qanunlarını Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə tətbiq edə bilmədiyinə görə fərqli yanaşma sərgiləməlidir. Ya Rusiya tərəfindən tələb olunmalıdır ki, bu təxribatçı əməlin yerinə yetirilməsinə yol verilməsin. Yaxud da Azərbaycan ordusu bununla bağlı müvafiq addım atmalıdır. Düşünürəm ki, iqtidarın əlində olan hərbi-diplomatik-hüquqi üstünlüklərdən yetərincə bəhrələnməsi üçün imkan var. İndi onu reallığa çevirmək vaxtıdır”.