ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatlarda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü ordularının reytinqində 29-cu sırada yer alıb. Bu, hərbi ekspertlər tərəfindən 44 günlük Qarabağ müharibəsinin məntiqi nəticəsi kimi dəyərləndirib.
“U.S. News and World Report” nəşrinin məlum siyahısında Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb. Banqladeş siyahıda 30-cu, Kolumbiya 31-ci, Kanada 32-ci, İtaliya 34-cü yeri tutur. Ermənistan və Gürcüstan siyahıda yer almayıb.
Qeyd edilib ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya Müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub.
Hərbi ekspert Şair Ramaldanov bildirir ki, Azərbaycanın ümumi inkişafı, iqtisadi potensialı, maliyyə durumu, xalq-iqtidar birliyi - bütün bu göstəricilər Silahlı Qüvvələrimizin gücünə bilavasitə təsir edən amillərdir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin müzəffər Ali Baş komandanı olaraq ordumuza olan diqqəti, onun qısa şəkildə “Azərbaycan Ordusu nə lazımdırsa, onu da alacaq” bəyanatı da bu məsələdə ğühüm rol oynayır. Silahlı Qüvvələr xalqığızın qürur yeridir. Ermənistan hansısa imtiyazlılarla, hətta təqaüddə olan hərbçiləri çağırıb öz ordusunu onlarla formalaşdırır. Azərbaycanın belə bir problemi yoxdur. Yəni, ölkəmizdə bir çağırışla minlərlə gənc orduda xidmət etməyi özlərinə borc bilirlər. Bu, Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətlərdə olan inkişafının nəticəsidir. Bu, Azərbaycan gənclərinin bu gün vətənpərvərlik ruhunun yüksək olmasını göstərir”.
Ş.Ramaldanov hesab edir ki, Azərbaycan Ordusunun dünya reytinqində 29-cu yerdə qərarlaşması tək silahlanma ilə bağlı deyil. Bu, Azərbaycan Silahlı Qüvvələrinin hərtərəfli inkişaf nəticəsinin göstəricisidir.
“Azərbaycan Ordusunda çox güclü, savadlı, öz vəzifəsinin öhdəsindən layiqincə gələn, qarşıda qoyulan tələblərə cavab verən peşəkar heyət var. Gənclərimiz Azərbaycan Ordusunda xidmətə gedərkən orta məktəblərdə inkişaf edən maddi-texniki bazanın əsasında hərbi dərslər alır, artıq ilk bilgilərə ordan qaynaqlanaraq orduya gəlirlər. Artıq onların adaptasiya müddəti və silahlara peşkarlıqlara yiyələnməsi əvvəlki illərdən fərqli olaraq daha yaxşıdır. Bunun üçün həm də hərbi hissələrdə və qurumlarda yaradılan maddi-texniki bazanın inkişafı da özünəməxsus rol oynayır”.
Ekspert bildirir ki, Silahlı Qüvvələrimizin dünya reytinqində öncül yerlərdən birini tutmasını şərtləndirən başlıca amillərdən biri də son illərdə döyüş meydanlarında əldə etdiyimiz nəticələrdir, 44 günlük müharibədə qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etməsidir: “Bu gün biz qalib orduyuq, qalib xalqıq və müzəffər Ali Baş komandanımız var”.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun inkişafı özünü həm də antiterror tədbirlərində göstərdi. Bu əməliyyat Yaxın Şərqdə İsrailin Həmasa qarşı antiterror tədbirləri, digər antiterror əməliyyatları fonunda dəyərləndirilir: “Azərbaycan bir neçə saat ərzində 15 minə qədər şəxsi heyəti, tanklar, artilleriya qurğuları, raket yaylım vasitələri, hava hücumdan müdafiə sistemləri ilə silahlanmış terrorçuları bir sutka ərzində darmadağın edərək separatizmə son qoydu. Bunun əhəmiyyətinin qat-qat artıran məqam həm də Azərbaycan ordusunun peşəkarlıq və zərgər dəqiqliyi ilə, heç bir mülki obyektə və mülki şəxslərə zərər vurmadan bu əməliyyatları təşkil etməsi idi. Əgər Yaxın Şərqdə gedən proseslərə diqqət yetirsək, HƏMAS-a qarşı antiterror əməliyyatları 40 mindən yuxarı mülki şəxsin təlafatına, 40-50 faiz mülki infrastrukturun dağılmasına yol açıb. Bu prosesin artıq bir ildən çoxdur davam etdiyini görərik. Ancaq istər ərazi baxımından, istər qarşımızda olan qüvvə baxımından Azərbaycanın terrorçulara qarşı apardığı antiterror tədbirləri daha böyük ərazidə - dağlıq, meşəlik sayılan çətin relyefdə və ağır silahlarla silahlanan düşmənə qarşı aparılmışdı. Əlbəttə, bu gün Azərbaycan Silahlı Qüvvələrinin apardığı istər 44 günlük müharibə, istər bir sutkalıq antiterror tədbirləri cənab Prezidentin də dediyi kimi, aparıcı akademiyalarda, hərbi məktəblərdə təcrübə kimi öyrənilir”.
Ş.Ramaldanov bildirir ki, Azərbaycan Ordusunun inkişafı, gücü bu gün torpaqlarımızın toxunulmazlığının qarantı olaraq, həm də regionda sülhün dayanaqlılığına təsir edən bir gücdür. Azərbaycan qonşu ölkələrə hörmətlə yanaşaraq ərazi bütövlüyünü tanıyır və heç bir dövlətə, hətta hələ də sülh müqaviləsi imzalamayan, müharibə şəraitində olan Ermənistana qarşı da işğal gözü ilə baxmır: «Əlbəttə, Azərbaycan bu gün bu mövqeyi ilə regionda gedən təhlükəli proseslərə müəyyən bir şəkildə öz nüfuzu ilə təsir etmək imkanına malikdir”.
Ş.Ramaldanov Ali Baş komandanın VII çağırış Milli Məclisdəki çıxışına diqqət çəkib.
“Prezident orada söyləmişdi ki, bu gün dünyada gedən proseslər fonunda ancaq güclü Silahlı Qüvvələri olan bir ölkə öz dövlət maraqlarını qoruya bilər».
Ekspert qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin türk dünyasının, türk birliyi ölkələrinin müvafiq qurumları ilə əlaqələri genişlənir. Artıq türk dünyasının Silahlı Qüvvələrinin birgə təlimlər keçirməsi ənənə halını alıb: “Azərbaycan Silahlı Qüvvələri bu gün XXI əsrin tələblərinə cavab verən qalib ordudur, daim inkişaf prosesindədir. Ali Baş Komandanın ordu qarşısında qoyduğu Türkiyə modelinə keçidlə bağlı tapşırığı uğurla yerinə yetirilir. Bununla bağlı Azərbaycan ordusunda bütün istiqamətlərdə çox böyük islahatlar aparıldı. Bu gün bütün sahələrdə olduğu kimi, Silahlı Qüvvələrimizdə də rəqəmsal texnalogiyanın tətbiqi, intellektual potensialı zəngin olan kadrların cəlb edilməsi zərurətini görürük. Yüksək intellektli gənclərin hərbi xidməti ilə bağlı son qərar da məhz bu zərurətdən doğub. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı daimi prosesdir. Gələcəkdə də müxtəlif müstəqil statistik qurumların bizi daha çox sevindirən məlumatlarını alacağıq”.
Hərbi ekspert Ədalət Verdiyev son illər ərzində Azərbacan ordusunun döyüş potensialına görə reytinqinin ildən-ilə artmaqda olduğunu qeyd edib. Onun fikrincə bu, Azərbaycanın Vətən müharibəsində və ondan sonrakı əməliyyatlarda əldə etdiyi qələbələrlə birbaşa əlaqəlidir.
“Ali Baş Komandanımız İlham Əliyev dövlət quruculuğu sahəsində ordu ilə bağlı məsələləri daim prioritet olaraq diqqətdə saxlayır. Orduya ayrılan xərclər hər il durmadan artır. Azərbaycan ordusunun texniki bazasını gücləndirmək üçün dövlət kifayət qədər geniş imkanlara və siyasi iradəyə malikdir. Reytinq cədvəlində ilk 50 güclü ordu arasında yer alan Azərbaycanın hazırda birdən-birə reytinqinin 29-cu pilləyə qədər yüksəlməsi birmənalı olaraq keçən il Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları ilə də əlaqədardır. Antiterror əməliyyatı özü-özlüyündə unikal bir əməliyyat idi. Daha əvvəllər bu surətlə bu qədər böyük ərazilər separatçılardan və terrorçulardan heç vaxt təmizlənməmişdi. Bunu ilk dəfə Azərbaycan ordusu həyata keçirdi. Görünür, beynəlxalq təşkilatlar da gec də olsa ordumuzun bu geniş döyüş imkanlarını diqqətə almaq məcburiyyətində qalıblar.
Hazırda Azərbaycan Ordusu XXI əsrin tək qalib ordusudur. Ali Baş komandanımızın orduya ayırdığı diqqəti sayəsində bundan sonra da ordumuzun reytinq cədvəllərində mövqeyi daha da üst səviyyələrdə yer alacaqdır”.
Ə.Verdiyev Ermənistanın silahlanması ilə bağlı məsələyə diqqət çəkib. Bildirib ki, bu fakt bir daha onu göstərir ki, işğalçı ölkə başına gələn fəlakətlərdən doğru-düzgün nəticə çıxarmır və Azərbaycana qarşı revanşa hazırlaşır.
“Bu silahlanma Ermənistana əvvəllər olduğu kimi, bu dəfə də heç bir müsbət dividentlər qazandırmayacaq. Əksinə, Ermənistan silahlandıqca, Azərbaycan daha da güclənəcək. Ermənistanın silahlarına qarşı qoya biləcəyimiz çox sayda kompleksləşmiş silah sistemlərimiz var.
Ermənistanın indiki vəziyyəti və ona istənilən silahın verilməsi regionun güc balansına təsir etməyəcək. Ermənistanın əldə etdiyi bu silahlar onu lokal eskalasiya yaratmasına gətirib çıxara bilər ki, bu da Ermənistanın növbəti və daha ciddi sayda itkiləri ilə nəticələnə bilər”.
Hərbi ekspert Azər Bayramov, ilk növbədə, Azərbaycanın gələn il üçün müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını günün reallığına uyğun hesab edib. O, bunun Azərbaycanın yerləşdiyi geosiyasi coğrafiya, eyni zamanda dünyada baş verən proseslərə əlaqələndirib.
“Artıq müdafiə və təhlükəsizliyin ən prioritet məsələ olduğu göz önündədir. Bununla yanaşı, Azərbaycan istər II Qarabağ müharibəsinə qədər, istərsə də ondan sonrakı dönəmdə daim hərbi sahəni diqqətdə saxlayıb və mövcud tələbə uyğun olaraq tədbirlər həyata keçirib. Bu mənada ordumuzun dünya orduları sırasında 29-cu yerdə qeyd olunması Azərbaycan Ordusunun II Qarabağ müharibəsində və ötən il keçirdiyi antiterror tədbirləri nəticəsində ortaya çıxıb. Bu faktlar Azərbaycan ordusunun peşkarlığını, eyni zamanda döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu dünya qarşısında təsdiqlədi”.
Ekspert qeyd edir ki, hərbi sahədə araşdırma aparan saytlar var idi ki, bu günə qədər Azərbaycanla bağlı qeyri-real açıqlamalarını müşahidə etmişik.
“Azərbaycan Ordusunun hansı gücə sahib olduğunu dərk etdilər. Bundan sonra da Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan ordusunun inkişafı üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. II Qarabağ müharibəsindən sonra Ali Baş Komandanın tapşırığına əsasən yeni komando birlikərinin yaradılması, eyni zamanda xüsusi təyinatlı qüvvələrin sayının artırılması ilə bağlı verilən tapşırıqlar və onun bu gün də çox yüksək səviyyədə həyata keçirilməsi davam edir. Burada təkcə şəxsi heyətin sayının artırılması deyil, eyni zamanda cari dövrə uyğun olaraq müasir silah-sursat, texnika ilə təhciz olunması da öz həllini tapir”.
A.Bayramov qeyd edir ki, dünyada çox mühüm proseslərin baş verdiyi nəzərə alınmalıdır. O, əsasən müdafiə sahəsində çox sürətli inkişafın izləndiyini vurğulayıb. Onun fikrincə, Azərbaycan çox nadir ölkələrdəndir ki, bu prosesi ciddi şəkildə diqqətdə saxlayır və tələbə uyğun olaraq bütün zəruri addımları atır. Bu da təkcə yeni silah-sursatın alınması, ordumuzun arsenalına verilməsi ilə deyil, eyni zamanda onun döyüş şəraitində peşəkarcasına tətbiq edən şəxsi heyətin olması ilə müsbət həllini tapir.
“Azərbaycan bu sahədə də bir çox inkişaf etmiş ölkələrlə eyni sıradadır. Azərbaycan II Qarabağ müharibəsində, antiterror tədbirlərində yeni silah-sursatın, hərbi texnikanın məhz döyüşdə peşəkarcasına, effektiv tətbiqini həyata keçirdi. Əlbəttə ki, Azərbaycan əldə etdiyi uğurlara baxmayaraq məhz müdafiə və təhlükəszilik sahəsində dayanmadan fəaliyyətlərinin aparılmasına davam edəcəkdir”.
Ekspert Ermənistan tərəfinin hərbi büdcəsini gələn il üçün 20 fazi artırmasına da diqqət çəkib və bunu işğalçı ölkənin riyakarlığı kimi dəyərləndirib.
“Ermənistan dildə 4 ildir sülhdən danışsa da, əməldə sürətli şəkildə silahlanma, havadarlarının verdiyi dəstəklə ordusunu yenidən formalaşdırma istiqamətində ciddi-cəhdlə addımlamağa çalışır. Əlbəttə, Ermənistanın bu cür fəaliyyəti gələcəkdə regionda ciddi şəkildə təhdid və təhlükə formalaşdırır. Ermənistanın belə davranışları revanşist qüvvələri gələcəkdə təxribatlar törətməyə daha da həvəsləndirir. Azərbaycan Ermənistanın bu cür davranışlarını diqqətdə saxlayır və paralel olaraq zəruri tədbirləri həyata keçirir. Regionda Ermənsitan kimi dövlətin olması hər zaman təhlükə deməkdir. Məsələyə bu aspektdən yanaşsaq, Azərbaycanın ildən-ilə müdafiə və təhlükəsizlik xərclərini artırması, orduda islahatların aparılması, müdafiə sənayesində dünyanın silah istehsal edən aparıcı şirkətləri ilə əməkdaşlıq etməsi Ermənistanın riyakar davranışlarına əməli cavab kimi dəyərləndirilməlidir. Ermənistan tərəfi unutmamalıdır ki, gələcəkdə hər hansı bir təxribata əl atarsa və yaxud cəhd edərsə, bu onun üçün ağır nəticələrə səbəb olacaq”.
Regionda və beynəlxalq aləmdə beynəlxalq hüququn işləmədiyinin birmənalı olduğunu qeyd edən A.Bayramov mövcud vəziyyətdə dövlətin təhlükəsizliyi və var olmasının onun hərbi gücündən asılı olduğu reallığını ortaya qoyduğunu önə çəkib.