Pakistan böhrandan çıxmaq üçün Çindən borc alır

09:30 06.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın İqtisadiyyat naziri İshaq Dar Çin dövlət bankının İslamabada 1,3 milyard dollar kredit ayırmağı təsdiqlədiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, nazir Dar Twitter hesabından verdiyi açıqlamada Çin Sənaye və Ticarət Bankının (ICBC) Pakistana 1,3 milyard dollarlıq krediti cümə günü yenidən ayıracağını və kreditin 3 mərhələdə Pakistana çatdırılacağını bildirib. Hətta nazir Dar Çin dövlət bankının ayırdığı kreditdən 500 milyon dolların ilk etapda Pakistanın mərkəzi bankına köçürüldüyünü də bildirib.

Qeyd edək ki, Pakistanın nağd pul çatışmazlığı və xarici valyuta ehtiyatlarını tükəndirdiyi məlumdur. Mərkəzi Bankın valyuta ehtiyatlarının yalnız 3 həftəlik idxal rəqəmlərini qarşılaya biləcək səviyyəyə düşdüyü bildirilir.

Maliyyə Nazirliyinin məlumatına görə, Pakistan cari maliyyə ilində büdcə kəsirini ödəmək üçün 5 milyard dollar xarici vəsaitə ehtiyac duyacaq.