Pakistanın Bəlucistan əyalətindəki müvəqqəti hökumətin informasiya və ictimaiyyətlə əlaqələr naziri Can Açakzai Kvetta şəhərində keçirilən mətbuat konfransında bütün dövlət qurumlarının ölkəni tərk etməyən qeyri-qanuni mühacirləri nəzarətə almaq üçün çalışdığını bildirib.
Hafta.az-ın yazdığına görə, bu haqda "Geo News" telekanalı məlumat yayıb. Açakzai 2024-cü ilin yanvar ayına qədər 1 milyon qeyri-qanuni immiqrantın ölkədən deportasiya edilməsinin planlaşdırıldığını bildirib.
Əksəriyyəti Əfqanıstan vətəndaşı olan qeyri-qanuni mühacirlər Torxam və Çaman sərhəd qapıları vasitəsilə ölkələrinə göndərilir. Mətbuata əks olunan görüntülərdə hər iki sərhəd qapısında sıxlıq yaranıb.
Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra iki ölkə arasında təhlükəsizliklə bağlı problemlər yaranıb. İslamabad hökuməti ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir. Taliban isə Pakistanın iddialarını rədd edir və ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını bildirir.
Son aylar iki ölkə arasında bu kontekstdə müzakirələr artsa da, Pakistan hökuməti ölkədə qeydiyyatsız yaşayan və sayı 1,7 milyonu keçən qeyri-qanuni mühacirlərdən oktyabrın 1-nə kimi Pakistanı tərk etmələrini istəyib. Bu tarixə qədər getməyənlərin deportasiya ediləcəyi açıqlanıb.
Pakistan 2023-cü ilin yanvarından bu yana ölkədə 24 intihar hücumu olduğunu və hücum edənlər arasında Əfqanıstan vətəndaşlarının olduğunu açıqlayıb.
Taliban administrasiyası isə Pakistanın qərarını pisləyir, əfqan mühacirlərlə yaxşı rəftar olunmasını və ölkədən getmələri üçün əlavə vaxt verilməsini tələb edir.
Beynəlxalq qurumlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı da Pakistanı bu qərarından dönməyə çağırır. BMT-nin məlumatına görə, geri qayıdanların 60 faizi uşaqlardır.
Pakistanın qərarından sonra İran da ölkədə yaşayan qeyri-qanuni əfqan immiqrantları geri qaytarılması prosesini gücləndirib.