Pakistanda daha bir təhlükə: MANÇAR GÖLÜ DAŞMAQ ÜZRƏDİR

13:47 06.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın cənub-şərqindəki Sind bölgəsində yerləşən ölkənin ən böyük gölü Mançarda suyun səviyyəsi musson yağışları nəticəsində yüksələrək daşqın təhlükəsi yaradıb.

Hafta.az-ın yazdığına görə, Pakistanın səlahiyyətli orqanları göldə suyun səviyyəsini azaltmağa çalışdıqları üçün yaxınlıqda yaşayan 100 min insanı evlərindən təxliyə ediblər. Məlumata görə, gölün daha sıx məskunlaşan ərazilərə daşması riskini aradan qaldırmaq istəyən səlahiyyətlilər, 100 min insanın yaşadığı fərqli istiqamətdə gölün divarını yarıblar. Lakin bu, Mançarda suyun səviyyəsinin azalmasına kömək etməyib.

Bu arada qeyd edək ki, Sind vilayəti Pakistanda ərzaq məhsullarının yarısını istehsal edir.

Daşqınlardan əvvəl onsuz da ərzaq qıtlığı yaşayan və sel səbəbiylə mümkün aclıq probleminin yarana biləcəyi qorxusu olan ölkədə, mütəxəssislərə görə, bu göl daşsa, ərzaq istehsalı daha da azala bilər.

Qeyd edək ki, Pakistanda daşqınlar 33 milyon insanın həyatına təsir edib, indiyədək 458-i uşaq olmaqla 1314 nəfər həlak olub. Daşqının vurduğu maddi ziyanının həcmi isə 10 milyard dollar civarında olduğu təxmin edilir. Bu, Pakistanda son illər iqlimlə bağlı ən böyük ekoloji fəlakət sayılır.

Ölkə ərazisinin üçdə birini basan selin bir yandan qlobal istiləşmə ilə bağlı artan yağıntılar, digər tərəfdən də eyni səbəbdən buzlaqların əriməsi ilə əlaqədar olduğu düşünülür.

BMT ölkədə içməli suyun olmaması səbəbindən daha çox uşağın ölə biləcəyi barədə xəbərdarlıq edib.

Pakistan qlobal istixana qazlarının cəmi 1 faizinə cavabdeh olsa da, iqlim dəyişikliyindən ən çox təsirlənəcək ölkələr sırasındadır.