Paraqvayda yeni Prezident seçilib

23:25 01.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi Amerika ölkəsi Paraqvayda prezident seçkilərinin qalibi iqtidar partiyasından iqtisadiyyat naziri Santyaqo Pena olub.

Hafta.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, Paraqvayın Mərkəzi Seçki Komissiyası səslərin 96 faizinin sayıldığı, Santyaqo Penanın 4 milyondan çox seçicinin 43,15 faizinin səslərini qazandığını bildirib. Sol təmayüllü partiyaların namizədi Efrain Aleqre isə 27,51 faiz səs toplayıb. Eyni zamanda, Senatda böyük üstünlük əldə edən yeni dövlət başçısının ölkənin 17 vilayətindən 14-də qalib gəldiyi qeyd olunub.

Santyaqo Pena paytaxt Asunsyonda keçirdiyi qələbə mitinqində Paraqvay xalqını birliyə və həmrəyliyə çağırıb. O vurğulayıb ki, mövqe fərqləri olan hər bir siyasi qüvvə milli dəyərlər ətrafında birləşməlidir. Yeni Prezident ölkədə demokratiyanın inkişafını da mühüm amil adlandırıb.

Dövlət başçısının mənsub olduğu Paraqvayın Kolorado partiyası müəyyən fasilələrlə XX əsrin ortalarından iqtidarda yer alıb.