Paytaxda karantin rejiminə polis əməkdaşları tərəfindən nəzarət gücləndirilib. Belə ki, şəhərə çıxan insanlar və avtomobillər yoxlanılır. Karantin rejimini pozan sakinlərə və sürücülərə yazılı şəkildə cərimələr tətbiq olunur.
Təəssüflər olsun ki, marşrut avtobuslarında biz bunu görmürük. Çünki marşrut sürücüləri karantin rejiminin bu qədər sərt və xəstəliyin ciddi olduğunu hələ də anlamırlar. Yəni qoyulan vaxt qrafikləri ilə yox, həmişəki qaydada da, bildikləri kimi işləyirlər. Nəticədə isə avtobuslarda sərnişin sıxlığı yaranır.
“Gənclik” metrostansiyasına yaxın dayanacaqda yarım saat gözlədikdən sonra metronun bağlanmsı səbəbindən sərnişinlərin rahatlığı üçün xətlərə buraxılan xüsusi avtobuslardan istifadə etdik.
M1saylı marşrut avtobusunda oturacaqlardan birinin boş saxlanılması, ara məsafəsinə riayət edilməsi ilə bağlı xəbərdarlıqlar qoyulub. Lakin qaydalara əməl olunmurdu. Bütün oturacaqlar dolu idi. Hətta ayaqüstə gedən sərnişinlər də az deyildi. Elə sərnişin vardı ki, maskası yox idi.
Neftçilər metrosunun qarşısındakı dayanacaqda da sərnişin sıxlığı hökm sürürdü. Günorta saat təxminən 12:00 radələri olmasına baxmayaraq Əhmədlidən Sabunçuya gedən 62 saylı marşrut avtobusunun salonunda iynə atsaq yerə düşməzdi.
Əslində mənzərə hökumətin koronavirusla bağlı "evdə qal" çağırışına insanların nə dərəcədə əməl etdiyini göstərir. Müvafiq qurumlar isə avtobuslardakı sərnişin sıxlığına görə insanları günahlandırır. Bildirilir ki, marşrutlar hazırda xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir. Ona görə də insanlar zərurət olmadığı halda çölə çıxmamalı, evdə qalmaq çağırışına ciddi riayət etməlidirlər.