Peşə təhsilində idarəetmə təkmilləşdiriləcək

10:28 22.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bu məqsədlə peşə təhsili menecerləri hazırlanır

Peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri hesab olunur. Keyfiyyətli peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənən tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır. Bu yaxınlarda peşə təhsilinin inkişafı ilə bağlı daha bir addım atılıb. Belə ki, Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) gələcək peşə təhsili menecerləri üçün yeni təlim proqramına başlayıb. Qeyd edək ki, “Peşə təhsilində Liderlik və İdarəetmə” proqramı iyulun ortalarına qədər davam edəcək. Proqramı uğurla başa vuran iştirakçılar peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə işə qəbul zamanı üstünlüyə malik olacaqlar. 250 müraciətçidən yalnız 25 nəfər 9 həftəlik intensiv proqramda iştirak üçün seçilib. Seçim prosesi müsahibələr də daxil olmaqla 2 mərhələdə baş tutub. Qiymətləndirmə komitəsində PTDA əməkdaşları və layihə mütəxəssisləri yer alıb.

Nəzərdə tutulan təlim kursu 120 saat təşkil edir və 5 modulu əhatə edir. Buraya liderlik, strateji planlaşdırma və idarəetmə, monitorinq və qiymətləndirmə prosesləri, keyfiyyət təminatı sistemləri, maliyyə və inzibati idarəetmə, peşə təhsili sahəsində mövcud qanunvericilik və strateji sənədlərlə iş daxil olmaqla müxtəlif istiqamətlər aiddir. Kursun məqsədi müasir dövrdə peşə təhsil sisteminin tələbləri ilə ayaqlaşmaq üçün iştirakçıları müvafiq bilik və bacarıqlarla təchiz etməkdir. Proqramın sonunda sessiyaları uğurla başa vuran namizədlər sertifikatla təltif olunacaqlar.

Onu da bildirək ki, peşəkar təlim proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə ortaq şəkildə həyata keçirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilir. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsili müəssisələrini müasirləşdirməyə və əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkilinə dəstək olmaqdır.

Yeri gəlmişkən, təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir. Elə bu səbəbdəndir ki, bu gün pedaqoji lüğətə menecment anlayışı əlavə edilib və təhsilin idarə edilməsinin nəzəri məsələləri ilə məşğul olan sahə – təhsil menecmenti pedoqogikanın əsas sahələrindən biri sayılır. Müasir anlamda təhsilin idarə olunması təhsil menecmenti kimi ifadə olunur. Azərbaycan dilində menecment sözünün sinonimi “idarəetmə” terminidir. Ümumilikdə, menecment fərdi yanaşma əsasında təsir göstərməni nəzərdə tutmayan, rəhbər və tabeliyində olanların birgə fəaliyyətdə hədəflərə effektli şəkildə çatmaq üçün komfortlu əməkdaşlıq şəraitinin yaradılması əsasında olan idarədir. Menecment idarəçi fəaliyyətində insanlarla özü arasında qarşılıqlı hörməti əsas tutur, əmək fəaliyyətində insanlarla münasibəti inam və etibarlılıq əsasında qurur, özünü müvəffəqiyyətə yönəldərək, digərlərinin də buna müvafiq olması üçün şərait yaradır.

Mütəxəssislər hesab edirlər ki, müasir təhsil sistemində idarəetmə prosesi, ümumiyyətlə, bütöv bir fəaliyyətin təşkili mürəkkəb sistemdir. Bu mürəkkəbliyi aradan qaldırmağın əsas yollarından biri pedaqoji menecmentin prinsiplərinə düzgün əməl etmək və bu prinsiplərdən irəli gələn məsələləri, tələbləri demokratik şəkildə həyata keçirməkdir. Burada ən vacib amil insanın şəxsi ləyaqətinə hörmət edilməli, qarşılıqlı hörmət əsasında inam atmosferi, insanın öz imkanlarını aşkar edə biləcəyi şərait yaradılmalıdır. Bir sözlə, dəstəkləyici mühit təşkil olunmalıdır. Belə olduqdan sonra idarə edən şəxs məqsədlərini həyata keçirib istənilən nəticəni əldə edə bilər. Həmçinin idarəçi kollektiv üzvlərinin həyat tərzini, onların ümumi tələbatlarının nələr olduğunu bilməli və onların təminatı üçün maraqlı olduğunu özlərinə hiss etdirməlidir. Bəzən işə zərər olmadan qarşılıqlı güzəştə getməyi də bacarmalıdır.

Müşahidələr onu göstərir ki, müasir şəraitdə təlim-tərbiyə məsələlərinin kompleks həllində təhsil müəssisəsinin idarə olunmasının, ona rəhbərliyin rolu xeyli artıb və daha çox aktuallıq kəsb etməyə başlayıb. Bu, ümumi təhsilin məqsədi, təhsilin bu pilləsinin reallaşdırıldığı təlim-tərbiyə müəssisələrinin qarşısında duran vəzifələrlə bağlıdır. Müasir məktəbin fəaliyyətinin əsas prioritetlərini məktəblilərdə həyat üçün vacib kompetensiyaların aşılanması, fiziki cəhətdən sağlam şəxsiyyətin formalaşdırılması, təhsil alanların sağlam həyat tərzi sürməyə alışdırılması, məktəbin tərbiyə potensialının gücləndirilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi təşkil edir. Bütün bu məsələlərin həyata keçirilməsi prosesini idarə etmək məktəb rəhbərlərinin öhdəsinə düşür. Bunun üçün isə məktəb rəhbərləri ilk növbədə idarəetmə elminin əsaslarını dərindən bilməli, bu sahədə yüksək səriştəyə, kollektivi məktəbin hədəflərinə doğru səfərbərliyə almaq üçün liderlik keyfiyyətlərinə malik olmalıdırlar.

Yeri gəlmişkən, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Sənəddə göstərilib ki, təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması, fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi, təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi, adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi və bu zəmində stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi, habelə maliyyələşmə mənbələrinin yetərliyinin təmin edilməsi təşkil edir.

Sözügedən sənəddə həmçinin insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olmaq üçün ölkəmizdə peşə təhsil sisteminin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi öz əksini tapıb. Strategiyaya uyğun olaraq, peşə təhsili sahəsində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, peşə təhsili ölkə iqtisadiyyatının tələbatına uyğunlaşdırılıb, peşə təhsili infrastrukturu əsaslı şəkildə müasirləşdirilib, peşə təhsilinə cəlb olunan vətəndaşların sayı artırılıb. Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşdırılmasında müəllim amilinin, nüfuzunun həlledici əhəmiyyəti nəzərə alınmaqla bu sahədə əmək bazarının dəyişən tələblərinə cavab verən yeni peşələr üzrə kadr hazırlığının gücləndirilməsinə diqqət artırılıb.

Təbii ki, Strategiyanın qəbulundan keçən müddət ərzində digər strateji istiqamətlərdə olduğu kimi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı da xeyli səmərəli addımlar atılıb, təhsil sektorunda rəhbərliyə iddialı şəxslər üçün işə qəbulu mexanizmi yeniləşdirilib, təhsil müəssisəsi rəhbərlərinin menecerlik sahəsində biliklərə, kompetensiyalara yiyələnməsi üçün öyrədici təlimlər sisteminin tətbiqi reallaşdırılıb, məktəb ictimai qurumlarının idarəetmə prosesinə cəlbi yönündə təcrübə toplanmağa başlanılıb və s. Bütün bunlar öz müsbət nəticələrini göstərməkdə, təhsilin idarə olunması sisteminə töhfələrini verməkdədir.

Oxunma sayı 1005