Pirlərə yığılan pullar - hara və necə xərclənir? - ARAŞDIRMA

12:03 17.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər. Bununla bağlı məsələ Milli Məclisin son iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcəklər. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bu məsələnin müzakirəsi yenidən pirlərə, ziyarətgahlara gələn insanların ianələrinin taleyi ilə bağlı fikirlərin aktuallaşmasına səbəb olub. Hafta.az  bu məsələ ilə bağlı ölkənin ictimai-siyasi kəsiminin mövqeyini öyrənib:

Pirlərə yığılan pullar hara gedir, nəyə xərclənir, hamısı Komityə məlumdur

Elşad Miri, dinşünas alim:

- İslam dinində pir anlayışı yoxdur. Eləcə də hansısa qəbir üstünə gedib, ora nəzir qoymaq da düzgün deyil. Nəhayət, cəmiyyət bunu birdəfəlik bilməlidir. Qəbirləri ziyarət etmək olar. Bu bizə o biri dünyanı, gələcəyimizi xatırladır və bizə deyir ki, yaxşı əməllər gör... Amma bu gün dini biznes halına gətirən,  “din biznesmenləri”nin olduqları  məkanlara gedib ora pul atmaq yanlışdır. Gedib ziyarətgah dediyimiz yerlərdə hansısa daşa, zəncirə pul atmaqdansa, onu öz ətrafımızdakı imkansızlara, kasıblara versək, onlara əl tutsaq, daha savab olar. İnsanların “Orada Allah görür, o biri tərəfdə görmür”  düşüncəsi Allaha şərik qoşmaqdır, böyük günahdır. Uzun illər insanlar arasında formalaşan bu ənənədən birdən-birə imtina edilməsi də asan deyil.  Biz klassiklərimizin, məsələn,  Nəriman Nərimanovun “Pir” hekayəsində, Cəlil Məmmədquluzadənin və yaxud digər ədiblərin əsərlərində bu kimi neqativ hallara qarşı necə mübarizə aparıldığını görürük. Biz çox vaxt onları oxuyub gülürük. Amma gülüş vəziyyətinə özümüzü də salırıq.  İnsanları maarifləndirmək lazımdır. Bu cür məsələlərin tez-tez gündəmə gətirilməsi insanların  oyanmasına, ayılmasına səbəb olacaq. Əks halda, “Ölülər”in müasir seriyasını çəkən xalq olacağıq.  Faktiki bu sahədə olan insanlar gedib orada özlərinə biznes qurublar. Çox əla gəlir də götürürlər. Onlar din dövlədən ayrı olduğuna görə vergidən də uzaqdırlar. Bu işlə, təbii ki, Dini Komitə məşğul olmalıdır. O da kitablara rəy verməklə, imam təyin etməklə məsələləri gündəmdə saxlayır. Pirlərə gedən pul məsələlərinə qarışmır. Digər tərəfdən, bəzi ilahiyyatçılar heç bir yerdə işləmədiklərinə görə, bundan onlara müəyyən qırıntılar çatdığına görə ağızlarına su alıb oturublar.

Nəzir və ianələr, eləcə də dini idarəçilik məsələləri Qafqaz Müsəlmanları İdarəsindın alınaraq  Dini Komitəyə verilib. Ümid edirəm ki, Komitədə də, həmin sistemdə də təfəkkür dəyişəcək. Pirlərə yığılan pullar hara gedir, nəyə xərclənir, hamısı Komitəyə məlumdur. Bu işə nəzarət edən ayrı-ayrı bölmələr var. Elələri var ki, onlara konkret olaraq Qafqaz Müsəlmanları İdarəsi nəzarət edir. Onların  nümayəndələri  həmin məkanda blomlar açır, pulu götürür və kənardakı müəyyən insanlara müəyyən qədər vəsait ödəyirlər. Elə məkanlar da var, məsələn, Mir Mövsüm ağa kimi yerlərdə isə bölüşdürülür.  Bu, yerinə görə dəyişir. Məsələn, “Beşbarmaq” deyilən yerdə tamam başqadır,  Bibiheybət isə QMİ-dədir. Orada pullar mollalara verilir, özlərinə götürülür, bunu Komitə daha yaxşı bilir.  Qafqaz Müsəlmanları İdarəsinin qazilərinə, imamlarına, axundlarına zəng edin və soruşun: haradan maliyyələşirsən? İdarə etdiyin bahalı maşını hansı pulla almısan? Dini Komitənin sizə 300-500 manat məbləğində  yardımı ilə necə dolanırsınız?  Cavab verəcəklərmi? Hacılardan, kərbəlayılardan, axundlardan soruşun, onların maliyyə məsələləri şəffafdırmı?!

Pirlərdə və başqa yerlərdə nəzir mexanizmi yığışdırılmalıdır

Fazil Mustafa, Milli Məclisin deputatı:

- Müsəlmanın ibadət yeri məsciddir. Biz ziyarətgahları da ibadət kateqoriyasına daxil etmişik. Bu yanlışdır.  Nə edək ki, tarixboyu belə davam edib. Uzun illərdən qalan dini adət olduğuna görə, bu mövzuya çox toxunulmur. İndi də onlayn qaydada nəzir və başqa ianələrin verilməsi nəzərdə tutulur. Bu, bütövlükdə müəmmalı, açıq qalan məsələdir. Yəni pirləri ziyarət etmək hansısa qanunla tənzimlənmir, adətlə  həyata keçirilir və bunun da hesabatı  yoxdur.  Bunların hamısı keçmişlə bağlı, dinə aid olmayan rituallardır. Belə vəziyyət əsasən cəhalətin yayıldığı ölkələrdə ola bilər. Ona görə də pirlərdə və başqa yerlərdə nəzir mexanizmi yığışdırılmalıdır. İnsanları belə ayinlərdən uzaqlaşdırmaq üçün maarifləndirmə olmalıdır. Dövlət cahil insanların sayını azaldacaq imkanlara sahib deyil.  Savadlı insanların sayını artırmaqla cahillər azala bilər. Pirlərin ziyarəti bütün cəmiyyətə yayıldığına görə bu, çox təhlükəli məsələdir. Ona görə də insanların təhsil almasını təmin etmək lazımdır. Həmin ibadət yerlərinə təhsilli, vəzifəli, diplomlu adamlar da çox gedir. Bu zaman məsələnin qadağa ilə yoluna qoyulması gündəmə gəlir ki, bu da mümkünsüzdür. Şəhərlərdə, kəndlərdə belə pirlər var. Bunlar tarixi abidə kimi Mədəniyyət Nazirliyinin tabeliyinə verilə bilər ki, ona baxılsın. Belə olan halda ora inanc yeri kimi baxılması doğru olmur. Ona görə də ziyarət kimi tanınan yerlər Mədəniyyət Nazirliyinin tabeliyinə verilməlidir. O ki qaldı qanunverici orqanda bu məsələnin necə tənzimlənməsinə, bu, mümkün olsa da, deputatın sözünü eşidən yoxdur. Dəfələrlə bu istiqamətdə təkliflər vermişik, heç kəs eşitmir. Bizdə adətdir ki, hər şey faciəyə çevriləndə təkliflər eşidilsin, nəzərə alınsın. Cəhalət ölkəyə yayılıb ciddi ziyanlar vurandan sonra bu barədə düşünərlər. “Pirlərə verilən pulların xərclənməsinə nəzarət mexanizmi necə qurulmalıdır?” sualına cavabları var. Biz bunun formasını bilirik. Bunu söyləmək problem deyil, amma mənası yoxdur.  Söylənilənləri nə cəmiyyət diqqətə alır, nə də dövlət.

Bu məsələlər  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin görə biləcəyi iş deyil, buna da ehtiyac yoxdur

Mirmahmud Mirəlioğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri:

- Azərbaycan vətəndaşlarının pirlərə, ziyarətgahlara getməsi şəxsi məsələdir. Burada mövhumatçılıq olsa da, bu, adamın şəxsi puludur, şəxsi ianəsidir, verirsə, özü bilər. Adama deyərlər, mən sənin şəxsi işinə qarışırammı, deyirəmmi, sən ateistsən, Allaha inanmırsan. Quruluşlar dəyişsə də, pirlər, ziyarətgahlar öz yerlərində qalıb. Bu, hər yerdə, bütün dinlərdə var. Hətta dünyanı idarə edən,  iddiada olan dünya güclərinin rəhbərləri də daim öz andiçmə mərasimlərində dini ayinləri icra ediblər. Dini inancları da yerindədir.  Məsələni müzakirəyə çıxaranlar unudurlar ki, buna nəzarət mexanizmi yoxdur, mümkün deyil, bunu etmək olmaz. Unutmasınlar ki, dünyanın  aparıcı dövlətlərindən olan Səudiyyə Ərəbistanı  hər il edilən ziyarətlər hesabına  milyardlarla pul qazanır. Azərbaycanda din dövlətdən ayrıdır.  Bu məsələlər  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin görə biləcəyi iş deyil.

Hamı hesab edir ki, nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsinə daxildir. Bu belə deyil. Bu nəzir qutuları pirlərdə, qəbirlərdə, harada qoyulubsa həmin yerdə xərclənir. Bir də insanları məcbur aparmırlar ki, özləri gedirlər. Düzgün təbliğat apara bilmiriksə, insanları maarifləndirmiriksə, bu, başqa məsələdir.  Kimsə başqasının puluna niyə nəzarət etməlidir? Bu, gülməli, həm də ayıbdır. Ola bilsin, konstitusiya dəyişsin. “Pirlərə gedilməməlidir” deyilirsə, lap yaxşı, marşrutu bağla. Gedilməlidirsə,  dövlət tərəfindən qorunsun. Bununla məşğul  olanlar özlərini heç nə bilməmiş kimi aparırlar.

Mərhum Heydər Əliyev çıxışlarının birində dedi ki, mən Mirmövsüm Ağanın ziyarətinə gedirdim. İndi istəyirlərsə qadağa qoysunlar, heç kəs getməsin.  Unutmayın ki, Azərbaycanda vicdan azadlığı deyilən qanun var, bu da Konstitusiyada təsbit olunub.

İnsanların pirlərə, ayrı-ayrı ziyarətgahlara nəzir qoymaları günahdır...

Sərdar Cəlaloğlu, Azərbaycan Demokrat Partiyasının sədri:

- İnsanların pirlərə, ayrı-ayrı ziyarətgahlara nəzir qoymaları günahdır. Pirlərə qoyulan pulun kimin cibinə getməsi heç kəsə maraqlı deyil. Qurani-Kərimdə Allah-Taala buyurur ki, haram yolla qazanılan pulla məscid tikmək, xüms, zəkat vermək qadağandır.  Kimsə gedib pirə nəzir verirsə, o nəzirdən heç bir müsəlman faydalanmamalıdır. İnsanlar İslamı səmimi qəbul etmədiklərinə görə pirlərə gedirlər. Allaha inanmırlar, inansaydılar pirlərə gedib daşlardan, ağacdan imdad ummazdılar. Azərbaycan xalqına İslamdüzgün çatdırılmayıb. Yüz il bundan əvvəl Əhməd bəy Ağayev İslam dininin düşdüyü vəziyyətlə bağlı deyir: nə vaxt ki, siz din alimlərinin dalınca getdiniz, həmin vaxt da Quranı tərk etdiz. Həmin vəziyyət bu gün Azərbaycandadır. Rusiyanın yaratdığı Qafqaz Müsəlmanları İdarəsi ləğv olunmalıdır...