Polşada alman-faşistlər tərəfindən qətlə yetirilmiş polşalıların cəsədləri basdırıldığı iddia olunan daha bir toplu məzar tapılıb.
Hafta.az-ın yazdığına gğrə, II Dünya Müharibəsi ilə bağlı cinayətləri araşdıran Milli Xatirə İnstitutunun dünən verdiyi açıqlamaya görə, qalıqlar paytaxt Varşavanın şimalındakı Dzialdovo həbs düşərgəsinin yaxınlığında aşkar edilib. Həmin düşərgə 1939-cu ildə Polşanın işğalından sonra yaradılmışdı. Almanlar buradan yəhudilərin, dissidentlərin və Polşa elitalarının köçürülməsi, saxlanması və öldürülməsi üçün istifadə edirlərmiş.
Soldauda 30 min insanın öldürüldüyü təxmin edilsə də, bu günə qədər əsl rəqəm təsdiqlənməyib.
İnstitutun direktorlarından biri olan Tomaş Yankovski bildirib ki, kütləvi məzarlıqda təxminən 17,5 ton insan külü var ki, bu da ən azı 8 min insan deməkdir. Yəni hər iki kiloqram kül bir insan meyitinə uyğun gəlir.
Toplu məzardakı qurbanların ehtimal ki, 1939-cu ildə sui-qəsdə məruz qaldığını ifadə edən Yankovski, bu insanların çoxunun Polşa elitasına aid olduğunu bildirib.
1944-cü ildə nasistlər yəhudi məhbuslara hərbi cinayətlərin sübutlarını aradan qaldırmaq üçün cəsədləri çıxarıb yandırmağı əmr etdilər.
Pomeraniya Tibb Universitetinin genetik tədqiqatçısı Andrzej Ossovski, küldən nümunələr götürərək laboratoriyada araşdırılacağını bildirib: "DNT analizi edə bilərik. Bu, bizə qurbanların kimliyi haqqında daha çox məlumat əldə etməyə imkan verə bilər".