“COP29-a qəsdən gəlməyənlərin hamısı da olmasa, əksəriyyəti planeti ən çox çirkləndirən dövlətlərdir. Ermənistanın bu tədbirdə təmsil olunmamasına gəldikdə, bunun ən birinci səbəbi hələ dövlət ola bilməməsidir”.
Bu barədə hafta.az-a deputat Sahib Alıyev bildirib. Onun sözlərinə görə artıq 5-ci gündür ki, Azərbaycan özünün hansı gücə və iqlim dəyişikliyi ilə bağlı hansı mövqeyə sahib olduğunu göstərməkdədir. Deputat konfransın çox uğurla irəlilədiyini və mühüm əhəmiyyət kəsb edən müzakirələrlə dünyanın diqqətinin ölkəmizə yönəldiyini xususilə qeyd edib.
S.Alıyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyevin 3 minə yaxın əcnəbi jurnalistin gözü qarşısında Azərbaycanın neft ölkəsi olmaqda ittiham edənlərə sərrast və öldürücü cavablar verdiyini önə çəkib. Onun fikrincə, konfrans Azərbaycanla bağlı həqiqətlərin bir daha dünyanın düşünməyi bacaran, həqiqəti görə bilən ictimai arenasına təqdim olunması baxımdan mühüm işlər görür.
“COP29-un Azərbaycanda keçirilməsinin doğru olmadığını qabardan ölkələrdən biri ABŞ-dir. Üstəlik, orada daha çox şist nefti çıxarılır ki, bu da ekologiya üçün klassik hasilatdan qat-qat təhlükəlidir. Ona görə də Azərbaycan Prezidenti onları özlərinə və qonşuluqlarında bizdən 10 dəfə çox neft hasil edən ölkəyə baxmağa dəvət etdi ki, o da Kanadadır. ABŞ-nin qonşusu və xarici siyasətdə peyki rolunda çıxış edən Kanada dünyada neft istehsalına görə dördüncü, Azərbaycan isə 25-ci yerdədir.
Belə bir fonda biz COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxanların hansı səbəbdən narahat olduğunu yaxşı bilirik. Bu, "Əsrin müqaviləsi"nin imzalandığı sentyabrda baş verib. O zaman 1994-cü ilin sentyabrında qlobal media fərqli mövqe tutmuşdu. Neft hasilatını artıracağına, qərbdəkiləri yanacaqla təmin edəcəyinə görə Azərbaycanın şəninə təriflər yağdırırdı. 2020 və 2023-cü ilin sentyabrında torpaqlarımızı işğaldan azad edib suverenliyimizi tam təmin etdikdən sonra bu yanaşma dəyişdi. Çünki bu, qərbdəkilərin maraqlarına qətiyyən cavab vermirdi. Müzəffər Ali Baş Komandanımızın vurğuladığı kimi, əgər Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında da bizi ittiham etsələr, buna təəccüblənməyəcəyəm. Ölkəmizdə günəşli günlərin sayının çox olması əslində bizim karbohidrogen ehtiyatlarımızdan əldə etdiyimizdən daha artıq enerji deməkdir. Birinci enerji sayəsində necə torpaqlarımızı işğaldan qurtardıqsa, ikinci də zəfərimizin əbədiliyini təmin etməyimizdə böyük rol oynayacaq. Çünki günəşin özü kimi enerjisi də əbədidir”.
S.Alıyev bütün qərəzli cəhdlərə baxmayaraq COP29-un Azərbaycan reallıqlarının təqdimatı və mövqeyinin yaşıl dünya naminə verdiyi çabaların səmimiliyini ortaya qoymaqla uğurla davam edir. COP29 Azərbaycanın regionda hansı üst mövqeyə sahib olduğunu bir daha göstərir.