Pul adamlar kimi meymunların da xarakterini dəyişir...-ARAŞDIRMA

11:26 11.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Pul mövzusundakı ötən yazımızda paranın insan psixikasına təsiri və bu minvalla hərislərin, tamahkarların, korrupsionerlərin necə yetişməsindən bəhs etmişdik. Bu dəfə isə  Hafta.az oxucularına psixoloq-məsləhətçi, "transaksiya təhlili" istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın Dağıstan mediasında dərc etdiyi “Pulun təsiri və ya pul meymunları hansı günə saldı” başlıqlı məqaləsinin tərcüməsini təqdim edəcəyik.

“Mərhəmətli və Rəhmli Allahın adı ilə!..

Məşhur qəhrəmanın təbirincə desək, “pul dəbdəbə deyil, ehtiyacları ödəmək vasitəsidir”.  Pul öz-özlüyündə  heç bir müsbət və ya mənfi münasibətə layiq deyillər, lakin bir insan üçün ən çətin sınaqlardan birini təmsil edir.  Pulun insana hansı təsir göstərə biləcəyini onun heyvanlara ...  təsirinin nəticələrinə görə qiymətləndirmək olar...

Yel Universitetinin iki professoru meymunların və ... pulun iştirakı ilə təcrübə aparıblar. Onlar meymunlara paradan necə yararlanmağı öyrətməyə cəhd etmək qərarına gəliblər. Aydın olub ki, bu işi asanlıqla görmək mümkün olurmuş. Çünki ehtiyacları yuxu, yemək və cinsi əlaqə ilə məhdudlaşan kiçik beyinli heyvanların pul münasibətləri ideyasını mənimsəyə bildikləri ortaya çıxıb. Zooloqların ən axmaq primatlardan biri hesab etdiyi kapuçinlər "sınaq subyektləri" seçilib. Alimlərdən birinin dediyi kimi, onlar həqiqətən də bütün günü zefir yemək üçün gəlib-gedirlər ki, bu da gəzən mədələr təəssüratı yaradır...

Beləliklə, eksperimentin həyata keçirilməsi üçün elm adamları kapuçinlərin saxlandığı sahədə  "iş" və "universal ekvivalent" - pul təqdim ediblər. İş kapuçinlərin 8 kiloqram ağırlığındakı dəstəyi basmasından ibarət olub. Bu, belə meymunlar üçün çox da xoş iş deyil. Ancaq məsələ ondadır ki, hər dəfə onlardan biri dəstəyi basdıqda ona üzüm salxımı verilirdi. Tezliklə primatlar "təkan-mükafat" modelini mənimsədilər.  Meymunlar üzümü necə "qazanacaqlarını" başa düşdükdən sonra elm adamları təcrübəni çətinləşdirməyə qərar verdilər. Onlar sistemə meymunların işi ilə mükafatlar arasında ara həlqəni – jetonları daxil etdilər. İndi üzüm əvəzinə kapuçinlər müxtəlif rəngli jetonlar almağa başladılar: ağ, mavi və qırmızı. Ağ jetona görə meymun tədqiqatçılardan bir salxım üzüm, mavi üçün iki salxım üzüm, qırmızı üçün qazlı su və s. "satın ala" bilərdilər. Və qəribədir ki, meymunlar bu qaydaları öyrənən kimi cəmiyyətləri insanlarınkı kimi təbəqələşdi. Onların arasında həm işgüzarlar, həm tənbəllər, həm də başqalarının jetonlarını oğurlayan quldurlar,  eləcə də  yığımcıllar meydana çıxdı. Alimlərin  dediyinə görə,  meymunlardan biri 8 kiloqramlıq dəstəyi 185 dəfə basıb!..

Üstəlik, meymunların xarakterləri də dəyişib. Onlar xəsis, qəddar, mallarını müdafiə etməkdə qəzəbli, jeton qazanmaqda şübhəli, etibarsız və tamahkar oldular. Lakin Yel alimlərinin marağı və elmi səyləri bununla da bitmədi. Onlar meymun cəmiyyətində "dövriyyə"yə yeni pul buraxdılar - ortasında deşik olan gümüş disklər... Meymunların həmin pulların qarşılığında meyvə ala biləcəklərini başa düşmələri bir neçə həftə çəkdi. Əvvəlcə alimlər turş alma və üzüm üçün vahid qiymət təyin etdilər. Məlum oldu ki, meymunların heç biri alma almayıb, amma üzüm ehtiyatı göz önündə tükənib. Lakin elm adamları üzümün qiymətini iki dəfə artırdıqda, kapuçinlər bütün pullarını turş almalara xərcləməyə qərar veriblər. Bəzən özlərinə üzüm də almağı rəva görürdülər. Beləliklə, meymunlar dözməyi və qənaət etməyi öyrəndilər...

Bir dəfə inanılmaz hadisə baş verdi: meymunlardan biri alimlərin gümüş sikkələri harada saxladığını biləndə xəzinəyə soxuldu, oradan bütün pulları götürdü və insanlarla çarpışmaqla aradan çıxaraq yenidən qəfəsə qayıtdı. Bu, ilk "meymun soyğunçuğu" idi. Çox vaxt keçmədi ki,  heyvanların arasında saxta pul sikkəsi düzəldənlər də peyda oldu. Bir gün meymunlardan biri elm adamlarından yemək almaq üçün ortası deşilmiş  bir dilim xiyardan istifadə etməyə çalışdı...

Alimlər üçün ən gözlənilməz hadisə kapuçinlər arasında meydana çıxan “pulla sevgi” fenomeni oldu. Tədqiqatçılar erkək meymunun öz sikkəsini dişiyə verdiyini müşahidə etdilər və qərara gəldilər ki, o, bu yolla dişi meymuna öz sevgisini bildirmək istəyir. Amma ... Dişi kapuçin bir sikkə götürdü, "pərəstişkarı" ilə cinsi əlaqəyə girdi və sonra həmin sikkə ilə  qəfəsin yanındakı pəncərədə növbə çəkən alimlərdən bir salxım üzüm aldı..  

Alimlər, nəhayət, dissertasiyalarını müdafiə etdilər və bizə düşünmək üçün əsas verdilər.. Belə görünür ki, ağıl və ya bioloqların dediyi kimi, təkamül nərdivanında biz insanlar primat-meymunlardan qat-qat yüksək pillədəyik. Ancaq təcrübədən də göründüyü kimi, davranışlarımızda və dünyəvi asılılığımızda çox vaxt onlardan çox da uzaqlaşmırıq...

Allah Rəsulu Məhəmməd əleyhissəlam (Allahın ona salavat və salamı olsun) buyurur:

“Allaha and olsun, mən sizin üçün yoxsulluqdan deyil, sizdən əvvəl yaşamışlar kimi,  dünyanın bütün nemətlərinə sahib olmanızdan qorxuram. Onlar kimi  siz də bir-birinizlə yarışmağa başlayacaqsınız və bu da onları məhv etdiyi kimi sizi də məhv edəcək!.."

...Pul özlüyündə “neytral”dır, amm o, bizim mahiyyətimizi, daxili dünyamızı əks etdirən güzgülərdən, sadəcə, biridir. Biz onda özünü kağız parçalarının hakimiyyətinə verən və bununla da Cəhənnəmi pulla satın alan bir insanı və ya onunla ağlabatan şəkildə davranan və bununla da Cənnətə can atan bir insanı görə bilərik. Yəqin ki, cavab hər birimizin özündən gözlənilir...”

Oxunma sayı 58