Putin əslində Rusiyanın siyasətini etiraf etdi - Elçin Alıoğlu

11:38 14.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi şərhçi Elçin Alıoğlu ilə budəfəki söhbətimizdə Rusiya Prezidenti Vladimir Putinin Vladivostokdakı iqtisadi forumda Qarabağ haqqındakı çıxışı ilə Ermənistan və Azərbaycana vermək istədiyi mesajlar,  Rusiya-Ermənistan münasibətlərinin xeyli gərginləşdiyi, Putinin də öz çoxbaşlı mesajlarını verdiyi mövcud geo-siyasi durumda İrəvanda hazırkı baş nazir Nikol Paşinyanın revanşistlər tərəfindən devrilməsi ehtimalı,  belə bir vəziyyətdə Azərbaycanla Ermənistan arasında genişmiqyaslı savaş və ya Qarabağın dağlıq hissəsində antiterror əməliyyatının mümkünlüyü və s. haqda danışdıq.

- Putinin Uzaq Şərqdəki iqtisadi forumda son çıxışında Ermənistan və Azərbaycana verdiyi mesajların yaxın və uzaq hədəfləri hansılardır?

- Bu çıxış ölkəmizin ekspertləri və bəzi siyasi şərhçilər tərəfindən belə təqdim olunur ki, guya Putin Azərbaycanı dəstəklədi, erməniləri pərişan etdi... Əslində belə deyil. Vladimir Putin Şərq iqtisadi forumundakı çıxışında bir daha sübut etdi ki, Rusiya neoimperialist, şovinist və ərazilərinin güc hesabına və beynəlxalq hüquqa riayət etmədən genişləndirilməsi taktikasını  dəyişməyib, o strategiyaya sadiq qalıb. Putinin həmin çıxışında yalnız bir sitatı nümunə gətirəcəm. O bildirir ki, mən dəfələrlə Ermənistan rəhbərliyinə təklif etdim ki, Dağlıq Qarabağ ətrafındakı Ermənistanın nəzarətində olan 5 rayon Azərbaycana qaytarılsın, Kəlbəcər və Laçın rayonları isə qalsın, status məsələsini sonra müzakirə edəcəyik. Bu nə deməkdir?  Bu o deməkdir ki, birincisi, Putin Ermənistanın işğal etdiyi əraziləri “nəzarət edilən ərazilər” kimi qələmə verir. İkincisi, Rusiya hansı ixtiyarla, nəyə əsaslanaraq, beynəlxalq hüququn hansı müddəasını əsas götürərək müstəqil, suveren Azərbaycan Respublikasının ərazisini siyasi alver predmeti kimi ortaya qoyur. Rusiya Federasiyasının nə ixtiyarı var ki, Azərbaycan Respublikası ərazisini ovaxtkı işğalçı, aqressiv Ermənistanla siyasi alver, mübadilə vasitəsinə çevirir. Üçüncüsü, Putin açıq şəkildə Ermənistana mesaj verdi ki, Paşinyan Qarabağın dağlıq hissəsini Azərbaycan ərazisi kimi tanıdığı halda mən artıq nə edə bilərəm. Yəni bu, o deməkdir ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, Putin separatçıları daha da aktiv şəkildə dəstəkləməyə davam edəcəkdi və Ermənistanın aqressiv ritorikasına daha ciddi dəstək verəcəkdi. Sonda, Rusiya lideri bildirir ki, bu işlərin günahkarı Paşinyandır. Yəni erməni cəmiyyətinə açıq mesaj verir ki, siz Paşinyanı devirin, onda görün, mən sizi necə dəstəkləyirəm, Qarabağdakı erməniləri bundan sonra öz yardımlarımla necə daha da aktivləşdirirəm. Bu məsələlər çox təhlükəli məsələlərdir. Putinin son çıxışı fonunda tamamilə ritorik olmayan iki sual üzərində  düşünmək lazımdır. Bu  suallardan birincisi odur ki, rəsmi Moskva Ermənistan cəmiyyətinə orada hakimiyyət dəyişsə, İrəvanı yenidən dəstəkləyəcəyi mesajını verirmi, yoxsa vermir. İkincisi, Rusiya rəhbərinin hazırkı mövqeyindən belə nəticəyə gəlmək olarmı ki,  Qarabağın dağlıq ərazisini Azərbaycanın bir hissəsi kimi tanınmasına razılıq verən Paşinyan revanşistlər tərəfindən hakimiyyətdən uzaqlaşdırılsa,  Moskva doğrudan da dəyişəcək və Ermənistanı yenidən dəstəkləməyə başlayacaq. Bu təhlükəli ritorikanın kökündə nə dayanır?  Bu mənada Putinin bəhs edilən çıxışından sonra Kremlin Ermənistana qarşı aqressivləşməsini biz Azərbaycanın diplomatik uğuru sayırıqsa, həddindən çox yanılırıq. Putin Vladivostokda əslində Rusiyanın yürütdüyü siyasəti etiraf etdi. Bu bir etiraf idi...

- Həm də bu dəfə 2020-ci ilin 44 günlük savaşı dönəmində və ondan sonra dediyi kimi, keçmiş Dağlıq Qarabağ ərazisinin Azərbaycanın hüquqi ərazisi olduğunu vurğulamadı?

- Təbii ki,  Rusiya rəhbərinin dediklərindən bu aydın görünür. Bu barədə təkrar danışmağa ehtiyac duyulmur, zənnimcə...

- Rusiya-Ermənistan münasibətlərinin xeyli gərginləşdiyi, Putinin də öz çoxbaşlı mesajlarını verdiyi mövcud geo-siyasi durumda İrəvanda hazırkı baş nazir Nikol Paşinyanın revanşistlər tərəfindən devrilməsi ehtimalı nə qədərdir?

-  Paşinyanın devrilməsi ehtimalı çox azdır, həddindən artıq azdır. Ermənistan mediasında və sosial şəbəkələrdə bu ölkədəki durumla bağlı fikirlər Ermənistan cəmiyyətində hökm sürən real fikirlərdən çox fərqlənir. Sözsüz ki, Ermənistanda həm Qərb, həm də Rusiyameyilli düşərgələnmələr var. Bu düşərgələnmələr arasındakı qarşıdurma da getdikcə artır. Rusiya Xankəndidəki separatçı rejimə stavka edir. Rusiya keçmiş Dağlıq Qarabağın bir hissəsində Paşinyanın aləti olan Araik Arutyunyanı faktiki olaraq devirib. Əvəzində Rusiya emissarı Ruben Vardanyanın maliyyə dəstəyi verdiyi, Ermənistanın sabiq prezidentləri Serj Sərksiyan və Robert Köçəryanın siyasi dəstək verdiyi, yerdə - Xankəndidə təşkilati dəstəklə məşğul olan sabiq xunta rəhbərləri Arkadi Qukasyan və Bako Saakyanın fəallığına əsaslanıb Samvel Şahramanyanı “hakimiyyət”ə gətirməklə bir sistem qurmaq istəyir. Rusiya artıq Ermənistana stavka etmir, Qarabağdakı ermənilər vasitəsilə Ermənistandakı siyasi prosesləri idarə etməyə çalışır. Yəni Qarabağ klanını yenidən İrəvanda hakimiyyətə gətirməyə cəhd göstərir...

- Ermənistan-Azərbaycan sərhədində iki aya yaxındır ki, ermənilərin və fransızların 20-dən çox himanitar yardım TIR-ı, Əsgəran qapısında isə Azərbaycanın iki yardım TIR-ı gözlədiyi halda Rusiyanın bircə yardım TIR-ı gəlib Ağdam-Xankəndi yoluyla  Qarabağın ermənilər məskunlaşdırılmış hissəsinə daxil oldu. Bununla nə demək istəyir Moskva? Demək istəyir ki, Azərbaycanın bu ərazisində hakim mənəm, və heç bir xarici dövlət buraya nüfuz edə bilməz,  yalnız mən Xankəndinə, Xocalıya, Əsgərana, Ağdərəyə və s. sərbəst girib-çıxa bilərəm?

- Yox... Rusiya sadəcə olaraq,  bu ölkənin hakimiyyətinin strukturları tərəfindən idarə olunan Rusiya Qızıl Xaç Komitəsi vasitəsilə Qarabağdakı ermənilərə humanitar yardım göndərməklə iki məqsəd güdür. Birincisi, Qarabağ ətrafındakı və Azərbaycanla Ermənistan arasındakı nizamlama prosesinə xarici oyunçuların cəlb olunmasının o qədər də effektiv olmadığını göstərmək istəyir. İkincisi isə Azərbaycana mesaj verir ki, əgər rəsmi Bakı Qarabağdakı ermənilərin reinteqrasiyası prosesini aktivləşdirmək istəyirsə və ümumiyyətlə, bu prosesə başlamaq niyyətindədirsə, - Bakı isə bu niyyətdədir, - bu proses Rusiyasız baş tutmaz. Yəni Vaşinqton, Brüssel uzaqdadır, Moskva yaxındadır. Və bununla yanaşı, bizə növbəti mesenc verir ki, sən demə, Qarabağ probleminin açarı Moskvada imiş...  Əslində isə belə deyil. Düzdür, Rusiya hələlik geosiyasi baxımdan böyük dövlətdir. İndi isə çox zəifləyib və zəiflədiyinə görə də indi bu konvulsiyalar, bu dartınmalar, bu özünü göstərmək çırpıntıları yalnız və yalnız Cənubi Qafqazı tərk etməmək cəhdi ilə bağlıdır. Bu baxımdan Əsgəranda Azərbaycan karvanının Ağdam-Xankəndi yolu ilə qarşısını kəsənlər də bunu Moskvanın göstərişi ilə edir. Araik Arutyunyanı devirən də Rusiya idi. Azərbaycana qarşı gərginliyin, eskalasiyanın artırılmasında da Rusiyanın əli var. Kreml, sadəcə, prosesləri idarə olunan xaos prinsipi ilə idarə etməyə çalışır. Burada ciddi bir müvəffəqiyyət əldə edə bilməyəcək. Bəli, Qərbin Azərbaycana təzyiqləri çox güclüdür.  Rusiya bu şəraitdən istifadə edərək özünü guya Azərbaycanın yanındadır kimi göstərməyə çalışır. Biz kimin kim olduğunu çox yaxşı bildiyimizə görə bizi belə primitiv ssenarilərlə aldatmaq mümkün deyil...

- Belə bir durumda Azərbaycanla Ermənistan arasında genişmiqyaslı savaş ehtimalı nə qədərdir?

- Ermənistanla savaş ehtimalı qətiyyən yoxdur. Nə genişmiqyaslı, nə kiçikmiqyaslı... Uzaqbaşı, hazırda Rusiya “sülhməramlı” kontingentinin nəzarət arealında olan ərazilərdəki erməni dəstələrinə qarşı kiçik, lokal antikriminal və antiterror əməliyyatları həyata keçirilə bilər. Bu zaman düşmənin zirehli texnikaları, istehkamları, kazarmaları dəqiq atəş zərbələri ilə məhv ediləcək. Sonra da həmin adamlar özləri tərk-silah olub təslim olmaq məcburiyyətində qalacaqlar. Təminat, təchizat və hərbi əməliyyatı aparmaq vasitələrini itirəcəklər. Bundan sonra isə “Kalaşnikov” avtomatları ilə zirehli texnikaya qarşı mübarizə aparmaq intiharın ən ağır forması olacaq...

- Belə çıxır ki, Qarabağın dağlıq ərazisinin Rusiyanın nəzarətində olan hisssəsində antitteror əməliyyatı keçirilməsi ehtimalı çoxdur?

– Daxili Qoşunlar, Sərhəd Xidməti və Azərbaycan ordusunun kiçik, lokal bir hissəsinin iştirakıyla. antiterror əməliyyatı olacaq. Yəni orada böyük və genişmiqyaslı bir əməliyyata taktiki və operativ baxımdan ehtiyac yoxdur...

- Nəticəsi nə olacaq? Xocalını, Xankəndini, Əsgəranı, Ağdərəni və s. yurisdiksiyamıza qaytara biləcəyikmi?

- Nəticəni indidən proqnozlaşdırmaq çətindir. Bölgədə həddindən artıq çox oyunçular var, burada marağı olan dövlətlər çoxdur.  Bölgədə müxtəlif müstəvilərdə ciddi qarşıdurmalar var...

- Necə hesab edirsiniz, Rusiya “sülhməramlı”ları orada ola-ola Azərbaycan yalnız kiçikmiqyaslı, nöqtəvi antiterror əməliyyatı keçirməklə Xankəndini, Xocalını, Əsgəranı, Ağdərəni və s. öz yurisdiksiyası altına qaytara bilərmi? Yəni Rusiya buna “şərait” yaradarmı?

- Əslində, Rusiya “sülhməramlı”larının  bizə mane olmaq və ya  “şərait yaratmaq” kimi bir mandatı yoxdur. Ümumiyyətlə, onların yurisdiksiyası buna imkan vermir. Belə bir vasitələri yoxdur onların... Rusiya “sülhməramlı”ları sadəcə qarşı duran tərəflər arasında bir bufer zolağı yaradırlar. Onların nə silah tətbiq etməyə, nə hər hansı operativ əməliyyat tədbirləri həyata keçirməyə ixtiyarları belə yoxdur.  “Sülhməramlı”ların uzaqbaşı, müşahidə və müşayiət funksiyaları var.  Ən əsası, biz  Qarabağın dağlıq hissəsində hərbi əməliyyatlara başlayanda Rusiyadan nəsə soruşası deyilik.  Biz Rusiya Federasiyasının federal vahidi olmamaqla Moskvadan asılı deyilik. Biz kimsədən soruşmayacağıq ki, ərazi bütövlüyümüzü, suverenliyimizi və vətəndaşlarımızın təhlükəsizliyinin təminatı üçün hansısa addımlar atırıq. Bizim bütün addımlarımız beynəlxalq hüquq çərçivəsindədir...

- Belə bir versiya var ki, guya Rusiya özü Qarabağın dağlıq ərazisinin qalan hissəsinin də Azərbaycanın yurisdiksiyasına qaytarılmasına “şərait” yaratmaqda maraqlıdır. Ancaq bu şərtlə ki, onun “sülhməramlı” qoşunu nəinki 2025-ci ilədək, daha uzun müddətə Azərbaycanın Qarabağ torpağında qalsın...

- Bir daha deyirəm, Rusiyanın şərtləri, Rusiyanın nə istədiyi, onun nə dediyi bizə maraqlı deyil. Kreml çox şey istəyə bilər. Rusiyanın öz xarici siyasəti var, Azərbaycanın öz xarici siyasəti... Bizə Moskvanın istəkləri maraqlı deyil. Maraqlı olan vətəndaşlarımızın təhlükəsizliyi, sərhəd toxunulmazlığımız, separatizimin aradan qaldırılması və Qarabağdakı ermənilərin reinteqrasiyasıdır. Vəssalam !!! Bunları da edəcəyik. Kimsədən nə icazə, nə məsləhət almaq – belə şeylər olmayacaq...