Putinin növbəti dəfə prezident seçiləcək - Elxan Mehdiyev

13:30 21.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq məsələlər üzrə tədqiqatçı-alim Elxan Mehdiyevlə hafta.az üçün budəfəki söhbətdə 2024-cü ildə Amerika Konqresinin Ukraynaya yardım paketini təsdiqləyib-təsdiqləməyəcəyi, Rusiyada mart ayında keçiriləcək prezident seçkilərində Putinin “seçilməməsi” ehtimalları haqda danışdıq. Rusiya müdafiə naziri Sergey Şoyqunun “Rusiya “sülhməramlı”ları Qarabağda sülhün və təhlükəsizliyin qarantıdır” fikrinə münasibət bildirdi, İsrail-“HƏMAS” savaşının gələcəyi haqda proqnozlarını səsləndirdi və digər beynəlxalq və yerli məsələlərə toxundu.

-Elxan bəy, Finlandiyanın ABŞ-la müdafiə sahəsində əməkdaşlıq sazişi imzalaması və Pentaqon qoşunlarının Finlandiya-Rusiya sərhədinə yerləşdirilməsi Ukrayna savaşının gedişinə nə cür təsir göstərə bilər?

-Hesab edirəm ki, Finlandiyanın ABŞ-la müdafiə sahəsində əməkdaşlıq sazişi imzalaması Rusiya-Ukrayna savaşına önəmli təsir etməz. Çünki Finlandiya artıq NATO üzvü olmuş və ABŞ-nin orada hərbi qüvvələr yerləşdirməsi Alyans çərçivəsində normal haldır.  NATO-nun isə Rusiyaya hücum etmək və ya əksinə, ABŞ-nin Finlandiyadan Rusiyaya cəbhə açmaq planları da yoxdur. Finlandiyanın statusunun dəyişməsi Rusiyanın da buraya fərqli qüvvələr yerləşdirməsinə gətirib çıxaracaq...

-Necə düşünürsüz, 2024-cü ildə Amerika Konqresi Ukraynaya yardım paketini təsdiqləyəcəkmi?

- Konqres gec-tez bu paketi təsdiqləyəcək. Bu məsələ ABŞ-nin sərhəd təhlükəsizliyi məsələsi ilə eyni paketə qoyulduğundan sonucda mürəkkəb forma aldı. Amma həmin məsələnin ABŞ üçün də milli təhlükəsizlik məsələsi olduğunu qəbul etsək, komitə sədrlərinin hər zaman olduğu kimi sonucda kompromisə gələcəyini düşünürəm. Əks halda bu, sadəcə, Ukraynanı Rusiyaya təslim etmək olardı. ABŞ prezidenti bütün resursları yardım paketinin qəbul edilməsi üçün səfərbər etmişdir...

-Sizcə, Rusiyada mart ayında keçiriləcək prezident seçkilərində Putinin “seçilməməsi” ehtimalı, az da olsa, varmı?

- Ölkəyə, demək olar, 24 ildir ki, rəhbərlik edən Rusiyanın hazırkı prezidenti Vladimir Putinin “seçilməməsi” ehtimalı sıfıra bərabərdir. Çünki, Rusiyada, xüsusən son 3 onillikdə azad seçkilər keçirilmir. Ölkədəki çap mətbuatı, elektron media və telekanallar hakim zümrənin nəzarəti altındadır...

Putinin rəqibi, hazırda da həbsdə olan Aleksey Navalnının bu günə qədər üzləşdiyi dəhşətlər də hamıya məlumdur. Yəqin ki, Sovet hökümətini yaddan çıxarmayanlar üçün bu seçkilərin nədən ibarət olduğunu təsəvvür etmək çətin deyil...

-Bəs Rusiya ordusu prezident seçkilərinədək Putinin əmrinə uyğun olaraq Ukrayna cəbhəsində ciddi uğura nail ola biləcəkmi?

-Kremlin əsas diqqəti Rusiya ordusunun seçkilərə qədər fəaliyyəti üzərində cəmləşəcək. Putin höküməti çalışacaq ki, hər hansı görünən nailiyyətə, uğura nail olsun. Əvəzedilməz və qalib, müzəffər lider imici  seçkilərdə də onun əvəzolunmaz olduğunu göstərmək üçün vacibdir...

 Öncə haqqında bəhs etdiyimiz Ukraynaya yardım barədə  ABŞ-da gedən mübahisəli müzakirələr də Putinə əlavə psixoloji üstünlük verir və o, bu məqamdan da istifadə etməyə çalışacaq. Amma Putin yenidən prezidentliyini uzatsa da, bundan daha çox Rusiya əziyyət çəkəcək. Çünki Rusiyanın beynəlxalq izolyasiyası daha da dərinləşəcək...

-Rusiya müdafiə naziri Sergey Şoyqu deyir ki, “Rusiya “sülhməramlı”ları Qarabağda sülhün və təhlükəsizliyin qarantıdır”. Sizcə, Azərbaycan 2025-ci ildə “sülhməramlı”ların öz suveren ərazisindən çıxmasına nail ola biləcəkmi?

-Rusiya “sülhməramlı”larının Qarabağdan çıxması məsələsi artıq ikitərəfli müstəviyə keçib. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyənata görə onların gələcəyi üçtərəfli müstəvidə idi və Ermənistan da tərəf idi. Sonralar, əsasən 2021-ci ildə Rusiya bu qüvvələrin yeni mandat almasına və Qarabağın yerli qondarma erməni hakimiyyətinin də “sülhməramlı”ların gələcəyi ilə bağlı söz sahibi olmasına çalışırdı. Buna isə Azərbaycan etiraz edirdi. Düşünürəm ki, bu amilə görə onların mandat layihəsi də keçmədi. Hazırda ortada Azərbaycan və Rusiya qalıb. İndiki zamanda isə Rusiya hərbçilərinin orada qalmasına, sadəcə, heç bir ehtiyac yoxdur. Çünki artıq 10 noyabr 2020-ci il bəyanatı “yırtılmışdır” və onun maddələri real olaraq işləmir. Ancaq işləməsə də, bu bəyanatın hələ də qüvvədə olduğunu qəbul etmək bizim maraqlarımıza xidmət edir.  Ona görə ki, Azərbaycan və Ermənistan arasında qüvvədə olan başqa sənəd yoxdur. Və Rusiya qüvvələrinin də  Azərbaycanın suveren ərazisində 2025-ci ilə qədər, yəni bundan sonra hələ 2 il də qalması sual doğuran məsələ olsa da, biz onların indi, dərhal getməsini istəməməli və bu müddət ərzində Qarabağda 30 ildən çox müddətdə məcburi köçkün həyatı yaşayan azərbaycanlı  əhalini yerləşdirməyə çalışmalıyıq. Rusiyanın “sülhməramlı” sayılan qüvvələrinin heç bir funksiyası olmadığı halda orada daha  2 il də qalması, onları əhəmiyyətsiz edəcək və 2025-ci ilə qədər də özlərinin sakitcə çıxıb getməsinə əsas hazırlayacaq. Yox, əgər bu müddət 2025-ci ildən sonraya da uzanacaqsa, o zaman onların statusu və mandatı dəyişmiş olacaq. Yəni bu, Rusiya hərbi kontingentinin artıq Azərbaycan ərazisində hərbi baza statusuna keçməsi kimi anlaşılacaq. Və təbii ki, o zaman Azərbaycanın da statusu dəyişəcək... Bunu Azərbaycanda kim istəyər ki? Belə hal qəbuledilməzdir...

- Necə hesab edirsiz, Rusiya “sülhməramlı”ların Azərbaycan ərazisindəki mövcudluğunu uzatmağa daha tutarlı “əsas” yaratmaq üçün Qarabağdan köçmüş ermənilərin azı 10-15 min nəfərinin geri qayıtması üçün hansısa gizli-açıq işlər aparırmı?

-Erməni mənbələrindən aldığımız məlumatlara görə, ermənilərin qayıtması ilə bağlı Azərbaycan və Ermənistan arasında müzakirələr gedir. Təbii ki, ermənilərin qayıtdığı zaman, Rusiya 10 noyabr 2020-ci il bəyanatının “sülhməramlı”lar üçün nəzərdə tutulan maddələrinin işə salınmasına çalışacaqdır. Lakin indi yeni, başqa bir şəraitdir. Onlar geri gəldiyi zamanda da Rusiya qüvvələrinin rolu süni və ya rəmzi olacaqdır. Çünki Azərbaycan ermənilərə öz vətəndaşı kimi baxacaq və yerli idarəetmə də Azərbaycan hakimiyyətinin əlində olacaq. Bu baxımdan başqa qüvvələrin roluna heç bir ehtiyac qalmayacaq. Və artıq 2025-dən sonra Rusiya hərbi kontingentinin Qarabağda qalması yuxarıda deyilən statusa gətirib çıxaracaq...

-Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan “HƏMAS” və “Əl-Fəth” liderlərinin öz kabinetində görüşünü təşkil edib. Sizcə, bununla Fələstində birliyin yaranmasına nail olunacaqmı?

-Hesab edirəm ki, yox. Bu, çox mürəkkəb məsələdir. Fələstinin iç siyasəti daxili çəkişmələrlə doludur. Türkiyənin onları barışdıra biləcəyini təsəvvür etmirəm. “HƏMAS” izolyasiyada olduğundan Türkiyəyə rəğbət bəsləyən kimi görünsə də, Mahmud Abbas, o cümlədən “Əl-Fəth” tərəfdarları məsələyə heç də bu cür yanaşmırlar. Şəxsən tanış olduğum “Əl-Fəth” liderlərinin Türkiyə ilə münasibətləri də bunu deməyə əsas verir. Onlar Misir, İordaniya və ABŞ-la yaxındırlar...

İkincisi, Mahmud Abbasın özü 10 ildir seçimsiz halda orada oturub və nüfuzu da yoxdur. Üçüncüsü, Türkiyə ərəb ölkəsi deyil və bu ərazidə söz sahibi Misir və İordaniyadır. Onlar kənarda qalırsa, Türkiyənin xoşməramlı addımları da təxribatla pozulacaq. Türkiyənin bölgədə müsbət rolunu heç İsrail də istəmir. Çünki indi Türkiyə ilə İsrail arasında bir inamsızlıq hökm sürür. Məsələnin ən önəmli tərəfi, məncə, elə budur. Digər tərəfdən, onların birləşməsi uzun vədədə İsrailin də maraqlarına uyğun deyil. Yadda saxlamaq lazımdır ki, artıq 50 ildir burada əsas rolu ABŞ oynayır və Türkiyənin bu işə qarışması Türkiyə üçün arzuolunan nəticələrə gətirməz. Bu iş böyük maliyyə tələb edir. Türkiyənin iqtisadi durumu Fələstinə qarantorluq etməyə və ona geniş maliyyə yardımı göstərməyə imkan vermir...

- “HƏMAS”-ın terror təşkilatı olmaması fikrinə münasibətiniz necədir?

-Bu fikrə münasibətim mənfidir. Əgər “HƏMAS” qüvvələri bir gecə içində evində yaşayan, müsiqi festivalında şənlənən 1200-ə qədər yerli əhalini qəddarlıqla öldürürsə, bu, terror deyil bes nədir? Bizim 30 ildir Xocalı yarası ilə ürəyimiz dağlanır. Xocalıda bir gecədə 763 nəfər öldürüldü, İsraildə də 1200... Özünüz baxın. “HƏMAS” yarandığı ilk vaxtlar xidmət təşkilatı kimi fəaliyyət göstərirdi, sonralar siyasi və hərbi qanadları yarandı və qarşılıqlı qəddarlıqlar hərbi qanadın üstünlük təşkil etməsinə gətirdi. İndi “HƏMAS” lideri Yahya Sinvar heç siyasi qanadla da hesablaşmır və sərbəst hərəkət edir. O, bütün bu işlərə də özü rəhbərlik edib və edir. Onun statusu indi tam fərqlidir...

-Ümumiyyətlə, “HƏMAS”-İsrail savaşının sonunu necə görürsüz?

-“HƏMAS”-ın hərbi qanadı çolaq halına salınacaq və onun əvvəlki kimi hərəkət etməsi mümkün olmayacaq. Hərbi infrastrukturu dağıdılıcaq. Hər şey Qəzzada yaradılacaq mülki hakimiyyət və ya idarəçilikdən asılı olacaq. İsrail də bundan asılı olaraq hərəkət edəcək. Çox güman ki, yaxın gələcək üçün bölgədə xüsusi təhlükəsizlik statusunu öz əlində saxlayacaq...

-Bəs əgər “Hizbullah” da genişmiqyaslı şəkildə İsrailə qarşı savaşa qoşularsa, nələr baş verər?

-“Hizbullah”ın bu hərəkata qoşulması ehtimalı indi minimumdadır. Onlara Livan mərkəzi hökümətindən də böyük basqı vardır. İkincisi, “Hizbullah” əgər döyüşlərin qızğın vaxtında bu işə qoşulmadısa indi bunu etməsi heç ağlabatan deyil. Üçüncüsü, burada çox sayda amillər var. “Hizbullah” və “HƏMAS” heç də vahid qüvvə deyil və bir biri ilə, eləcə də onların sponsorları arasında geniş fikir ayrılıqları və münaqişələr var. Dördüncüsü, onlar müdaxilə edərsə, yalnız İsrail ilə deyil, Aralıq dənizində gözləyən ABŞ və Böyük Britaniya qüvvələrinin bombardımanları ilə də üzləşəcək...

- “Planetimizin taleyini ABŞ-Çin münasibətlərinin və ya mübarizəsinin gələcəyi müəyyən edəcək” fikri ilə razısınızmı?

-Bu dövlətlər arasındakı münasibətlər dünyada sülhün və iqtisadi inkişafın mühüm elementlərini əhatə edir. Amma hazırda, bildiyiniz kimi, dünyanın əksər ölkələrində sürətli texnoloji və iqtisadi inkişaf gedir. Bütün bunları topladıqda dünya heç də iki kişinin əlində deyil...