Putinlə Paşinyan arasında heç bir oyun-filan yoxdur – Rəy

18:54 26.09.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya ilə işbirliyində olması, Qərbin resurslarından istifadə etməsi haqda deyilənlər daha çox konspiroloji nəzəriyyələrə bənzəyir. Yəni Qərb bu dərəcədə sadəlöhvdür, bu qədər avamdır ki, hansısa Paşinyan onu belə yola versin, ondan sui-istifadə etsin? Bu, tamamilə qeyri-mümkün olan bir şeydir. Mən düşünürəm ki, Qərb Paşinyanla kifayət qədər intensiv əməkdaşlıq edir və hətta onu qoruyur da. Biz Rusiya tərəfindən dəfələrlə Paşinyanın devrilməsi, hakimiyyətdən uzaqlaşdırılması istiqamətində cəhdlər göstərilməsini, amma bunun baş tutmadığını görmüşük.  Təbii ki, həmin o konspiroloji baxışları ortalığa atanlar bunu da bir oyun kimi təqdim edə bilərlər. Amma Putinlə Paşinyan arasında heç bir oyun-filan yoxdur, sadəcə, Rusiyanın gücü bura qədərdir”.

Bunu hafta.az-a açıqlamasında  “Ermənistanın Rusiyadan, KTMT-dən uzaqlaşma cəhdlərinin əslində bir imitasiya,  Paşinyanla Putin arasında razılaşdırılmış oyun olması kimi versiyalar səsləndirənlər var. Siz necə düşünürsüz?”  sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib:

“Gerçəklik odur ki, Paşinyan xalqının çoxluq təşkil edən bir hissəsinin dəstəyinə malikdir. O, kifayət qədər ağıllı siyasət yürüdür. Bunu etiraf etmək lazımdır. Bunu etiraf edə bilmiriksə, deməli, biz rəqibi düzgün qiymətləndirmirik.  Səbəb budur. Yəni bir daha deyirəm ki, mən Qərbi bu qədər avam, bu dərəcədə korafəhm saymıram ki, onlar Rusiyanın Paşinyanla qurmuş oyununda bir alətə çevrilsinlər. Bu qətiyyən mümkün deyil”, -deyə davamında analitik vurğulayıb.  

“Hətta nəzəri, hipotetik baxımdan Paşinyan Rusiya ilə bir balanslı münasibət saxlasa belə, - Qərbin siyasətində bir praqmatik yanaşma var, - Paşinyanla münasibətləri o da davam etdirəcək. Çünki bu cür yanaşma son nəticədə Qərbin bölgədəki mövqelərinin möhkəmlənməsinə xidmət edir.  Söhbət axı yalnız kimlərinsə gəlib Paşinyanla rəsmi görüşlər keçirməsindən, Ermənistana müəyyən maliyyə, hərbi yardımlar göstərməsindən getmir. Söhbət çox geniş, çox əhatəli bir fəaliyyətdən gedir ki, bu da Qərbin Ermənistan və ümumiyyətlə, Cənubi Qafqaz siyasətinin tərkib hissələridir. Orada kəşfiyyat fəaliyyəti də var, orada digər yumşaq güc faktorunun da rolu var. Söhbət vətəndaş cəmiyyəti institutlarıyla, media ilə bağlı fəaliyyətdən gedir ki, bunlar da hamısı bir uzun vədəli nəticəyə hesablanmış siyasətdir. Bütün hallarda mən düşünmürəm ki, Paşinyanın Rusiya ilə bu cür oyunu mövcuddur”, -deyə ekspert vurğulayıb.